Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:45

Astara sakini: «Pul məmurların gözlərini tutub»


Məscidməhəllə kəndinin sakinləri.
Məscidməhəllə kəndinin sakinləri.

Astara rayonunun Məscidməhəllə kəndi İranla sərhəddə yerləşir.
İrana nəzərdə tutulan dəmiryol çəkilişi də bu kəndin ərazisindən keçəcək. Sərhəd xəttinin o tayında dəmiryol körpüsünün inşası gedir. Dəmiryolun keçəcəyi yerlərə torpaq döşənib. Çınqıl daşıyan yük maşınlar ara vermir. Dəmiryolun ilin sonuna kimi hazır olacağı bildirilir.

Evlərin həyətindən keçən yeni yolla hərəkət edirik. Bizə bələdçilik edən kənd sakini Nail Qənbəroğlu deyir ki, 10-a yaxın ev və hektarlarla həyətyanı torpaq plana düşüb. Onun yaşadığı ev və həyəti də plana düşən əraziyə daxildir. Həyətdə feyxoa, naringi və digər meyvə ağacları var. Həyətin yarısı yeni çəkilmiş yolun altında qalıb.

Nail Qənbəroğlu
Nail Qənbəroğlu

«QİYMƏT BİZİ QANE ETMİR...»

O deyir ki, oğlu ilə yaşayır, ailədə 6 nəfərdirlər. Nəzərdə tutulmuş kompensasiyanı, hələ də, verməyiblər. Qışa kimi təzə ev tikib ora köçməlidirlər:

«Müəyyən edilmiş qiymət bizi qane etmir. Əvvəlcə dedilər ki, yaşayış sahəsinin hər kvadratını 800 manatdan çox hesablayacaqlar. İndi deyirlər ki, 200 manata yaxın olacaq. Həyətyanı torpağın hər sotunu 1450 manatdan götürmüşdülər. İndi deyirlər ki, 1000 manatdan veriləcək. Qiymət məsələsində bizimlə razılaşma olmayıb».

«HƏR AĞACA 15-20 MANAT QİYMƏT QOYUBLAR»

N.Qənbəroğlu əli ilə meyvə bağlarını göstərib sözünə davam etdirir:

«Qazancımız ağaclardan idi. Hər ağaca 15-20 manat qiymət qoyublar. Biz yolun çəkilişinə xeyir-dua vermişik. Dövlətin işidir, bunu başa düşürük. Prezidenti dəstəkləyirik. Belə də olmaz axı? Hüquqlarımızı tapdalamasınlar. Mənim həyətyanı sahəm 35 sotdur. Əvəzində 20 sotunu hesablayırlar. Mənim ata-baba torpağımdır. Bu torpaqları bizə keçən əsrin 50-ci 60-cı illərində veriblər. Digər 7 sot torpağa ilkin sənədim var, onun da pulunu vermirlər. Bilmək olmur. Gəlib pulu verəcəklər, deyəcəklər ki, köçün. Vaxt da qoymayacaqlar. Evi bir aya tikmək olarmı? Heç kim bizi eşitmir».

Səfər Əliyev
Səfər Əliyev

«HƏR DƏFƏ SÖZ VERİRLƏR, ƏMƏL OLUNMUR»

Kəndin digər sakini Səfər Əliyev də kompensasiyanın verilməsi ilə bağlı onlarda məlumat olmadığını deyir:

«Allah xeyir versin. Pulu ödəsinlər, sonra evləri söksünlər, həyətdə iş görsünlər. Hər dəfə söz verirlər, əməl olunmur. 3 ay keçir üstündən. Belə olmaz axı. Bizə deyirlər ki, dövlət qeydiyyat nişanı götür. İlkin sənədlər var. Evi sökəcəklərsə dövlət qeydiyyat nişanı nəyə lazımdır? Ona da pul verək? Haradan gətirək? Rayon icra hakimiyyətinin birinci müavinin yanında olmuşam. Ağıryüklü maşınlar gecə-gündüz evin 2-3 metrliyindən keçir, ev silkələnir. Ailə var, uşaq var. Yaşamaq qeyri-mümkündür. Pulumuzu versinlər, gedib başımıza çarə qılaq. Nə məqsədləri var, pulumuzu vermirlər? Kimə şikayət edək? Baxan yoxdur».

