Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:23

ABŞ Huawei və başqa Çin şirkətlərinə səfər qadağanı qoyur


Mike Pompeo
Mike Pompeo

Birləşmiş Ştatlar bildirir ki, Pekinin Sintzyan regionunda və dünyanın başqa yerlərində insan haqlarını pozması ilə bağlı Çinin texnologiya nəhəngi Huawei və başqa şirkətlərinə səfər qadağanı qoyur.

İyulun 15-də verdiyi bəyanatda dövlət katibi Mike Pompeo Huawei şirkətini “Çin Kommunist Partiyasının siyasi dissidentləri izləməsi üçün alət” adlandırıb.

Dövlət katibi bildirib ki, bu, həm də bilavasitə Çinin Sintzyan vilayətində kütləvi konsentrasiya düşərgələrinin yaradılmasına da aid edilə bilər.

Pompeo ayrıca olaraq vurğulayıb ki, “dünya boyunca insan haqlarını pozan rejimlərə maddi-texniki dəstək” verdiyi məlum olan Huawei əməkdaşlarına sanksiyalar tətbiq olunacaq.

Bu sanksiyaların Huawei şirkətinin neçə işçisini hədəfləyəcəyi məlum deyil.

Britaniya da Huawei-dən imtina edəcək

Pompeo bütün dünyanın telekommunikasiya şirkətlərinə xəbərdarlıq edib: Əgər onlar Huawei şirkəti ilə biznes birliyinə daxil olurlarsa, deməli, insan haqlarını tapdalayanlarla işbirliyinə girirlər.

Prezident Donald Trump-ın administrasiyası xarici hökumətləri öz təkmil kommunikasiya sistemlərini Huawei şirkətinə açmamağa çağırır.

Trump bildirir ki, bu, Pekinə casusluq və potensial olaraq o ölkələrə kiberhücum etmək imkanı verir.

İyulun 14-də Britaniya hökuməti bildirib ki, Huawei şirkətinin avadanlığı 2027-ci ilədək Britaniyanın 5G şəbəkəsindən tamamilə çıxarılmalıdır.

London qeyd edir ki, bu avadanlıq milli təhlükəsizliyə hədə təşkil edir.

Huawei Pekin üçün casusluq etdiyi barədə iddiaları qəbul etmir və bildirir ki, Vaşinqtonun məqsədi onun inkişafını əngəlləməkdir.

“Dəhşətli və sistematik insan haqları pozuntuları”

Hələ Pompeonun bu bəyanatından əvvəl ABŞ Sintzyan regionunda 1 milyonadək uyğurun və başqa müsəlman azlıqların hüquqlarının pozulması ilə bağlı Pekinin üzərinə təzyiqlərini artırmağa başlamışdı.

ABŞ Çini həmin regionda etnik azlıqların nümayəndələrini kütləvi şəkildə konsentrasiya düşərgələrində yerləşdirməkdə ittiham edir.

Çin isə iddia edir ki, onun düşərgələri separtçı terrorizm və ekstremizmlə mübarizəyə xidmət edir və “təkrar tərbiyələndirmə” mahiyyəti daşıyır.

Vaşinqton iyulun 9-da Sintzyanda “dəhşətli və sistematik insan haqları pozuntularına” görə Çinin vəzifəli rəsmilərinə sanksiyalar elan edib.

XS
SM
MD
LG