Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:23

'Atam deyir, qaz bahadır, yandırsaq, bizi cərimə edərlər'


İsmayıl Sultanov
İsmayıl Sultanov

«Vallah qaz yandıranda qapını da, pəncərəni də bərk-bərk bağlayırıq. Pəncələrdə nəfəslik yoxdur. Üstəlik, pəncərəyə əlavə polietilen örtürük ki, istilik çıxmasın».

Bu sözlər Astara şəhər sakini İsmayıl Sultanova məxsusdur. Onun deməsinə görə, evdə qazla ancaq yemək bişirirlər:

«YAY ƏKİNÇİYİK, QIŞ DİLƏNÇİ»

«Bir evdə mən və qardaşım qalırıq. İkimiz də ailəliyik, 9 nəfərik. Anam da bizimlədir. Heç birimiz işləmirik, iş yoxdur. Yay əkinçiyik, qış dilənçi. Qaz yandıra bilmirik. Bahadır, ödəyə bilmirik. Ona görə də odundan istifadə edirik. Yaxın qonşuların həyətindən gətiririk. Satışda odun da bahadır...».

Sultanovlara məxsus ev ötən əsrin 70-ci illərində tikilib. Gündüzlər hamısı, demələrinə görə, dar eyvana toplaşır. Burda soba qoyulub. Sobada həm odun yandırırlar, həm də təbii qaz.

85 yaşlı Lətifə Sultanova sobanın yanında, yerdə əyləşib. Övladları deyir ki, onun daimi yeri buradır. Evdə ən isti yer də oradır. Lətifə Sultanova deyir ki, onlarda heç vaxt dolanışıq belə çətin olmayıb:

Sənan Sultanov və Lətifə Sultanova
Sənan Sultanov və Lətifə Sultanova

«QAZ OLA-OLA YANDIRA BİLMİRİK»

«Sovet dövründə sahələrdə tərəvəz yetişdirirdik. Pis-yaxşı ayda 50-60 manat pul alırdıq. Qaz, çörək, işıq ucuz idi. İndi hər şey bahadır. Hamı işsizdir. Bu qədər ailə mənim pensiyamın ümidinə qalıb. Özüm də xəstə. Ay başına dönüm, belə şey olar? Prezidentdən razıyıq. Ancaq belə olmaz. Qaz ola-ola yandıra bilmirik. Yandıranda da pulunu verə bilmirik, qaz xəttini kəsirlər».

Ailənin 9 yaşlı uşağı Sənan Sultanov deyir ki, hava indi bir qədər yaxşıdır. Qar yağanda əziyyət çəkirlər:

«ODUNA GÖRƏ EVLƏRİ GƏZİRƏM»

«Qaz yandırmırıq. Oduna görə evləri gəzirəm. Atam deyir ki, qaz bahadır, yandırsaq, bizi cərimə edərlər. Odur ki, yandırmırıq. Qar yağanda vəziyyət daha pis olur. Nə qədər paltar geyinirik, yenə soyuq olur. Məktəbin yolu da pisdir, dağılıb».

Aslan Şəfiyev
Aslan Şəfiyev

Sultanovların qonşusu Aslan Şəfiyev də eyni çətinliklərdən gileylənir. Üstəlik, o qeyd edir ki, qazın təzyiqi aşağıdır:

«Bu barədə yuxarı orqanlara dəfələrlə yazmışıq. Qaz guruldayır, istilik yoxdur. Yandırmağa da peşman olursan. 3 il bundan əvvəl təzə qaz xətti çəkiblər. Yolları da dağıtdılar, elə olduğu kimi qalıb. Çox çətindir. Belə ailələr çoxdur, qaz yandırmırlar, ödəməyə imkanları yoxdur».

Digər sakin Fəyyaz Nuriyev son zamanlar qazın zəiflədiyini bildirir:

«Müraciət etmişik, səbəbini demirlər. Məktəbli uşaqlarım da var. Qaz səhərə yaxın daha çox zəifləyir. Uşaq məktəbə gecikir».

Odunu qazdan istifadə edənlərin həyətlərindən toplayırlar.
Odunu qazdan istifadə edənlərin həyətlərindən toplayırlar.

270 MİN MANAT BORC

Astara rayonu Qaz İstismar Sahəsindən aldığımız məlumata görə, rayonda 16 min abonenti var. Qazpulu ilə bağlı 270 min manat borc yaranıb. Borcu olanların əksəriyyəti Astara şəhər və Ərçivan qəsəbə sakinləridir.

Ancaq idarədə qazın təzyiqinin aşağı olması fikri ilə razılaşmırlar.

Ərçivan qəsəbə sakini, mədəniyyət işçisi Vaqif Əhmədoğlunun deməsinə görə, kasıb ailələr qaz pulunu ödəyə bilmirlər. Onların çoxu odundan istifadə etməyə üstünlük verir: «Pulları yoxdur. Buna görə də odunla keçinirlər. Odunu da qazdan istifadə edənlərin həyətlərindən toplayırlar. Belə ailələr çoxdur, qaz xətti var, ancaq yandırmırlar».

XS
SM
MD
LG