Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:29

Rusiyada AzadlıqRadiosu jurnalistinin həbs müddəti uzadılıb


 Alsu Kurmaşeva
Alsu Kurmaşeva

Rusiyada məhkəmə ötən həftə xarici agent kimi qeydiyyatdan keçməmək ittihamı ilə saxlanmış AzadlıqRadiosu jurnalisti Alsu Kurmaşeva barəsində həbs-qətimkan tədbirini uzadıb.

Oktyabrın 23-də Kazandakı Sovetski rayon Məhkəməsi Kurmaşevanın vəkilinin həbsə alternativ qətimkan tədbiri barədə vəsatətini rədd edərək jurnalistin dekabrın 5-dək təcridxanada saxlanılması haqda qərar çıxarıb.

"Bugünkü dinləmənin nəticəsindən çox məyus olduq", – Azad Avropa/Azadlıq Radiolarının prezidenti vəzifəsini icra edən Cefri Qedmin (Jeffrey Gedmin) deyib.

"Alsunun ailəsinə qovuşa bilməsi üçün onu dərhal azad etməyə çağırırıq", – o, sözlərinə əlavə edib.

Hakimiyyət oktyabrın 11-də Kurmaşevanı ABŞ pasportunu Rusiya hökumət orqanlarında qeydiyyatdan keçirmədiyinə görə 10 min rubl ($103) cərimələyib. Bunu yerli media gördüyü məhkəmə sənədlərinə əsasən yazıb.

Fərdi qaydada "xarici agent" kimi tanınmayıb

Rusiyada "xarici agent" qanunu 2012-ci ildə qəbul edilib. Beynəlxalq insan haqları təşkilatları və hüquq müdafiəçiləri deyirlər ki, qanundan, əsasən, hakimiyyətin tənqidçilərinin cəzalandırılması üçün istifadə olunur.

Rusiya Ədliyyə Nazirliyi Azad Avropa/Azadlıq Radiolarını xarici agent reyestrinə 2017-ci ildə daxil edib. AzadlıqRadiosu bu qərarın qanuniliyini heç vaxt qəbul etməyib.

A.Kurmaşeva fərdi qaydada "xarici agent" kimi tanınmayıb.

Hazırda AzadlıqRadiosunun 30-dək jurnalisti Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent reyestrinə daxil edilib.

AzadlıqRadiosu Rusiyada saxlanmış jurnalisti buraxmağa çağırır

Azad Avropa/Azadlıq Radiolarının jurnalisti Alsu Kurmaşevanın Rusiyada saxlanması insan haqları qrupları və siyasətçilərin tənqidinə səbəb olub. Onlar bu addımın müharibə dövrü senzurasının yeni həddi ilə bağlı siqnallar göndərdiyini deyirlər.

Kurmaşeva bu il Rusiyanın saxladığı ikinci ABŞ mediası təmsilçisidir.

Rusiya hökuməti saxlanma ilə bağlı əlavə şərh verməyib.

Rusiyanı amerikalıları ABŞ-da həbsdə olan rusiyalılara dəyişmək üçün alver predmeti kimi istifadə üçün saxlamaqda ittiham edirlər. "The Wall Street Journal" qəzetinin reportyoru Evan Qerşkoviç (Evan Gershkovich) martda casusluq ittihamı ilə saxlanıb, özü və qəzet isə bunu qətiyyətlə təkzib edir.

Reaksiyalar

"Alsu Kurmaşevanın təqib olunması Rusiyada jurnalistika və ifadə azadlığı hüququna amansız hücumun nümunəsidir", – "Amnesty International" insan haqları qrupunun Şərqi Avropa və Orta Asiya üzrə direktoru Mari Struters (Marie Struthers) bildirib.

"Bu, həmçinin media peşəkarlarının qısnanmasında narahatedici eskalasiyanı göstərir, çünki ilk dəfədir bu ittihamla jurnalist peşə fəaliyyətinə görə birbaşa hədəfə alınır, ona beş illik həbs riski yaradır", – o, sözlərinə əlavə edib.

BMT-nin İnsan Haqları Ofisi, Jurnalistləri Müdafiə Komitəsi, ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri də Kurmaşevanı dərhal buraxmağa çağırıb.

ABŞ Dövlət Departamenti bildirib ki, Kurmaşevanın həbsi ilə bağlı xəbərlərdən agahdır, ancaq bu məsələyə görə Rusiyadan rəsmi bildiriş almayıb.

