Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:06

Moskva Brüssel görüşünü alqışlayır və təhlil edir


Brüsseldə üçtərəfli görüş. 14 dekabr 2021
Brüsseldə üçtərəfli görüş. 14 dekabr 2021

Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa əlaqələrin davam etməsini alqışlayır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dekabrın 14-də prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında dekabrın 14-də keçirilmiş görüşü şərh edərkən bildirib.

Zaxarova dekabrın 15-də keçiridiyi brifinqdə deyib:

“Biz bu görüşün yekunlarına dair daxil olan informasiyaları təhlil edirik və ümid bəsləyirik ki, Brüssel müzakirələrinin yekunları Azərbaycan, Ernənistan və Rusiya liderlərinin imzaladıqları 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının bundan sonra da həyata keçirilməsinə kömək edəcək”.

Bununla belə Rusiya XİN-in sözçüsü vurğulayıb ki, bu görüş “hələ dünən olub” və Moskva onun yekunlarını təhlil etməkdədir.

Brüsseldə Paşinyan və Əliyev dəmiryolun bərpası barədə razılaşmanı təsdiqləyiblər

Ermənistan Baş nazirinin mətbuat xidmətinin məlumatında deyilir ki, Paşinyan və Əliyev dəmiryolun bərpası üzrə razılaşmanı təsdiqləyiblər. "Dəmiryol beynəlxalq səviyyədə tanınmış sərhəd və gömrük qaydaları, tərəflərin suverenliyi və yurisdiksiyası əsasında işləyəcək. Ermənistan dəmiryol vasitəsilə İran İslam Respublikası və Rusiya Federasiyasına çıxış əldə edəcək", – məlumatda vurğulanır.

+++

Brüsseldən alınan son xəbərlərə görə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli danışıqları başa çatıb.

4 saatdan çox davam edən danışıqların ardınca Şarl Mişelin mətbuat üçün bəyanatı açıqlanıb.

Bəyanatda deyilir ki, danışıqlarda Cənubi Qafqazdakı vəziyyət və Avropa İttifaqının bu vəziyyətlə bağlı iki ölkəyə verə biləcəyi dəstək müzakirə olunub.

Şarl Mişel hər iki tərəfi əmin edib ki, Avropa İttifaqı bu münaqişəyə üstün gəlinməsi, regionda son nəticədə hərtərəfli sülh müqaviləsi ilə təsbit ediləcək davamlı sülh üçün əməkdaşlıq və etimad atmosferinin yaradılması məqsədilə Ermənistan və Azərbaycanla birgə işləməyə sadiqdir.

Bəyanatda deyilir ki, danışıqlarda iştirak edən üç liderin ümumi məqsədi regionda yaşayan bütün insanlar üçün təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasıdır.

Məlumatda deyilir ki, prezident Əliyev və baş nazir Paşinyan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının, habelə 26 noyabr Soçi görüşündə əldə olunmuş anlaşmaların çərçivəsində götürdükləri öhdəlikləri bir daha təsdiqləyiblər.

Azərbaycan prezidenti İlham Əliyev (sağda), Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel
Azərbaycan prezidenti İlham Əliyev (sağda), Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel

“Humanitar məsələlər həlledicidir”

Bu da vurğulanır ki, prezident Mişel Azərbaycan və Ermənistan sərhədində bu yaxınlarda baş vermiş toqquşmaların ardınca hər iki liderin gərginliyin de-eskalasiyasını təmin etmək üçün atdıqları addımları təqdir edir.

Qeyd olunur ki, söhbət, xüsusilə də iki ölkənin müdafiə nazirlikləri arasında, cənab Mişelin təşəbbüsü ilə birbaşa kommunikasiya əlaqəsinin qurulmasından gedir. Bu mexanizm gələcək insidentlərin önlənməsinə və yerlərdə gərginliyin azaldılmasına müsbət təsir göstərə bilər.

Şarl Mişel xüsusilə vurğulayıb ki, humanitar məsələlərin çözümü həlledici əhəmiyyətə malikdir.

O həmçinin bu yaxınlarda Azərbaycanda saxlanan 10 erməninin azad edilməsini və Ermənistan tərəfindən minalı sahələrin qalan bütün xəritələrinin Azərbaycan tərəfinə verilməsini alqışladığını bildirib.

Mişel saxlananların azad olunmasının davam etdirilməsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi də daxil bütün qalan humanitar məsələlərin tam və çevik həllinə çağırıb.

Avropa İttifaqı Şurasının rəhbəri inandığını bildirib ki, belə humanitar jestlər tərəflər arasında etimadın, sülh və barışığın irəliləməsi üçün əlverişli şəraitin yaradılmasına kömək edir.

Bu da bildirilir ki, Aİ, ekspert tövsiyələri də daxil minalardan təmizləməyə dəstək verilməsini, habelə münaqişədən təsirlənmiş əhaliyə, bərpa və yenidənqurma işlərinə kömək göstərilməsini davam etdirəcək.

İqtisadi məşvərət platforması, qüvvələr arasında məsafə

Xəbər verilir ki, liderlər iki ölkə ilə Avropa İttifaqı arasında mövcud və perspektiv ticari və iqtisadi partnyorluğu da müzakirə ediblər.

