Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:06

Masazırın icra nümayəndəsi: 'Ata Abdullayevin anası yaylığını atdı ayağıma ki…'


Ata Abdullayev
Ata Abdullayev

Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır qəsəbəsi üzrə icra nümayəndəsi Şahlar Həsənov deyir ki, özünü videobloqer kimi təqdim edən Ata Abdullayev ondan 10 min manat pul tələb edib. Sonradan məbləği 6 min manata endirib. Amma o bu pulu da verməkdən imtina edib. İcra nümayəndəsi noyabrın 30-da məhkəmədə bu barədə danışıb. Onun sözlərinə görə, Abdullayev Masazır qəsəbəsində məişət tullantılarıyla bağlı videoçəkilişləri dayandırmaqdan ötrü bu pulu tələb edirdi.

"Çəkiliş gedə-gedə yığışdırıldı"

Həsənov deyir ki, Abdullayev 2020-ci ilin sentyabrında birinci dəfə Masazırda canlı yayım açanda ona xəbər veriblər. O da dərhal həmin yerə gedib, aralarında elə canlı yayım gedə-gedə mübahisə yaranıb: "Ona dedim ki, burada məişət tullantıları yoxdur, evlərdəki təmir işlərindən çıxan söküntülərdir. Çəkiliş gedə-gedə yığışdırıldı. Özü canlı yayımda bunu dedi. Sonra mütəmadi eyniməzmunlu çəkilişləri davam etdirir, rayon rəhbərliyinin adını hallandırırdı. Ona bununla bağlı irad bildirəndə dedi ki, o arvad (Abşeron rayonunun icra başçısı İradə Gülməmmədova nəzərdə tutulur-red.) bizi saymır. Məndən pul istədi. Dedim ki, maaşa baxan adamam, bir manat da əlavə almıram. Gücüm sənə bir quzu kəsdirib verməyə çatar, ona da razılaşmadı".

İcra nümayəndəsi etiraf edib ki, Masazırda bəzən məişət tullantılarının daşınmasıyla bağlı problem olur. Onun sözlərinə görə, bu da həmin ərazidə 100 min nəfərə yaxın əhalinin yaşaması, daşınma üçün texnikanın azlığı və istismar müddətinin başa çatmasıyla əlaqədardır. Həsənov deyir ki, rayon rəhbərliyi bununla bağlı Nazirlər Kabinetinə də müraciət edib.

O da məlum olub ki, Həsənov məhkəməyə gəlməmişdən iki gün öncə Ata Abdullayevin anası icra nümayəndəsinin evinə gedib: "Anasına ürəyim ağrıdı. Yaylığını ayağımın altına atdı. Ona dedim ki, mənim də anam var. Niyə vaxtında ona demirdiniz ki, belə işlər eləmə...".

"Niyə pul istəyəndə çəkməmisiz?"

Abdullayev isə icra nümayəndəsindən pul istəmədiyini, onun bu haqda danışdıqlarının cəfəngiyat olduğunu deyir. Onun sözlərinə görə, zərərçəkmiş qismində tanınan icra nümayəndəsi məhkəməyə xəstə olması haqda arayış göndərdiyindən anası onlara gedib. O, icra nümayəndəsindən sübut tələb edib: "1992-93-cü illərdə yaşamırıq. Əllərdə müxtəlif vasitələr var. Niyə pul istəyəndə çəkməmisiz? Atamın, cavan qardaşımızın ruhuna and olsun ki, iki yetim uşağa baxıram. Allaha and olsun ki çəkilişlərdə Şahlar Həsənovun adını çəkməmişəm. Mən demişəm ki, "İradə Gülməmmədova, diqqət yetirin...".

Məhkəmə dekabrın 7-də davam edəcək.

Xatırlatma

İndiyədək bir sıra qalmaqallarda adı keçən Ata Abdullayev martın 12-də DTX əməkdaşları tərəfindən saxlanıb. O, dörd nəfərdən şantajla pul tələb etməkdə, onlardan birinə "iPhone" markalı mobil telefon aldırmaqda suçlanır.

Onun ittiham olunduğu CM-in 182-ci maddəsində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Abdullayev bundan öncə də onlayn oğurluğa görə MTN əməkdaşları tərəfindən saxlanmış, son nəticədə ona şərti cəza verilmişdi.

XS
SM
MD
LG