Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:01

Avropa İttifaqı: Rusiya, Çin və İran müştərək dezinformasiya kampaniyası aparır


Avropa İttifaqının monitorinqçiləri koronavirus pandemiyası barədə Çin, İran və Rusiyadan qaynaqlanan “dezinformasiyalar arasında üçtərəfli məzmun çulğalaşmasının” olduğunu aşkar ediblər.

AzadlıqRadiosunun tanış olduğu hesabatda deyilir ki, bu dezinformasiyalar əlaqələndirilmiş şəkildə “tirajlanır”.

Aİ-nin 20 aprel tarixli sənədində bildirlir ki, dezinformasiyaların ümumi mövzusu koronavirusun guya Birləşmiş Ştatlar tərəfindən rəqiblərinə qarşı düzəldilmiş bioloji silah olması üzərində cəmləşib.

Sanksiyaların qaldırılmasına çalışılır

İkinci bir dezinformasiya mövzusu Çin, İran və Rusiyanın koronavirusla mübarizədə guya Qərbdən daha uğurlu olması barədədir.

Sənəddə habelə bildirilir ki, Rusiya mediası tərəfindən dəstəklənən İran liderləri ABŞ-ın Tehrana qarşı sanksiyalarının humanist əsaslarla, koronavirus epidemiyasına görə qaldırılmasına çağırışlar edirlər.

Bu da qeyd olunur ki, sanksiyaların qaldırılması Rusiya, İran və Çin mediasının ortaq mövzusudur və Rusiya, İran, Suriya və Venesuela üzərindən ABŞ sanksiyalarının qaldılmasının təbliğatı kampaniyasının özəyini təşkil edir.

Bu ölkələrin üzərindəki sanksiyalar Trump administrasiyası tərəfindən daha da gücləndirilib.

Kremlyönlü dezinformasiyalar

Suriya məsələsinə gəldikdə COVID-19 dezinformasiyasından məqsəd guya Suriyaya qarşı “iqtisadi müharibə” aparan Avropa İttifaqının tənqidlərə hədəf edilməsidir.

25 səhifəlik hesabat Avropa İttifaqı diplomatik korpusunun strateji kommunikasiyalar bölməsi tərəfindən tərtib edilib.

Avropa İttifaqının aprel ayında açıqladığı başqa bir hesabatda deyilirdi ki, Rusiya və Çinin koronavirus pandemiyası ətrafında apardığı dezinformasiya kampaniyasının bütün planetin sağlamlığı üçün “ziyanlı nəticələri” ola bilər.

Mart ayında hazırlanmış hesabatda isə vurğulanırdı ki, kremlyönlü medialar Qərb ölkələrində ictimaiyyətin hökumətlərə etimadını sarsıtmaq üçün dezinformasiya yayrılar.

Qəsd nəzəriyyələri

Yeni hesabatda bildirilir ki, Rusiya və ondan bir qədər az dərəcədə Çin, koronavirus epidemiyası ilə bağlı Avropa İttifaqı əhalisini hədəfləyən “qəsd nəzəriyyələrini” yayırlar.

Sənəddə bu da qeyd olunur ki, dezinformasiya kampaniyasından məqsəd Avropa İttifaqının böhrana reaksiyasını gözdən salmaqdır.

Hesabatda deyilir ki, sözügedən dezinformasiyaların yayılması üçün Twitter və Facebook kimi sosial çedia platformalardan geniş istifadə olunur.

Hesabat komandasının apardığı təhlil göstərib ki, virus barədə əsas dezinformasiya Avropa İttifaqının daxilində və xaricindəki kiçik media bazarlaırnda aparılır, çünki burada böyük sosial media şirkətlərinin əks-tədbirlər görməsi mürəkkəbləşir.

Desinformasiyaların əsasən rus, çex və ukrayn dillərdinə aparıldığı xüsusilə vurğulanır.

XS
SM
MD
LG