Çingiz Əliyev
Çingiz Əliyev

«İTALİYADAN 25 MİN AVROYA AĞAC GƏTİRİRLƏR»

Kənd sakini Çingiz Əliyevin də əkin sahəsi plana düşüb. O, məmurların biganəliyindən narahat olduğunu deyir:

«Əkin sahəsinin hər sotuna 140 manat, hər ağaca uzaqbaşı 50 manat verir. İtaliyadan 25 min avroya ağac gətirirlər. Dekorativ ağacları 30 min avroya alırlar. 30 il meyvə verən ağaclarımıza 50 manat ödəyirlər. Adama da qulaq asmırlar. Nəyin bahasına olursa olsun haqqımızı kəsmək istəyirlər. Yaddan çıxardırlar ki, biz bu dövlətin, Azərbaycanın vətəndaşlarıyıq. Biz pulu kefə almırıq. Bu qiymətləri haradan götürürlər?».

Tahir Həsənov
Tahir Həsənov

«BREZHNEV CAVAB VERMİŞDİ Kİ...»

Kəndin 70 yaşlı sakini Tahir Həsənov da əkin sahəsinin əraziyə düşdüyünü deyir. O, da qiymətdən narazılıq edir:

«Bu kənddə böyümüşəm, sərhədin yanında. 1965-ci ildə bizi bura köçürtdülər. Ev tikəndə də bizə kömək etdilər. Bu dəmiryolun çəkilişi söhbəti Brezhnev-in dövründən var. O vaxtları kəndimizin bir yaşlı sakini Brezhnev-ə yazmışdı ki, burdan dəmiryol keçəcək, burda ev tikə bilərəm ya yox? Brezhnev cavab vermişdi ki, tikə bilərsən. O vaxtları çəkmək istəyirdilər. İndi gəlib çıxmışıq bu dövrə. Eşidəndə ki, burdan dəmiryol keçəcək, sevindik. Fikirləşdik ki, balalarımız da burda işləyər. Amma balalarımızı burda işə götürmədilər. Torpaqlarımızın, evlərimizin qiymətlərini də imkan daxilində azaltdılar. Məmurlar bizi dinləmir. Pul məmurların gözlərini tutub. Gətirib gizli şəkildə pulu verəcəklər. İki sənədə imza atmışam. Bilmirəm ki, mənə nə verəcək».

Ətrafımıza toplaşan kənd sakinlərin şikayətləri tükənmir...

Ağıryüklü maşınlar iki il bundan əvvəl asfaltlaşdırılmış Suparibağ-Alaşa yolunu tamamilə sıradan çıxardıb. Həmin yoldan geri qayıtmalı olduq.

Burdan dəmiryol keçəcək.
Burdan dəmiryol keçəcək.

İCRA HAKİMİYYƏTİ NƏ DEYİR

Astara rayon İcra Hakimiyyətindən bildirdilər ki, kompensasiyalardan ötrü «Kapitalbank»ın yerli şöbəsinə 1 milyon 200 manat köçürülüb. Bir aya kompensasiyaların ödənməsi nəzərdə tutulub.

İcra hakimiyyətindən bildirildiyinə görə, notariat qaydada alqı-satqı olmalıdır. Sənədləşmə gedir. 150 nəfərdən çox vətəndaşa kompensasiya düşəcək. Qiymətlərlə bağlı siyahı tutulub.

İcra hakimiyyətindən deyilənə görə, sakinlər də bu siyahı ilə tanış olublar.

«Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində Astara çayının üzərində 82.5 metr körpü və 8.3 kilometr dəmiryol çəkilişi nəzərdə tutulub. İranla Azərbaycanın dəmir yolları birləşməlidir. Dəmiryolun inşasından ötrü Astara rayonunda 10-dan çox evin sökülməsi nəzərdə tutulub. Yol hektarlarla əkin və həyətyanı sahələrdən keçəcək.

XS
SM
MD
LG