Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:34

Aİ-nin Ukrayna və Moldovaya namizəd statusu verəcəyi gözlənir


Arxiv fotosu
Arxiv fotosu

“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”, – sənəd layihəsində vurğulanır

Avropa İttifaqının (Aİ) bu həftəyə gözlənən sammitinin yekun bəyannamə layihəsində Ukrayna və Moldovaya namizəd statusu təklif olunur. Sənədin layihəsini AzadAvropa/AzadlıqRadiosu da görüb.

“Avropa Şurası Ukraynaya və Moldova Respublikasına namizəd status verməyi qərara alıb”, – 21 iyun tarixli sənəddə deyilir. Sənəddə qeyd olunur ki, Tbilisi bəzi şərtləri yerinə yetirəndən sonra Gürcüstana da eyni status veriləcək.

“Bu ölkələrin və vətəndaşlarının gələcəyi Avropa İttifaqı daxilindədir”, – sənəd layihəsində vurğulanır.

Blokun 27 üzvünün hamısı qərarı dəstəkləməlidir, amma ona hər hansı müqavimətin olacağı real görünmür.

Sanksiyalar üzərində iş davam edir

Aİ daxilində bu qərarla “problemləri olan bircə ölkə belə yoxdur”, – Luksemburqdan Jan Asselborn iyunun 21-dı Aİ xarici işlər nazirlərinin görüşündən öncə deyib. Onun bir sıra həmkarları da toplantıda eyni fikirləri səsləndiriblər.

Bu qərar Kiyevin Rusiyanın səbəbsiz və əsassız müharibəsinə qarşı müqavimət göstərdiyi bir dönəmdə verilir. Fevralın 24-də başlanan müharibədə onminlərlə insan öldürülüb, nəhəng maddi ziyan dəyib.

Aİ liderlərinin iyunun 23-24-də Brüsseldə keçiriləcək görüşündə Rusiyaya əlavə sanksiyaların hazırlanması açıqlana bilər. Qızılın da sanksiya tətbiq olunan aktivlərə daxil edilməsi mümkündür.

Layihədə deyilir ki, sanksiyalar, o cümlədən onların icrasının möhkəmləndirilməsi və yayınmanın önlənməsi üzərində iş davam edəcək. Blokun Ukraynaya əlavə hərbi dəstək göstərməyə “güclü şəkildə sadiq qaldığı” vurğulanır.

Belarus

Aİ həmçinin belarusluların “yeni, azad və ədalətli seçkilər” hüququnun təmin olunması çağırışlarını vurğulayır, bu ölkənin hakimiyyətini “insan haqları, demokratiya, hüququn aliliyini təmin etməyə, repressiyalara son qoymağa və siyasi məhbusları azad etməyə” çağırır.

2020-ci ilin avqustunda avtoritar lider Alyaksandr Lukaşenkanın altıncı müddətə prezident seçildiyi elan ediləndən sonra hakimiyyət nümayişçilərə sərt divan tutub.

İnsan haqları və müxalifət fəalları seçkinin saxtalaşdırıldığını deyirlər. Qərb Lukaşenkanı legitim prezident kimi tanımayıb.

Belarusun müxalifət liderlərindən çoxu ya həbs olunub, ya da ölkədən getməyə məcbur qalıb. Lukaşenka müxalifətlə danışıqlardan imtina edib.

XS
SM
MD
LG