Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:00

Akif Çovdarov: 'Nəzərə almamışdılar ki, mən zəif adam deyiləm'


Akif Çovdarov, illüstrasiya. Gündüz Ağayev
Akif Çovdarov, illüstrasiya. Gündüz Ağayev

Adamları həbslə şantaj edib pul almaqda, büdcədən agenturaya ayrılmış pulları mənimsəməkdə, məhkəmə qərarı olmadan müxtəlif adamların telefon danışıqlarını dinləməkdə və s. əməllərdə suçlanan MTN generalı Akif Çovdarov təqsirsiz olduğunu deyir.

Nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Çovdarov oktyabrın 4-də öz məhkəməsində son sözünü deyib.

Buna da bax:​ MTN generalı məhkəmənin tez yekunlaşmasını istəyir, zərərçəkmiş isə...

Akif Çovdarov və rəhbərlik etdiyi idarədə onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Orxan Osmanov və Səlim Məmmədovun ötən ilin oktyabrında başlamış məhkəməsi düz bir il davam etdi. Onların işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov və daha iki hakimi, amma Sabunçu Rayon Məhkəməsinin binasında baxırdı.

Bu məhkəmə prosesinə əvvəldən sonadək jurnalistlər buraxılmadı. Bu mənada, Akif Çovdarovun son söz dediyi sonuncu məhkəmə iclası da fərqlənmədi. Amma vəkillər və MTN generalının son sözünə qulaq asmış zərərçəkənlərdən Çovdarovun söylədikləri haqda müəyyən məlumatlar almaq mümkün oldu.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

“MƏN ÖLMƏDİM”

AzadlıqRadiosu-nun əldə etdiyi məlumata görə, Çovdarov ona irəli sürülmüş bütün ittihamları rədd edib. Deyib ki, prokurorluq saxta ifadələr əsasında həmin ittihamları düzüb-qoşub.

“İstintaq orqanı mənimlə elə davranırdı ki, ya hər şeyi açıb danışım, ya da özümü öldürüm. Məni intihar həddinə çatdırmaq istəyirdilər. Amma nəzərə almamışdılar ki, mən zəif adam deyiləm. Elə ona görə də istədiklərinə nail olmadılar. Mən ölmədim. Sübut eləyirəm ki, mənə qarşı ittihamların hamısı yalandır”, – Çovdarov belə deyib.

MTN generalı iddia edib ki, prokurorluq ona qarşı cinayət törətmiş adamlardan istifadə edib: “Mənimlə bağlı ifadələrin əksəriyyəti şər-böhtandır”.

Buna da bax:​ Şahid: 'Ulu öndərin Cənubda dostu bir mən idim, bir də Xanış kişi'

Dövlət qarşısında xidmətləri olduğunu deyən Çovdarov söyləyib ki, ona qarşı qərəzli münasibət yeni xəbər deyil. Onun sözlərinə görə, bu qərəzin kökü hələ MTN-də işlədiyi dövrə gedib çıxır.

Akif Çovdarov çıxışının sonunda hakimlərdən bəraət hökmü çıxarılmasını istəyib.

Çovdarovun son sözündən sonra hakimlər kollegiyası keçmiş MTN-çilər haqqında hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökmün nə vaxt elan olunacağı isə dəqiq bəlli deyil.

Buna da bax:​ MTN generalı: 'Evə axtarışa gedəndə 20-30 nəfərlik qrup təyin edirlər'

XATIRLATMA

2015-ci ilin oktyabrında keçirilən əməliyyatdan sonra ümumilikdə həbs edilən MTN-çilərin sayı 20-dən artıq olsa da, istintaqın sonunda onlar bir neçə qrupa bölünüb və işləri ayrı-ayrılıqda məhkəməyə göndərilib.

Çovdarov və keçmiş işçilərinə qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə də daxil olmaqla, 10-dan artıq maddə ilə ittiham verilib.

Prokuror A.Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. A.Əliyev və O.Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqi istənilib.

Buna da bax:​ 'MTN işi': 'Rəhbər, təşkilatçı kim olub, rol bölgüsü necə olub?' [video]

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG