Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:15

YAP-çı deputat ATƏT-in rəyi haqda: 'Onların missiyası... milçəkdən fil düzəltməkdir'


Seçkidən sonra İlham Əliyevə dəstək yürüşü
Seçkidən sonra İlham Əliyevə dəstək yürüşü

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının (SMM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı ilkin rəyi fərqli yozumlara səbəb olub.

Missiyanın rəyində bildirilir ki, 7 fevral seçkiləri məhdudlaşdırıcı mühitdə keçib, seçkiyə hazırlıqlar səmərəli idarə edilsə də, tənqidi səslərin boğulması və siyasi alternativlərin olmaması ilə yadda qalıb.

Vurğulanıb ki, məntəqələrdə seçki günü sakit və bütövlükdə nizam-intizamlı keçib: "Bununla bərabər, müşahidə edilən 1226 seçki məntəqəsinin 7.7 faizində səsvermə proseduru müşahidəçilər tərəfindən mənfi qiymətləndirilib".

Sənədə görə, müşahidəsi aparılan məntəqələrin təxminən yarısında səslərin sayılmasının şəffaflığı pozulub.

E.Nəsirov
E.Nəsirov

"Əvvəlki illərlə müqayisədə bu dəfə ATƏT..."

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Elman Nəsirov "Turan"a açıqlamasında DTİHB-nin müşahidə missiyasının tənqidi fikirlərinə təəccüblənmədiyini deyib: "Əvvəlki illərdə də ATƏT-in tənqidlərinin özü tənqidə dözmürdü. Bu dəfə də qüsurlar onların hesabatında qeyd olunub, amma əvvəlki illərlə müqayisədə bu dəfə ATƏT daha çox müsbət fikirləri ifadə edir. Onları seçici fəallığı müsbət mənada təəccübləndirmişdi və onlar bunu özləri demişdi".

E.Nəsirovun sözlərinə görə, buna baxmayaraq ATƏT DTİHB-in öz yanaşmaları var: "Onların missiyası daha çox ondan ibarətdir ki, qüsurları şişirtsinlər, milçəkdən fil düzəltsinlər. Amma ən əsası odur ki, seçki fəallığı yüksək səviyyədə oldu və belə olan halda, seçki pozuntusu üçün şərait yaranmır, çünki vətəndaş gəlib bülletenə sahib çıxır".

F.Mustafa
F.Mustafa

"Hazır qovluqda gətirilmiş fikirlərdir"

Prezident seçkisində namizəd olan Böyük Quruluş Partiyası sədri Fazil Mustafa da "Turan"a deyib ki, ATƏT-in seçki missiyasının rəyində olan fikirlər trafaret və hazır qovluqda gətirilmiş fikirlərdir: "Bu, reallığı əks etdirmir. Məsələn, deyilir ki, indiki prezidentin siyasətinə alternativ hər hansı bir sənəd ortaya qoyulmadı. Mənim seçki platformam bütün Azərbaycanın problemləri ilə bağlı alternativ bir proqram idi. Prezidentin siyasəti prezident respublikasıdır, biz isə orada parlament respublikasına keçid, proporsional seçki sistemini göstərmişik. Orada bir çox məsələlərə alternativ baxışımız olub. Biz bu platformanı ATƏT nümayəndələrinə təqdim etmişik, onlar bununla tanış olmayıblarsa, bu, bizim günahımız deyil".

A.Hacılı
A.Hacılı

"Demokratik seçkilər keçirən ölkədə siyasi məhbuslar olmamalıdır"

Seçkilərə qatılmayan müxalif Müsavat Partiyasının başqanı Arif Hacılı isə AzadlıqRadiosuna bildirib ki, seçkilərin demokratikliyini yalnız seçki günü müəyyənləşmir: "Seçkilərin azad və ədalətli olması üçün ölkədə demokratik şərait olmalıdır, ölkədə sərbəst toplaşmaq, ifadə azadlığı təmin edilməlidir, bərabərhüquqlu rəqabət şəraiti olmalıdır. Demokratik seçkilər keçirən ölkədə siyasi məhbuslar olmamalıdır".

Partiya başqanı hesab edir ki, Azərbaycanda seçkiqabağı demokratik şərait mümkün deyildi: "Təəssüf ki, Azərbaycan hakimiyyəti bu məsələlərdən nəticə çıxarmaq, ölkədə Konstitusiyaya və beynəlxalq konvensiyalara uyğun demokratik şərait yaratmaq əvəzinə, o məsələlər barədə obyektiv fikirləri səsləndirən qurumları qərəzli elan edir".

A.Qasımlı
A.Qasımlı

"Daha sərt hesabat ola bilərdi"

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı da AzadlıqRadiosuna bildirib ki, bu, qeyri-demokratik, qeyri-şəffaf və qeyri-rəqabətli seçkilər idi: "Seçki günü də saxtakarlıqlar, topa bülletenlərin qutuya atılması, "karusel"lər (eyni şəxslərin müxtəlif məntəqələrdə səs verməsi), inzibati resurslardan istifadə etmə, müşahidəçiliyin faktiki olaraq olmaması tipli qanun pozuntuları olub".

Onun fikrincə, ATƏT-in rəyi reallığı əks etdirir, amma çox sərt deyil və daha sərt hesabat ola bilərdi: "Bu hesabatdan sonra daha bir hesabat olmalıdır və orada daha sərt dildən istifadə oluna bilər".

A.Qasımlının sözlərinə görə, bu, artıq siyasi və geosiyasi məsələdir: "İlham Əliyevin seçkilərdən sonrakı davranışlarına, onun atacağı addımlara uyğun olaraq davranılacaq".

Xatırlatma

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına görə, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, ölkəyə son 21 ildə rəhbərlik edən İlham Əliyev digər altı namizədi kəskin şəkildə qabaqlayaraq səslərin 90 faizdən çoxunu qazanıb.

Ölkə qanunvericiliyə əsasən, əslində bu prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Prezident İlham Əliyev seçkinin tarixinin bir il önə çəkilməsini artıq Azərbaycanın bütün ərazilərində suverenliyin bərpa olunması ilə izah etmişdi. (2020-ci ildə Ermənistanla 44 günlük savaş, ötən il isə qısa hərbi əməliyyatlarla Dağlıq Qarabağ və ətraf 7 rayon işğaldan azad edilib)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), Müsavat kimi bəzi müxalifət qüvvələri bunu "qəfil seçki" adlandıraraq hakimiyyətin əslində rəqabətli, sivil mübarizəyə hazır olmadığını bəyan ediblər. Onlar bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar. Rəsmilər isə deyir ki, ölkədə azad və ədalətli seçkilər üçün bütün imkanlar var.

XS
SM
MD
LG