Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:56

Almatı görüşü ilə bağlı: 'Bunu uğur saymaq olar ki...'


Ekspertin fikrincə, əsas odur ki, danışıqlar artıq vasitəçisiz aparılır.
Ekspertin fikrincə, əsas odur ki, danışıqlar artıq vasitəçisiz aparılır.

Mayın 10-da Qazaxıstanın Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənir. Azərbaycan tərəfi görüşün gündəliyini, hələlik, açıqlamayıb. Amma Ermənistanın Xarici İşlər Nazirliyindən (XİN) yerli mediaya bildirilib ki, gündəliyə tərəflərin öhdəliklərinin təsdiqi, eləcə də regional nəqliyyat infrastrukturu və ticarət marşrutlarının bərpası ilə bağlı məsələlər daxil edilib.

Bu görüş iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi fonunda baş tutacaq. Son illər Azərbaycan və Ermənistan arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Amma ötən ildən başlayaraq iki ölkə arasında birbaşa danışıqlar da gerçəkləşib. Hazırda bu formatda onların arasında sərhədlər müəyyənləşdirilməkdədir.

Deputat: "Sülh müqaviləsinin bir addımlığı..."

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasının bir addımlığındadırlar: "Çünki həllini gözləyən çox mürəkkəb məsələlərdən bir çoxu artıq həll olunmağa başlayıb. Bunun əsas səbəbi odur ki, bütün bunlar üçüncü tərəf olmadan baş verir".

Deputat vurğulayır ki, Qazaxıstan da keçiriləcək görüşün vasitəçisi deyil, yalnız təşkilatçısı kimi çıxış edir: "Cənab prezident İlham Əliyev prinsipial mövqe ortaya qoyub ki, bizə vasitəçi lazım deyil, biz ikitərəfli münasibətlər formatına üstünlük veririk. Bu səbəbdən də heç kəs vasitəçilik missiyası təklifini ortaya qoymağa cürət etmir. Bu, Azərbaycanın diplomatik qələbəsidir".

Elman Nəsirov
Elman Nəsirov

Nəsirovun sözlərinə görə, iki ölkə arasında sərhədlərin delimitasiyası 1991-ci ildə qəbul olunmuş Almatı deklarasiyasına uyğun aparılır deyə, nazirlərin həmin ölkədə gerçəkləşəcək bu görüşündə ciddi razılaşmaların əldə edilməsi də ağlabatandır.

"Cəmi bir mühüm məsələ qalıb"

Almatıda müzakirə ediləcək məsələlərə gəldikdə isə, deputat hesab edir ki, delimitasiya, demarkasiya prosesləri artıq gedir və cəmi bir mühüm məsələ qalıb: "Bu, iki ölkə arasında nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı məsələdir. Görünür ki, Almatı görüşündə əsas diqqət mərkəzində bu məsələ olacaq. Hesab edirəm ki, Almatıda bu istiqamətində ciddi irəliləyişlərin olması istisna deyil. Təki, Nikol Paşinyanın mövqeyinə üçüncü tərəf, xüsusilə Fransa təsir etməsin".

Delimitasiya qonşu dövlətlərlə sərhəd xətlərinin müəyyən edilməsinin ilk mərhələsidir. Demarkasiya isə əvvəldən hazırlanmış delimitasiya müqaviləsinə, ona əlavə olunan xəritə və təsvirlərə uyğun şəkildə dövlət sərhəd xəttinin yerində müəyyənləşdirilməsidir.

Komitə üzvü noyabrda Bakıda keçiriləcək COP29 (BMT-nin İqlim üzrə konfransı) ərəfəsində sülh sazişinin imzalanması ehtimalını da istisna etməyib.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Aşkar irəliləyiş olmasa da..."

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasında iki proses gedir: "Birinci proses sərhədlərin müəyyənləşməsi ilə bağlıdır və burada aşkar uğurlar var. İkinci proses xarici işlər nazirlərinin nəzarətindədir və sülh sazişinin mətni ilə bağlıdır. Burada aşkar irəliləyiş olmasa da, birbaşa danışıqlar gedir".

Ekspertin fikrincə, əsas odur ki, danışıqlar artıq vasitəçisiz aparılır: "Çünki hər vasitəçinin özəl maraqları olur və o maraqları diktə etməyə çalışır. Qazaxıstan vasitəçi deyil, özü də bəyan edib ki, görüş üçün sadəcə məkan verir. Bizə vasitəçi lazım olmasa da, məkana ehtiyac var. Gələcəkdə danışıqlar o qədər irəliləyə bilər ki, növbəti görüşlər Bakı və Yerevanda keçirilə bilər".

E.Şahinoğlu hesab edir ki, Almatıda əsas iş sülh sazişinin mətni üzərində gedəcək: "Sərhədlərlə bağlı müzakirələr hələ bir müddətdir davam edəcək. "Zəngəzur dəhlizi" (Ermənistanın Sünik bölgəsindən keçməklə yol) ilə bağlı da hələ də ortaq məxrəcə gəlmək çətindir. Amma kommunikasiya xətlərinin açılması ilə bağlı ümumi müddəalar sülh sazişinə və ya çərçivə sazişinə salına bilər. Almatı görüşünün əhəmiyyəti məhz bunda ola bilər".

'Sərhədin 'müharibəli hissəsi' Sevan gölündən aşağıdadır'
Gözlə

No media source currently available

0:00 0:08:41 0:00

"Rusiya maraqlı deyil"

Politoloqun sözlərinə görə, Rusiya açıq-aşkar Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlarda maraqlı deyil: "Çünki təsir imkanlarını itirir. Rusiya vasitəçi olanda hər iki tərəfə təsir etməyə imkanı qazanır. Rusiya bir müddətdir deyir ki, arxivimdə xəritələr var, gəlin delimitasiyanı bu xəritələr əsasında aparın. Amma bu gün həmin xəritələrə ehtiyac yoxdur. Bunu da uğur saymaq olar ki, hər iki tərəf Rusiya vasitəçiliyindən faktiki imtina edib".

Yazıda səslənən fikirlərə Rusiya və Fransanın Azərbaycandakı səfirliklərindən münasibət almaq mümkün olmayıb. Amma hər iki ölkədən bu vaxta qədər bəyan ediblər ki, onlar Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirlər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Bakı, üstəlik, ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olub.

XS
SM
MD
LG