Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

Anthony Hopkins: 'Dişlərim, yaxud saçlarım tökülənə qədər iş təklif olunsa...'


Anthony Hopkins
Anthony Hopkins

60 illik nəhəng aktyorluq karyerasına malik Anthony Hopkins bu il növbəti dəfə ("The Two Popes" filminə görə) Oskar mükafatına namizəd olub. Bu illər ərzində o, şahzadə də olub ("The Lion in Winter"), tanrı da ("Thor"), psixopat da ("Silence of the Lambs"), başqa növ tanrı da ("Westworld"). İlk Oskarını isə 1992-ci ildə "Silence of the Lambs" filminə görə alıb.

Aktyor "The Los Angeles Times" qəzetinə müsahibəsində keçmiş rollarını təhlil etməyə marağı olmadığını deyib. Əvəzində isə dindən və işlərə ciddi yanaşmaqdan danışıb.

"Mənə təklif olunan işlər"

"Əhəmiyyətini kiçiltmək istəmirəm, ancaq bunlar, sadəcə, mənə təklif olunan işlərdir. Ssenarini bəyənirəmsə, ‘hə’ deyirəm. "The Two Popes" qəfildən peyda oldu. Bildiyim odur ki, bu filmdə çox gözəl vaxt keçirdim. Mən çox araşdırmıram. [Rejissor] Fernando Meirellesdən başqa Jonathan Pryce ilə işləmək böyük nemət idi. Hər ikimiz Uelsdənik. O, şimaldan, mənsə cənubdan", - Hopkins deyib.

Antony Hopkins gəncliyindən hər şeyə ciddi yanaşdığını deyir: "Özümü ziyalı, yaxud çox ağıllı saymıram. Kifayət qədər ağıllıyam. Mən Britaniya teatrında böyümüşəm, ancaq heç vaxt onun içinə yerləşməmişəm. Kimsə demişdi ki, "sənin xasiyyətin pisdir. Görünür, sən ona ciddi yanaşmırsan". 82 yaşım yenicə tamam olub... 45 il bundan əvvəl mən Nyu-Yorkda, Maunt-Sinay xəstəxanasında qoluma iynə taxılmış vəziyyətdə yataqda idim.

…Ayağımda tromb var idi. Həkim mənə baxıb dedi: "Sən indiki həyat tərzinlə 40 yaşına çatmayacaqsan. Mən sənin haqqında hər şeyi bilirəm. İçki içirsən və siqaret çəkirsən. Sən çox yaşamayacaqsan". Ona çox qəzəbləndiyimi xatırlayıram. Düşündüm ki, "Sən də cəhənnəm ol". İndi 82 yaşım var… Bura necə gəlib çıxdığımı bilmirəm. Xüsusən də son zamanlar".

Ateist deyil, aqnostik

Antony Hopkins aqnostik olduğunu deyir: "Aqnostiklik bir az qəribədir. Aqnostik şübhə, ateizmsə inkar edir. Mən müqəddəs-filan deyiləm. Mən də hamı kimi yaşlı günahkar bəndəyəm. Mən indi həmişəkindən daha çox inanıram ki, bizim öz həyatımızda haqqında heç nə bilmədiyimiz çoxlu hissələr var. …Mən inanmalıyam ki, məndən böyük bir qüvvə var. Mən, sadəcə, mikrobam. Mənim üçün bu – özümün heç nə olduğumu qəbul etmək ən böyük azadlıq hissidir. Şounu kim aparırsa, ona böyük ‘çox sağ ol’ demək istəyirəm".

Aktyor ətrafdakı insanlara qarşı mərhəmətli olmağın vacibliyindən danışıb: "Restoranda ağır zəhmət çəkənlərə qarşı diqqətli olun. Bizim hamımız çox məşğuluq. Mənim çalışdığım sahə elədir ki, mən heç nə eləmirəm. Səhərlər treylerimi (aktyorun müvəqqəti qaldığı vaqon) düzəldən, oyun üçün lazım olan əşyaları verən, makiyajı, saçı düzəldən, kamera arxasında duran insanlar - mənim bu səfeh sifətimi ekrana çıxaran bu insanlardır. Mən heç nəyəm. Mən, sadəcə, alətəm. Özünü xüsusi sayan insanlar - cəhənnəmi Yer üzündə yaşamağın əsl yolu elə budur".

Anthony Hopkins 1968-ci ildə "The Lion in Winter" filmində Katharine Hepburn və Peter O’Toole kimi böyük aktyorlarla tərəf müqabili olub: "[Hepburn] və mən o qəsrin yanında günəşdə dayanmışdıq. O dedi: "Ümid edirəm, sən buna görə şükür edirsən. Biz burada qışın ortasında, Fransanın cənubunda günəşdə yanaraq çoxlu pul qazanırıq".

Aktyor karyerasını dayandırıb təqaüdə çıxmaq istəmədiyini deyir: "Arvadım bu səhər mənə dedi ki, təqaüdə çıxsan ölərsən. Yox, mən işləməyə davam etmək istəyirəm. Mənə dişlərim, yaxud saçlarım tökülənə qədər iş təklif olunsa, mənə təklif olunan hər şeyi edəcəyəm".

XS
SM
MD
LG