"Bu, Rusiya hökumətinin ABŞ vətəndaşlarına qarşı daha bir qısnama halı ola bilər", – Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) jurnalistlərə deyib.

"Putin rejimi amerikalıları hədəfə alır"

ABŞ Nümayəndələr Palatasının üzvü, Xarici İşlər komitəsinin sədri Maykl Makkol (Michael McCaul) X platformasında yazıb ki, Kurmaşevanın saxlanmasından dəhşətə gəlib.

"Təəssüf ki, bu, Rusiyanın ifadə azadlığına müharibəsinin daha bir nümunəsidir və Putin rejiminin amerikalıları hədəfə aldığını göstərir. Onun dərhal azadlığa buraxılmasına çağırıram", – Makkol deyib.

AzadlıqRadiosu Rusiyanın "xarici agent" qanununu siyasi senzuraya bərabər sayır, məqsədin jurnalistin peşə vəzifələrini icra etməsini önləmək olduğunu bildirir, hakimiyyətin addımlarına qarşı Rusiya məhkəmələrində, Avropa İnsan Haqları Məhkəməsində iddialar qaldırıb. AzadlıqRadiosunun azı 30 əməkdaşı Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" siyahısına salınıb.

Martda Moskvada məhkəmə "Azad Avropa/Azadlıq Radioları" MMC-ni "müflis" elan edib. Bundan öncə şirkət qanuna əməl etmədiyi üçün kəsilmiş azı 1 milyard rubl (14 milyon dollar) cəriməni ödəməkdən imtina edib.

+++

Azad Avropa/Azadlıq Radioları (RFE/RL) və Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Kazanda pasportlarının qaytarılmasını gözləyərkən saxlanmış AzadlıqRadiosu jurnalisti Alsu Kurmaşevanı dərhal azad etməyə çağırır.

Oktyabrın 18-də saxlanan Kurmaşeva xarici agent kimi qeydiyyatdan keçməməkdə ittiham olunur. Bu maddə üzrə maksimum 5 il həbs cəzası nəzərdə tutulub.

Çexiyanın Praqa şəhərində AzadlıqRadiosunun tatar-başqırd xidmətində işləyən Kurmaşevanın həm ABŞ, həm də Rusiya vətəndaşlığı var. O, Rusiyaya mayda ailəsində yaranmış təcili vəziyyətə görə gedib.

Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, o vaxtdan Rusiyadan çıxa bilməyib.

Hakimiyyət əvvəlcə onu ABŞ pasportunu Rusiya hakimiyyət orqanlarında qeydiyyatdan keçirmədiyi üçün cərimələyib. Kurmaşeva pasportlarının qaytarılacağını gözləyirdi, ancaq oktyabrın 18-də ona yeni ittiham irəli sürülüb.

CPJ ittihamları "saxta" adlandırır

"Alsu olduqca hörmətli həmkarımız, sadiq həyat yoldaşı, özünü iki övladına həsr edən anadır. O, ailəsinə dərhal qovuşması üçün azad olunmalıdır", – AzadlıqRadiosunun prezidenti vəzifəsini icra edən Cefri Qedmin (Jeffrey Gedmin) deyib.

CPJ isə Kurmaşevaya ittihamları "saxta" adlandırıb, Rusiya hakimiyyətini onu dərhal azad etməyə çağırıb.

"CPJ ABŞ-Rusiya vətəndaşı olan jurnalist Alsu Kurmaşevanın saxta ittihamlarla saxlanmasından dərin narahatlıq keçirir və Rusiya hakimiyyətini onu dərhal azad etməyə, ona qarşı bütün ittihamları ləğv etməyə çağırır", – qurumun Avropa və Orta Asiya proqramının koordinatoru Gulnoza Said vurğulayıb.

Xarici agent qanunu

Rusiya 2012-ci ildən bəri xarici agent qanunlarından hökumətin tənqidçilərinə damğa vuraraq cəzalandırmaq üçün istifadə edir.

Rusiya Ukraynanı işğal etməyə başlayandan bu qanundan vətəndaş cəmiyyəti və media qruplarını bağlamaq üçün yararlanırlar.

Qanun imkan verir ki, xaricdən maliyyələşən və siyasi fəaliyyətlə məşğul olan qeyri-kommersiya təşkilatlarına "xarici agent" damğası vurulsun.

Kurmaşeva Rusiyada saxlanan ikinci ABŞ jurnalistidir. "The Wall Street Journal"ın müxbiri Evan Qerşkoviç (Evan Gershkovich) bu ilin martında casusluq ittihamı ilə saxlanıb.

XS
SM
MD
LG