Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:45

Jozep Borrel Azərbaycana mesaj verdi


 Jozep Borrel
Jozep Borrel

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Ermənistanda sərhəd monitorinq missiyasının uzadılması təklifini təsdiqləyiblər. Onlar həmçinin Ermənistanla viza liberallaşdırılması üzrə danışıqları aktiv fazaya keçirmək qərarına gəliblər. Bu haqda Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel (Josep Borrell) noyabrın 13-də Brüsseldə məlumat verib.

Xarici İşlər Şurasının iclasının gündəliyinə Ermənistan-Azərbaycan münasibətləri də daxil idi.

"Ermənistandakı missiyamızı gücləndirmək... sərhədin həssas yerlərinə daha çox patrul yerləşdirmək qərarına gəldik", – Borrel görüşdən sonra deyib.

"Biz həmçinin Ermənistana Avropa Sülh Fondu çərçivəsində mümkün dəstəyi və Ermənistan üçün viza liberallaşdırılmasını nəzərdən keçirəcəyik", – diplomat sözlərinə əlavə edib.

Avropa Sülh Fondu Brüsselə birlik üzvü olmayan ölkələrin müdafiə qabiliyyətini artırmaq, münaqişələrin qarşısını almaq, sülhü gücləndirmək imkanı verir. Ukrayna, Gürcüstan və Moldova Aİ-dən bu layihə çərçivəsində yardım alır.

Azərbaycana mesaj

Borrel onu da deyib ki, Aİ Ermənistanda sabitliyi daxildən və xaricdən pozmağa yönəlik istənilən cəhdə qarşı ayıq-sayıq olmalıdır.

"Bizim Azərbaycana mesajımız aydındır: Ermənistanın ərazi bütövlüyünü istənilən şəkildə pozmaq qəbuledilməz sayılacaq, münasibətlərimizin keyfiyyətinə ciddi təsirləri olacaq", – Aİ-nin xarici siyasət rəhbəri vurğulayıb.

Borrel Aİ Şurasının prezidentinin gördüyü iş əsasında Ermənistanla Azərbaycan arasında danışıqların bərpasına çağırıb.

"Bizə sülh sazişinin bağlanması lazımdır, vasitəçi rolumuzu davam etdirməyə sadiqik", – deyən Borrel onu da əlavə edib ki, Aİ-nin xarici işlər nazirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı Xarici İşlər Şurasının gələcək iclaslarından birinə dəvət etmək qərarına gəliblər.

Aİ xarici işlər nazirlərinin qərarları Avropa Komissiyasına təqdim olunacaq. Komissiya isə bundan sonra onların icrası üçün təkliflər verir. Təkliflərdə aydın göstərilməlidir ki, Aİ-nin Ermənistandakı missiyası (EUMA) hansı miqyasda və necə genişləndirilir, Yerevan Brüsseldən necə bir yardım gözləyə bilər. Avropa Komissiyasının qərarlarını isə öz növbəsində Aİ-nin 27 üzvü ratifikasiya etməlidir.

Bakı Aİ-nin missiyasını xoş qarşılamayıb

Azərbaycan Aİ-nin baş diplomatının bəyanatlarını, hələlik, şərh etməyib. Ancaq Aİ-nin daha öncə Ermənistana sərhəd missiyası göndərməsini rəsmi Bakı xoş qarşılamayıb. Prezident İlham Əliyev bu ilin əvvəlində deyib ki, Aİ missiyanın müddətini uzatmaqla əslində manipulyasiya edib. Çünki ilk missiya iki aylığına razılaşdırılmışdı.

EUMA-nın rəhbəri Markus Ritter AzadlıqRadiosuna müsahibəsində Azərbaycan rəsmiləri ilə birbaşa təmas qurmağa çalışdıqlarını, Bakıda əlaqə ofisi açmaq istədiklərini söyləmişdi.

Oktyabrda Aİ-nin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında iki görüş gerçəkləşməyib. Tərəflər buna görə bir-birini günahlandırıblar.

Azərbaycan XİN Aİ ali nümayəndəsinə cavab verib

"Ermənistana ifadə olunan dəstək və Azərbaycana qarşı təhdid dolu ifadələr bu qurumun qərəzli siyasətinin və ikili standartlarının bariz nümunəsidir".

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Aİ-nin ali diplomatı Jozep Borrelin açıqlamasına dair bəyanatında yer alıb.

Açıqlamada vurğulanır ki, Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir: "Hər hansı qeyri-dost hərəkət müsbət nəticələnməməklə yanaşı, adekvat şəkildə cavablandırılacaq".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG