Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:07

Avropa İttifaqının planında Kiyevə uzunmüddətli yardım öhdəliyi var


Almaniya kansleri Olaf Şolts Oldenburq yaxınlığında Ukrayna hərbçilərinin təlim keçdikləri Putlos poliqonunda (Arxiv fotosu)
Almaniya kansleri Olaf Şolts Oldenburq yaxınlığında Ukrayna hərbçilərinin təlim keçdikləri Putlos poliqonunda (Arxiv fotosu)

Bloomberg agentliyi Avropa İttifaqının Ukraynanın təhlükəsizliyi sahəsində öhdəliklərinin təfərrüatlarını dərc edib.

Söhbət Avropa Komissiyasının Avropa İttifaqının dekabr ayında keçiriləcək sammitində müzakirəsi planlaşdırılan qərar layihəsindən gedir.

Bu sənədə Ukraynaya uzunmüddətli hərbi dəstəyin, Ukrayna hərbçilərinin təlimi və ölkənin müdafiə sənayesinin inkişaf etdirilməsində köməyin, hibrid təhlükələr və dezinformasiya ilə mübarizənin, kəşfiyyat və peyk məlumatlarının Kiyevlə mübadiləsinin, Ukraynaya enerji dəstəyinin və onun nüvə təhlükəsizliyinin təmin edilməsinin mexanizmi daxildir.

Öhdəliklərə habelə Ukraynaya Avropa İttifaqına üzvlük üçün lazım olan islahatların həyata keçirilməsində dəstək nəzərdə tutulub.

Kiyevin öhdəlikləri

Öz növbəsində Ukrayna bir sıra islahatların həyata keçirilməsinə, demokratiyaya, insan haqlarına və söz azadlığına sadiqliyinin təsdiqinə dair öhdəlik götürəcək.

Sənədə görə Kiyev iqtisadiyyatını davamlı inkişaf yoluna çıxarmalı, ordu üzərində demokratik nəzarəti təmin etməlidir.

Sənəddə qeyd olunur ki, Ukraynaya silahlar əvvəllər də olduğu kimi Avropa Sülh Fondu vasitəsilə çatdırılacaq.

Bu mexanizm Avropa İttifaqı ölkələrinin Ukraynaya hərbi dəstəyi maliyyələşdirməsi üçün lazımdır.

Gözlənildiyinə görə Aİ üzv ölkələrinin səfirləri bu planı artıq bu həftə ərzində müzakirə etməlidirlər. Daha sonra Aİ liderləri sənədi dekabr sammitində müzakirə edəcəklər.

Ukraynanın təhlükəsizlyinə qarantiyalar

Ötən iyulda NATO-nun Vilnüsdə keçirilən sammitində G7 ölkələri Ukraynaya ikitərəfli əsasda təhlükəsizlik qarantiyalarının verilməsinə dair razılıq əldə etmişdilər.

Bu qarantiyalar Rusiyanın Ukraynaya mümkün gələcək təcavüzlərinin qarşısının alınmasını nəzərdə tutmalıdır.

Ötən avqustda Kiyev və Vaşinqton Ukraynanın təhlükəsizliyinə belə qarantiyalara dair danışıqlara başlayıblar.

Daha sonra bu danışıqlara London və Paris də qoşulmuşdular. Ukrayna tərəfi ümid etdiyini bildirirdi ki, ilk razılaşmalar bu ilin sonunadək əldə oluna bilər.

Bununla belə Avropa İttifaqının qarşıdan gələn dörd ildə Ukraynanın hərbi ehtiyaclarına 20 milyard avro xərcləmək planı bir sıra üzv ölkələrin mövqeyinə görə pozula bilər.

Bundan əvvəl Bloomberg agentliyinin mənbəyi bildirib ki, Aİ-nin Ukraynaya vəsaitlər ayırmasını Macarıstan bloklayır.

Belə bir şəraitdə Avropa İttifaqında Kiyevə gələn il üçün 5 milyard avro ayrılmasını və ona bu yardımın davam etdiriləcəyinə dair öhdəlik götürülməsini təklif ediblər.

XS
SM
MD
LG