Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:59

‘Apteklərdə zəruri ləvazimatlar yoxdur, olanların da qiymətləri artırılır’


Arxiv foto
Arxiv foto

Fevralın 28-də Azərbaycanda koronavirusa ilk yoluxma faktının təsdiqləndiyi açıqlanıb. Fevralın 29-da isə daha iki nəfərin koronavirusa yoluxduğu bildirildi. Onlardan ikisinin Azərbaycan, birinin isə Rusiya vətəndaşı olduğu qeyd edilir. Hər üç şəxsin İrandan gəldiyi deyilir. Üstəlik hazırda son günlər İrandan qayıtmış bir nəçə yüz şəxsin Azərbaycanın cənub rayonlarındakı xəstaxanalarda karantinə alındığı vurğulanır. Artıq Nazirlər Kabineti də fevralın 29-u saat 16:00-dan iki həftə ərzində İranla sərhəddin bağlandığını açıqlayıb.

AzadlıqRadisu sərhəddin bağlanması ilə bağlı qərar açıqlanmamış bütün bu məsələlərlə bağlı tibb sahəsi üzrə professor Adil Qeybulla və bəzi başqa şəxslərlə söhbətləşib.

Professor istər koronavirusun aşkar olunduğu, istərsə də bunda şübhəli sayılanların da hamısının karantinə alınmasını vacib hesab edir:

“Karantin nəzarət deməkdir, bunun üçün də xüsusi ayrılmış yerlər olmalıdır ki, başqa şöbələrlə kantakta olmasın”.

“Mən bütün tələblərə cavab verən dövlət qərargahı görmürəm”

Adil Qeybulla, arxiv foto
Adil Qeybulla, arxiv foto

Adil Qeybulla Astara və Cəlilabad rayonlarında ( Cənub rayonları-red) saxlanılan şəxslərin şikayətlərindən xəbərdar olduğunu bildirib:

“Xəstəxanalarda karantin üçün elə yerlər ayrılmalıdır ki, orda şəxslərin əlavə xəstəlik yox, ondan şəfa tapması imkanı olsun. İkinci, gözlənilən təhlükəyə hazır olmağımız üçün xəstəxanalar vaxtında hazırlanmalıydı. Çünki koronavirus infeksiya olduğundan hər yerdə ola bilər və yayılmaq imkanları var. Müəyyən hazırlıqlar var, sərhəd zonalarında müəyyən səyyar hospitallar tikilir. Amma mən bütün tələblərə cavab verən dövlət qərargahı görmürəm və effektiv mübarizə də hiss olunmur. Əvvəla, televiziyalarda intensiv və operativ maarifləndirmə işləri aparılmır. İkinci, apteklərdə zəruri ləvazimatlar yoxdur, olanların da qiymətləri artırılır. Karantin elə bir situasiyadır ki, konkret bir ərazidə sanitar-epidemoloji nəzarət sərt şəkildə həyata keçirilməlidir. Karantin qaydaları olan yerdə ölkənin qanunları qüvvədən düşür, əgər bunlar olsaydı, indi fərqli mənzərə yaranardı. Çində koronavirusla mübarizənin uğurunun bu səviyyədə olmasının səbəbi karantin şəbəkəsinin effektiv qurulması idi. Əks təqdirdə ölüm sayı indikindən çox olardı”.

Astara Gömrük Keçid məntəqəsi, 2017
Astara Gömrük Keçid məntəqəsi, 2017

Adil Qeybullanın sözlərinə görə, İran ilə sərhədlər ilk gündən bağlanmalı idi, əgər bu baş versəydi, axının qarşısı müəyyən qədər alınardı:

“Hətta deputat da vəfat edib”

“ Düzdür, hökumət iqtisadi səbəbləri əsas gətirir, ancaq infeksiya vüsət alsa, iqtisadiyyata bundan da ağır zərər vura bilər. Ermənistan ilk gündən bağladı və düzgün addım idi. İranda xəstələrin sayı çoxdur, ölüm halları artır, hətta deputat da vəfat edib”

Ancaq professor ümidlidir, çünki onun sözlərinə görə, infeksiya pik nöqtədən aşağıya enir:

“Hazırda dünyada 80 mindən çox insan koronavirusa yoluxsa da, ölənlərin sayı 3 minə çatmır. İnfeksiya 100 və ya 50 il əvvəl olsaydı, ölənlərin sayı daha çox olardı. Sadəcə, Avropa ölkələri infeksiyanı lokallaşdıra bildi. Qonşu İranda isə infeksiyanın geniş vüsət alması bizim üçün narahatlıqlar yaradır...”

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi, V çağırış Milli Məclisin üzvü Hikmət Babaoğlu isə Azərbaycanın İran ilə sərhədlərinin qapanması mövzusunda bunları deyib (Onda hələ sərhədin bağlaması ilə bağlı qərar açıqlanmamışdı-red):

“Yəqin ki, qərar verməli olan orqanlar vəziyyəti daha aydın və daha doğru təhlil etmək üçün əlavə informasiyalara malikdirlər. Məncə, dövlət ən doğru qərarı qəbul edəcək”.

H.Babaoğlu Ermənistanın İranla sərhədlərini daha tez bağlanması məsələsinə şərh vermək istəməyib:

“Xəstəxanalar hazır vəziyyətdə, maarifləndirmə işləri də aparılır”.

“ Düşünürəm ki, önləyici tədbirlər nəzərə alınmaqla sərhədlərdə məhdudiyyətlər tətbiq etmək olar”

Deputat hökumətin infeksiya ilə mübarizə istiqamətində bütün vacib addımların atdığını bildirib:

“Xəstəxanalar hazır vəziyyətdə, maarifləndirmə işləri də aparılır”.

Xəstəxana, arxiv foto
Xəstəxana, arxiv foto

“Cənab Prezident özü lazımi qurumlara bununla bağlı tapşırıqlarını da verdi”

Onun həmkarı Məlahət Həsənova isə xatırladıb ki, koronavirus Çində vüsət götürəndə Azərbaycan hökuməti vacib qərarlar qəbul edib:

“Cənab Prezident özü lazımi qurumlara bununla bağlı tapşırıqlarını da verdi. İkinci, insanların informasiya almaq imkanları yetərincədir, televiziyalarda da maarifləndirici işlər aparılır. Üçüncü, koronavirus qeyri-adi bir xəstəlik deyil, hava damcı infeksiyasıdır. Çalışmaq lazımdır ki, lazım olmadıqda kontakta girməyəsən, müxtəlif dizinfeksiyaedici tədbirlər görülməlidir və bunun üçün də zəruri tədbirlər görülüb. Sadəcə, panika var, başqa heç nə. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Amerika kimi ölkədə ildə 20 milyondan çox adam qripə yoluxur, onminlərlə insan da ölür...”.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 min civarında olduğu bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Bundan əvvəl isə bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı qeyd edilirdi. İranda azı 40-dan çox şəxsin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar. Azərbaycan isə İranla sərhədi, yalnız fevralın 29-u saat 16-dan bağladığını bildirib.

XS
SM
MD
LG