Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:02

Ermənistan spikeri Qarabağın statusu barədə nə dedi


Alen Simonyan
Alen Simonyan

Ermənistan hakimiyyətinin ən yüksək vəzifəli şəxslərindən biri, Milli Məclisin spikeri Alen Simonyan AzadlıqRadiosunun Erməni xidməti –Azatutyuna müsahibəsində Dağlıq Qarabağın gələcək statusu barədə danışıb.

Azatutyun yazır ki, Simonyan erməni tərəfinin bu məsələni Ermənistan-Azərbaycan danışıqlarında qaldırıb-qaldırmayacağı barədə heç nə deməyib.

Azatutyunun yazdığına görə Simonyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalıb-qalmayacağı məsələsinə də aydınlıq gətirməyib.

Azərbaycan tərəfi bildirir ki, Bakının sülh müqaviləsi ilə bağlı 5 bənddən ibarət təklifə Ermənistanın 6 təklifini əslində təklif kimi qiymətləndirmək olmaz.

Ermənistan müxalifəti Nikol Paşinyanın hökumətini sözü gedən 6 təklifdə Dağlıq Qarabağın statusu barədə dəqiq fikir bildirilməməsində ittiham edir.

Son günlər Nikol Paşinyanın istefasını tələb edən müxalifət, hökuməti Qarabağı Azərbaycana “təhvil verməkdə” ittihan edir.

Alen Simonyan Azatutyunla söhbətində deyib ki, Azərbaycanın təklifində nələrsə Ermənistanın xoşuna, Ermənistanın təkliflərində nələrsə Azərbaycanın xoşuna gəlməyə bilər.

Simonyan “Qarabağı Azərbaycanın tərkibində görürmü” sualına belə cavab verib:

“Qanunvericilik orqanının rəhbəri kimi mən danışıqlar prosesinin iştirakçısı deyiləm və bu barədə irəlicədən heç nə deyə bilmərəm. Bu suala xarici işlər naziri, hökumətin başçısı nəsə deyə bilər. Əgər mən indi bu barədə nəsə desəm, bu, danışıqlar prosesinə müdaxilə olacaq. Mənim bu prosesə qarışmaq ixtiyarım yoxdur”.

Alen Simonyan danışıqların təfərrüatları barədə Azatutyuna məlumat verməkdən imtina edib.

Status müzakirə mövzusudur

Simonyan Ermənistan tərəfi Qarabağ məsələsinin millətlərin öz müqəddaratını müəyyən etməsi şəklində niyə qoymayıb sualının cavabında Simonyan deyib:

“Ermənistanın təklifi elə status məsələsidir. Amma Ermənistanın status məsələsi barədə təklifi müzakirə mövzusudur. Burada sirr kimi saxlanan heç nə yoxdur. Danışıqlar vaxtı hər hansı nyuans bir saat ərzində dəyişə bilər. Çox vaxt belə olur ki, Azərbaycan tərəfindən sənəd daxil olur. Biz bəzən bir sözü bir həftə müzakirə edə və dəyişikliyə çalışa bilərik. Amma müxalifət deyir ki, “elə indi və birbaşa mətnlə verin”. Belə olmur, axı”.

Alen Simonyan Dağlıq Qarabağ erməniləri üçün konkret olaraq hər hansı muxtariyyət barədə suala cavab verib:

“Baş nazirin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi bu suallara artıq cavab verib. Daha doğrusu o baş nazirin belə bir mülahizəsini diqqətə çatdırıb ki, status məsələsi insan haqlarından irəli gəlir. Biz bunun əksini etmirik. Biz eyni şeyi nə qədər təkrar etsək də, nə qədər izah etsək də, qarşı tərəfdən tənqid səslənəcək. Amma onlar heç bir təklif vermirlər. Bugün müxalifət nə təklif edir? Heç nə!”

Aztutyun qeyd edir ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası komissiyası barədə indiyədək məlumat verilməyib. Halbuki belə bir komissiyanın yaradılması aprelin sonlarına nəzərdə tutulmuşdu.

Alen Simonyan Azatutyuna müsahibəsində deyib ki, birgə komissiya barəsində məlumatlar yaxın günlərdə veriləcək:

“Bu yaxınlarda biləcəyilk. Bəli komissiya işləyəcək. Amma bu prosesinin texniki problemləri də var. Baş nazir səfər edib və prezident Putinlə göz-gözə görüşüb. Bütün bunlar vaxt qrafikini dəyişə bilər”.

XS
SM
MD
LG