Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:46

Azərbaycanda təcili tibbi yardıma olan hər üç tələbdən biri ödənmir


Ambulanslar
Ambulanslar

Son günlər Azərbaycanda təcili tibbi yardım maşınlarının – ambulansların çağırışlara vaxtında yetişməməsi sosial şəbəkələrin əsas müzakirə mövzularından biridir. Ambulanslarla bağlı problemlərin uzun müddətdir bitməməsi bu maşınların sayca yetərsizliyini göstərir. Təcili tibbi yardım maşınlarının gecikməsi ilə bağlı sosial şəbəkələrdə gündəmə gələn sonuncu hadisədən sonra dövlət televiziyası bu mövzuya dair süjet yayımlamışdı. Orada iddia edilirdi ki, ambulansların çağırışlara gecikməsinin səbəbi vətəndaşların lüzum olmadan təcili tibbi yardıma zəng etməsinə bənzər məsələlərdən qaynaqlanır. Di gəl, açıqlanan rəsmi rəqəmlər də təsdiqləyir ki, Azərbaycanda əsas səbəb yetərli sayda təcili yardım maşınlarının olmamasıdır.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyevin ötən ilin dekabrında agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında açıqlanıb ki, hazırda ölkədə ambulanslara olan ehtiyacın cəmi 64 faizi ödənilir. Deməli, təxminən hər üç çağırışdan biri cavabsız qalır. Dövlət qurumunun rəsmisi onu da bildirib ki, icbari tibbi sığortanın tətbiqinədək (2021-ci il) ölkədə bu göstərici 40 faiz idi, yəni bir neçə il öncəyədək ölkədəki ambulanslar ehtiyacın yarısını belə ödəyə bilmirdi.

Təcili lazim olanda, 2 saata gəlib çıxan yardım
Gözlə

No media source currently available

0:00 0:06:13 0:00

Azərbaycanda nə qədər ambulans var?

Azərbaycandakı ambulansların sayı barədə ictimaiyyətə son bilgi 2022-ci ilin sonunda açıqlanmışdı. Həmin vaxt TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirmişdi ki, ölkədə 974 təcili tibbi yardım maşını var. Ötən il Azərbaycanın daha 100 ədəd ambulans aldığı açıqlanıb. Bu baxımdan, indi ölkədə 1 min 100-ə yaxın təcili tibbi yardım maşınının olduğunu ehtimal etmək olar. TƏBİB-in icraçı direktoru 2022-ci ildəki açıqlamasında bildirmişdi ki, ölkədəki ambulans sayının 1 min 478-ə çatdırılması planlaşdırılır. Başqa deyimlə, hələ də ölkədəki ambulans sayı hədəflənən göstəricidən geri qalmaqdadır.

Təcili tibbi yardımla bağlı şikayətlərin ən çox qeydə alındığı yer paytaxt Bakıdır. Ölkədə ciddi daxili miqrasiya olduğundan Bakının gerçək əhali sayı rəsmi saydan xeyli çoxdur. Ötən ilin dekabrında Milli Məclisin iclasında çıxış edən deputat Rüfət Quliyev paytaxtda cəmi 140 ambulans ekipajının olduğunu söyləmişdi. TƏBİB-in Yeni illə bağlı açıqlaması da bu rəqəmi təsdiqləyir. Qurum dekabrın 30-da bildirmişdi ki, Yeni il günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda 150 civarında təcili tibbi yardım briqadasının xidmətə hazır duruma gətirildiyi də vurğulanmışdı. Açıqlamalardan görünür ki, rəsmi olaraq 2.6 milyon, faktiki 3 milyondan çox insanın yaşadığı Bakıda cəmi 150-yə yaxın təcili tibbi yarım ekipajı xidmət göstərməkdədir. Deputat Rüfət Quliyevin açıqlamasından bəlli olur ki, bir neçə il öncə paytaxtda 175 ambulans varmış. Deməli, o dövrlə müqayisədə Bakıdakı ambulans ekipajlarının sayı azalıb.

'Bu kəndə təcili yardım 50 manata gəlir' - Camaat narazıdır
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

TƏBİB-in yaydığı açıqlamada bildirilir ki, Yeni il bayramı ilə bağlı qeyri-iş günlərində - 31.12.2023-06.01.2024-cü il tarixlərində təcili yardıma toplam 18 min 351 çağırış daxil olub. Xəstələrdən 1 min 840 nəfər xəstəxanalara yerləşdirilib. Başqa sözlə, təcili yardım çağrılan halların təxminən 10 faizində xəstə xəstəxanaya aparılıb. Qeyri-iş günlərində ən çox çağırış yanvarın 1-də qeydə alınıb (2 min 723 çağırış). Çağırış səbəbləri, əsasən, arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. olub.

Ambulans almaq neçəyə başa gəlir?

Mediada yeni ambulansların alınmasına dair tender nəticələri ilə əlaqədar sonuncu məlumat 2023-cü ilin avqustuna aiddir. Bildirilmişdi ki, İcbari Tibbi Sığorta Agentliyinin "Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobillərinin satın alınması" tenderinin qalibi "Az-Tex-İmport" MMC olub. Həmin vaxt sözügedən agentlik 80 ədəd təcili tibbi yardım maşının alışına 15.4 milyon manat vəsait sərf edib. Deməli, bir ambulansın orta alış qiyməti 192 min 500 manat olub. Bu baxımdan, aydın olur ki, yeni ambulans alınmasına gərəkən vəsait büdcədən ötrü heç də böyük məbləğ deyil və rahatlıqla ölkəyə lazımi qədər təcili tibbi yardım maşını gətirmək olar. Di gəl, ehtiyacların tam qarşılanması üçün uyğun orqanlar addım atmır və bu, ciddi sual doğurur.

Zaman-zaman xarici ölkələrin Azərbaycana ambulans ianə etməsi hallarına da rast gəlinir, yəni ölkədəki ambulansların heç də hamısını hökumət almayıb. Məsələn, ötən ilin iyulunda Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində icra olunan "Qazax və Samux rayonlarına təcili tibbi yardım avtomobillərinin verilməsi" layihəsinin təqdimat mərasimi keçirilmişdi. Sözügedən layihənin icrası üçün Yaponiya hökuməti 88 min 996 ABŞ dolları (150 min 404 manat) məbləğində qrant ayırmışdı. Daha öncə BMT-nin İnkişaf Proqramı çərçivəsində QİÇS-lə Mübarizə Mərkəzinə üç ədəd ixtisaslaşdırılmış tibbi nəqliyyat vasitəsi verilmişdi.

XS
SM
MD
LG