Liderlərin habelə Avropa İttifaqının regionda etimadın artırılması, dinc yanaşı yaşama və iqtisadi əməkdaşlığın qurulması üçün iqtisadi məşvərət platforması yaratmaq niyyətini müzakirə etdikləri bildirilir.

Bəyanatda deyilir ki, prezident Əliyev və baş nazir Paşinyan Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası üçün planlaşdırılan danışıqlar kontekstində gərginliyin azaldılması və danışıqlar üçün əlverişli şəraitin yaradılması məqsədilə əsaslı addımların atılmasına ehtiyac olması barədə razılığa gəliblər.

Şarl Mişel Yerevan və Bakını xoş məramla de-eskalasiya istiqamətində işləməyə çağırıb.

O habelə vurğulayıb ki, insidentlərin qarşısının alınması üçün qüvvələrin arasında müvafiq məsafənin olması zəruridir.

Gömrük və sərhəd nəzarətinin yaradılması və suverenlik

Şarl Mişel deyib ki, Aİ hər iki ölkəyə sərhədin delimitasiya və demarkasiyasında texniki dəstək verilməsi üçün ekspert missiyası və ya qrupunun köməyini təklif edir.

Avropa İttifaqı Şurasının prezidenti Ermənistan və Azərbaycan arasında və daha geniş coğrafiyada – Cənubi Qafqazda bütün ölkələrin suverenliklərinə tam ehtiram etməklə kommunikasiya infrastrukturunun bərpasının mühümlüyünü vurğulayıb.

Bəyanatda bu da deyilir ki, danışıqlarda dəmir yolu xətlərinin bərpası, qarşılıq prinsipi əsasında sərhəd və gömrük nəzarətinin yaradılması üçün müvafiq tədbirlər barədə razılıq əldə olunub.

Bundan başqa bəyanatda Avropa İttifaqı özünün İqtisadi və İnvestisiya Planına uyğun olaraq iki ölkəyə əlaqə bağlarının inkişaf etdirlməsində dəstək verməyə hazır olduğunu bildirir.

Bu da qeyd olunur ki, bu prosesə sözü gedən iqtisadi məşvərət platforması da kömək edə bilər.

Bəyanatda qeyd edilir ki, tərəflər təmasların bundan sonra da saxlanmasına razılaşıblar.

***

Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli danışıqları başlanıb.

İlham Əliyev Şarl Mişel ilə görüşüb

Dekabrın 14-də Brüsseldə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ilə Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel arasında görüş olub.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub:

“Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulandı. Prezident İlham Əliyev bu məsələlərə verdiyi töhfəyə görə Şarl Mişelə təşəkkürünü bildirdi”.

Habelə bildirildiyinə görə, eyni zamanda, bu gün, dekabrın 14-də Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşə dair fikir mübadiləsi aparılıb:

“Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olundu. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparıldı.”

***

Avropa İttifaqı (Aİ) rəsmisinin AzadlıqRadiosuna dediyinə görə, Avropa Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ayrı-ayrılıqda görüşəcək. Daha sonra üçtərəfli görüş keçiriləcək.

"Sabah (14 dekabr) axşamkı görüşün nəticəsi haqda öncədən nəsə demək istəməzdim. Hazırda hələ də böyük iş gedir", – radionun Ermənistan xidməti rəsmiyə istinadla xəbər verir.

"Hazırda ermənistanlı və azərbaycanlı dostlarımız arasında etimadı möhkəmləndirəcək addımlar üzərində ciddi iş gedir. Bir neçə həftə öncə prezident Mişelin vasitəçiliyi ilə iki ölkənin müdafiə nazirləri arasında çox uğurla qurulmuş birbaşa kommunikasiya əlaqəsini inkişaf etdirməyə çalışırıq", – o vurğulayıb.

Aİ rəsmisi bu birbaşa xəttin tərəflər arasında gərginliyi azaltdığını, gələcək insidentləri önləyə biləcəyini iddia edib. Amma keçən həftə tərəflər arasında atışma davam edib, Ermənistan bir əsgərinin öldürüldüyünü, bir neçəsinin yaralandığını açıqlayıb.

İ.Əliyev ilə N.Paşinyan sonuncu dəfə noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüblər. Görüşdə tərəflər arasında nəqliyyat əlaqələrinin açılmasına doğru böyük proqres əldə olunduğu açıqlanıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

Dekabrın 14-də İ.Əliyev əvvəlcə NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə görüşməlidir. Bundan başqa, Azərbaycan prezidentinin bu səfər çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla da görüşü nəzərdə tutulur.

Dekabrın 15-i və 16-sında Brüsseldə Şərq Tərəfdaşlığı Sammiti keçirilməlidir.

Şərq Tərəfdaşlığı Proqramı 2009-cu ildə altı keçmiş sovet respublikasının (Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarus və Ermənistan) AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə Ermənistanla da Tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, sazişin nə vaxt imzalanacağı dəqiq bilinmir.

Yaxınlarda Belarusla Avropa Birliyi ilə əməkdaşlığı dayandırılıb.

XS
SM
MD
LG