Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:02

Amnesty: ‘Erməni əsgərlərin güllələnməsi videosu hələ də araşdırılır’


'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

'Bellingcat' güllələnmə videosu ilə bağlı araşdırmasını açıqladı

2020-ci il Ermənistan-Azərbaycan münaqişəsində beynəlxalq humanitar hüququn pozulması, qanunu pozanların məsuliyyətə cəlb olunması yönündə heç bir irəliləyiş baş verməyib. Bunu “Amnesty International” beynəlxalq insan haqları təşkilatı martın 28-də açıqladığı illik hesabatında qeyd edir.

Hesabatda deyilir ki, erməni qüvvələrinin Azərbaycana təhvil verdiyi ərazilərdə basdırılmış minalardan insan tələfatı davam edir. Ötən ilin sonunda isə azərbaycanlı etirazçılar Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizini bağlayaraq həyati əhəmiyyətli məhsul və xidmətlərin təminatını pozub.

Azərbaycan Laçın dəhlizinin humanitar məqsədlər üçün açıq olduğunu bildirir. Özlərini ekofəallar kimi təqdim edən bir qrup şəxs dekabrın 12-dən Laçın-Xankəndi yolunda aksiya keçirir, Qarabağdakı mədənlərin qanunsuz istismarına etiraz etdiklərini deyirlər.

“Amnesty International” Azərbaycanda ifadə, sərbəst toplaşma və birləşmə azadlıqlarının sərt şəkildə məhdudlaşdırıldığını, hakimiyyətin vətəndaş cəmiyyəti fəallarının qanunsuz həbslərini, siyasi motivli təqiblərini davam etdirdiyini bildirir. Dinc etiraz aksiyaları dağıdılır, müstəqil qurumların və media orqanlarının işinə maneələr yaradılır. Qadınlar və qızlar diskriminasiya ilə üzləşir, hesabatda vurğulanır.

Qətiyyətli siyasət

Azərbaycanın enerji təchizatı və tranzitində rolunun artması, özəlliklə Rusiyanın regionda nüfuzunun azaldığı bir vaxtda qətiyyətli iqtisadi və hərbi siyasət yürütdüyü bildirilir. Hesabatda Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kövrək olaraq qaldığı, sərhədə Avropa ittifaqının monitorinq missiyasının yerləşdirildiyi qeyd olunur.

Hesabatda deyilir ki, oktyabrın 2-də Baş Prokurorluq azı altı erməni əsgərin Azərbaycanın hərbi uniformasında olan bir qrup şəxs tərəfindən güllələnməsi videosu üzrə təhqiqat başladıb. İlin sonunda təhqiqat hələ də davam edirdi, məsuliyyət daşıyanların müəyyənləşdirilməsi yönündə irəliləyiş yox idi.

Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin avqustda açıqladığı hesabata görə, 2020-ci il müharibəsindən bəri Azərbaycanda azı 300 erməni itkin düşüb. Azərbaycan hakimiyyəti isə münaqişədən bəri 45 nəfərin mina partlayışlarında həlak olduğunu, 221 nəfərin yaralandığını bildirir. Rəsmi Bakı Ermənistanın verdiyi mina xəritələrinin etibarlı olmadığını deyir.

Azərbaycan 2020-ci il müharibəsi nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Qarabağda ermənilərin yaşadığı ərazilərə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Medianın durumu

“Amnesty International” Azərbaycanda medianın fəaliyyətinin sərt şəkildə məhdudlaşdırıldığını, fərqli fikirlər yayan vebsaytların bloklandığını, tənqidçi sosial media istifadəçilərinin cərimələndiyini, yaxud təqib olunduğunu qeyd edir.

“Ölkədə müstəqil medianı effektli şəkildə susduran hakimiyyət xaricdən Azərbaycanla bağlı tənqidi fikirlər yayan qurumları hədəfə alıb. Fevralın 8-də prezidentin imzaladığı yeni media qanunu tələb edir ki, Azərbaycanlı izləyicilərə xidmət edən media orqanlarının sahibləri ölkədə daimi yaşamalıdır. Bu isə həmin media qurumlarının senzura və təqib qarşısında zəif duruma salır”, – hesabatda deyilir.

Hakimiyyət təmsilçiləri isə media qanunu ilə bağlı tənqidləri qəbul etmir.

Hesabatda hakimiyyətin vətəndaş cəmiyyəti fəalları və müstəqil medianı qanunsuz həbslərə, qısnamanın digər formalarına məruz qoyduğu vurğulanır. Sentyabrda insan haqları təşkilatları 99 nəfərin siyasi motivli ittihamlarla həbs olunduğunu açıqlayıb. Bəzi qadın jurnalistlərin, o cümlədən AzadlıqRadiosunun ştatdankənar müxbiri Aytən Məmmədovanın hücuma məruz qalması, hücumun məhz onun jurnalist fəaliyyəti ilə bağlılığı vurğulanıb.

Hesabatda ötən il Azərbaycanda bir neçə dinc etiraz aksiyalarını polisin dağıtması, etirazıların həbs olunması da yada salınır.

Hakimiyyət təmsilçiləri hələlik, bu hesabata münasibət açıqlamayıblar. Ancaq daha öncəki açıqlamalarda beynəlxalq qurumların oxşar tənqidləri rədd olunub, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğu bildirilib.

XS
SM
MD
LG