Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:19

'MTN işi'ndə bu dəfə bankir danışdı


Texnikabank
Texnikabank

MTN generalı Akif Çovdarova 350 min verib azad edildiyini deyən keçmiş bankir məhkəmədə bu olayı danışıb.

Söhbət "Texnikabank"ın Səbail filialına rəhbərlik etmiş Elton Əliyevdən gedir. Bir müddət əvvəl özü də həbs olunan Elton Əliyev fevralın 8-də Akif Çovdarovun, eləcə də MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsində onun tabeliyində çalışmış Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsində zərərçəkmiş kimi dindirilib.

Buna da bax:​ Çovdarov: 'Prokurorluq oğlumdan rüşvət istəyib...'

Elton Əliyev istintaqa verdiyi ifadəni təsdiqlədiyini bildirib.

Atasına zəng etməsini tələb ediblər?

O, ifadəsində deyib ki, 2007-ci ilin sentyabrında MTN əməkdaşları onu "Texnikabank"ın baş ofisindən MTN-ə apararaq, liftlə indi dəqiq xatırlamadığı üst mərtəbəyə qaldırıblar. Orada onun işi və atasıyla maraqlanıb, sorğuya tutublar. Ardınca atasına zəng eləməsini tələb ediblər.

Elton Əliyevin atası Nəsib Əliyev Bakıda çoxmərtəbəli bina tikintisiylə məşğul olurmuş. Akif Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, Nəsib Əliyev bir müddət əvvəl CM-in 178 (dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə suçlu bilinərək, 13 il həbs cəzası alıb.

Buna da bax: 9 müflis bankın işi məhkəməyə verilib

Elton Əliyevin sözlərinə görə, o, atasına zəng eləyib, nazirliyə gəlməsini istəyib. Çovdarov atasından 500 min manat tələb edib, danışıqlardan sonra 350 min manat alaraq, onu buraxdırıb.

Mərtəbə müəmması?

Akif Çovdarov deyilənləri yalan adlandırıb və deyib ki, sözügedən vaxt onun xidməti otağı yuxarıda yox, elə birinci mərtəbədə yerləşib. Özünün həmin dövrdə MTN-in Antiterror Mərkəzi rəisinin müavini işlədiyini söyləyən general bu Mərkəzin banklara aidiyyəti olmadığını vurğulayıb.

Generalın vəkilləri də zərərçəkmişin ifadəsinə etirazlarını bildirərək, ona heç bir ziyan dəymədiyini iddia edirlər.

Buna da bax: MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

“Amma baş verənlər göstərir ki...”

Müdafiəçi Sadiq Rəsulov deyir ki, MTN işi üzrə istintaq qrupunun üzvü, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Fuad Alməmmədov o zaman həbsdə olan Elton Əliyevi Kürdəxanı təcridxanasında öncə şahid, üstündən 20 dəqiqə ötəndən sonra isə zərərçəkmiş qismində dindirib: "Bu, 2016-cı il iyunun 14-də baş verib. Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun Bakı İstintaq Təcridxanasının rəhbərliyinə məktubu var ki, müstəntiq Fuad Alməmmədovun təcridxanaya daxil olub, Elton Əliyevi dindirməsinə icazə verilsin. Elton Əliyev şahid kimi dindiriləndən sonra araşdırma nəticəsində ona qarşı cinayət törədildiyi təsdiqlənəndən sonra zərərçəkmiş qismində tanınması haqda qərar qəbul olunmalı, özünə də elan edilməliydi. Amma baş verənlər göstərir ki, onun zərərçəkmiş qismində tanınmasına dair qərar dindirilməsindən əvvəl hazır olub".

Məhkəmə fevralın 13-də davam edəcək.

Buna da bax: MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

Xatırlatma

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir. Cinayət məsuliyyətinə cəlb olunanlardan birinin - general Natəvan Mürvətovanın haqqında başqa yerə getməyə dair iltizam qətimkan tədbiri seçilib. O, məhkəməyə evindən gedib-gəlir. Daha bir nəfər - polkovnik İlqar Əliyev həbsindən təxminən iki ay sonra Bakı istintaq təcridxanasında intihar edib.

Akif Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Buna da bax: Akif Çovdarov: 'Döymədim, başa saldım ki, pulu qaytarsın'

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG