Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:08

Məhkəmə keçmiş generalı adi əsgər sayaraq 'yox' dedi


Akif Çovdarov
Akif Çovdarov

Uzun müddət Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov general pensiyası almaqdan ötrü 7 ildir məhkəmələrdə çəkişir.

Son dəfə bu məsələyə iyunun 13-də Bakı Apellyasiya Məhkəməsində baxılıb və ona rədd cavabı verilib.

Çovdarov haqqında çıxarılmış hökmdə onun 12 il azadlıqdan məhrum edilməsi ilə yanaşı, general-mayor rütbəsinin, orden və medallarının alınması, yaxınlarının adına olan 30 milyon manatı aşan dəyərdə əmlakın müsadirəsi nəzərdə tutulmuşdu.

General rütbəsi prezidentin sərəncamıyla verildiyindən, 12 mart 2020-ci il tarixli müvafiq sərəncamıyla Çovdarov həmin rütbədən, eləcə də bir sıra orden və medallardan məhrum edilib.

“Akif Çovdarov general-mayor ali hərbi rütbəsindən məhrum edilərək, əsgər rütbəsinə endirildiyindən, qanunvericiliyin tələblərinə görə, onun hərbi qulluqçu kimi pensiya almaq hüququ da qalmayıb” - məhkəmənin qərarında belə yazılıb.

Generalın kürəkəni ərizə yazdı və…

İş stajının 47 ildən çox olduğunu vurğulayan Çovdarov 2004-2015-ci illərdə MTN-də çalışıb.

2015-ci ilin noyabrında xidməti uyğunsuzluq üzündən ehtiyata buraxılaraq, həbs edilib.

Bu həbsdən sonra generalın kürəkəni onun təmsilçisi kimi DTX-ya ərizə yazaraq, milli təhlükəsizlik orqanlarından ehtiyata buraxılması ilə bağlı qohumuna ödənilməli birdəfəlik və işdənçıxarma müavinətinin verilməsini xahiş edib. Həmin vəsaitlər hesablanıb və ödənilib. O, Çovdarovun təqaüd məsələsinin də həllinə çalışıb.

MTN-in sabiq idarə rəisi məhkəməyə ərizəsində yazır ki, onun həbsindən bir müddət sonra təqaüd məsələsi tam həllini tapsa da, kürəkəni banka gedərək, pensiya kartını götürmək istəyəndə, belə bir sənədin gəlmədiyi üzə çıxıb. Araşdırma zamanı DTX-nın sənədləri geri istədiyi aydınlaşıb:

“Hansı səbəbdən belə bir addım atıldığını” soruşanda isə bildirilib ki, bu göstərişi şəxsən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev (həmin vaxt DTX-nın rəisi -red.) verib.

Ötən il məsələ yenidən qaldırılsa da…

Ardınca vəkil sorğu göndərərək, “Məlumat vərəqəsi”nin hansı qanuni əsaslarla Dövlət Sosial Müdafiə Fondundan geri tələb olunduğunu öyrənməyə çalışıb.

Akif Çovdarov ərizəsində göstərib ki, məhkəmələr üst-üstə neçə il onun pensiyaya dair şikayətinə heç baxmayıb.

Qərardad çıxarılıb ki, Bakı Hərbi Məhkəməsində onunla bağlı cinayət işi üzrə yekun hökm çıxarılanadək bu məsələ dayandırılsın.

Yuxarı instansiya məhkəmələri də həmin qərarı qüvvədə saxlayıb. Ötən il bu məsələ yenə qaldırılsa da, Bakı İnzibati Məhkəməsi iddianı rədd edib.

2015-ci ilin noyabrında həbs olunan Çovdarov 12 il həbs cəzası alsa da, 2020-ci ilin aprelində prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. Onun ailə üzvlərinə məxsus mal-mülkünün müsadirəsinə dair məhkəmə çəkişmələri hələ davam edir. Ötən ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi təxminən 30 milyonluq əmlakın qaytarılmasına qərar versə də, Ali Məhkəmə bu qərarı ləğv edərək, təkrar araşdırılması üçün yenidən apellyasiya instansiyasına qaytarıb.

XS
SM
MD
LG