Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:20

Almaniyada dövlət çevrilişi cəhdində şübhəli bilinənlər saxlanıb


Almaniyada Federativ Respublikanın varlığını tanımayan ifrat sağ təmayüllü reyxsbürgerlər hərəkatının üzvü olmaqda şübhəli sayılan azı 25 nəfər saxlanıb.

Bu barədə məlumatı dekabrın 7-də Almaniyanın federal prokurorluğu yayıb.

Saxlananların arasında bir rusiyalı qadının da olduğu xəbər verilir.

Prokurorluğun bəyanatında deyilir ki, reyxsbürgerlər ölkənin konstitusiyalı hakimiyyət orqanlarına silahlı hücum planlaşdırıblar.

Almaniyanın Ədliyyə Nazirliyi reydi “antiterror əməliyyatı” adlandırıb.

Almaniyanın 11 torpağında 130 obyektdə axtarışlar aparılıb. Daha 27 nəfərin şübhəli sayıldığı xəbər verilir.

Vaşinqtonda politoloq: 'İran Cənubi Qafqazla bağlı peşman olub'
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

“Almaniya reyxinin vətəndaşları”

Məlumatlarda deyilir ki, reyxsbürgerlər müxtəlif avadanlıqlar alır, atış təlimləri keçirir və təşkilata yeni üzvlərin cəlb olunması ilə məşğul olurdular.

Bu da qeyd olunur ki, saxlanan rusiyalı qadın ehtimalən Rusiyadakı tərəfdarlarla əlaqələr üçün cavabdeh imiş.

Reyxsbürgerlər hərəkatı Almaniyada 1980-ci illərdə təşəkkül tapıb.

Onun sıralarında 16 mindən çox adamın olduğu deyilir.

Reyxsbürgerlər özlərini “Almaniya reyxinin vətəndaşları” hesab edirlər.

Bu adı həm də 1918-ci ilə qədər mövcud olmuş Almaniya monarxiyası, 1919-1933-cü illər arasında Veymar Respublikası və nasist Almaniyası daşıyıb.

Reyxsbürgerlər mövcud olmayan dövlətin şəxsiyyət sənədlərini və sürücülük vəsiqələrini hazırlayıblar.

Hərəkatçılar habelə iddia edirlər ki, II Dünya Müharibəsinədək mövcud olmuş Almaniya konstitusiyası heç vaxt rəsmən ləğv edilməyib, 1949-cu ildə yaradılmış Almaniya Federativ Respublikasının və 1990-cı ildə yaradılmış vahid Almaniyanın hüquqi əsasları olmayıb.

XIII Henrix

Die Zeit qəzetinin yazdığına görə qəsdçilərin sırasında Reyss qədim zadəgən nəslindən olan və özünü XIII Henrix adlandrıan şəxs də var. Bu nəslin nümayəndələri iddia edirlər ki, onların sülaləsindən I Henrix 1253-cü ildə Rus dövlətinin çarı olmuş Daniil Romanoviçin qız nəvəsi ilə evlənib.

Qəzet yazır ki, hərəkat nümayəndələri çevriliş planını müzakirə etmək üçün həmin aristokratın Türingiyadakı ovçu evində yığışırmışlar.

Məqalədə deyilir ki, çevrilişçilərin hərbi lideri istefada olan desantçı zabit Rüdiger von P-dir.

O ətrafına öz həmfikirlərini, Almaniya xüsusi təyinatlılarını, o cümlədən hazırda fəal hərbi xidmətdə olan zabitləri toplayıb.

Saxlananların arasında Alternativ Almaniya Partiyasından bir keçmiş deputat və berlinli hakim də var.

Bild qəzeti yazır ki, hərəkat şurasının üzvləri müntəzəm olaraq 2021-ci ilin noyabrından görüşlər keçirərək Almaniyada hakimiyyəti ələ almaq planlarını müzakirə ediblər.

Bundan başqa reyxsbürgerlərin ərazi iddiaları da var. Onlar Almaniyanın 1937-ci ilə qədər və ya qonşu ölkələrə qarşı Hitler təcavüzünün başladığı dövrə qədər olan sərhədlərini legitim hesab edirlər.

Hərəkatın simvolu 1918-ci ilədək mövcud olmuş Almaniya reyxinin qara-ağ-qırmızı rəngli bayrağıdır. Hitler Almaniyasının bayrağında da bu rənglər və svastika vardı.

XS
SM
MD
LG