Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:12

Aİ səfiri yeni sazişin yaxın vaxtlarda əldə oluna biləcəyini deyir


Peter Mixalko mətbuat konfransında
Peter Mixalko mətbuat konfransında

Yaxın zamanlarda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş əldə oluna bilər. Hazırda bununla bağlı danışıqlar davam edir. Elə bu həftə də danışıqlarla əlaqədar yeni görüş keçirilib. Bu barədə Avropa İttifaqının (Aİ) Bakıdakı səfiri Peter Mixalko (Peter Michalko) 2022-ci ilin yekunlarına həsr olunmuş brifinqdə məlumat verib.

"Hazırda danışıqlar üstün səviyyədədir, çox irəliləyib. Lakin bəzi məqamlarla bağlı razılaşmanın əldə olunması üçün müzakirələr davam edir. İnanıram ki, çox yaxın zamanda danışıqların tamamlanması və yeni sazişin əldə olunmasının şahidi olacağıq", – səfir belə deyib.

Aİ ilə Azərbaycan arasında yeni Tərəfdaşlıq Razılaşması üzrə danışıqlar 2017-ci ildən gedir. Prezidenti İlham Əliyev ötən ay deyirdi ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb. "Ləng gedir ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və, necə deyərlər, ilişib qaldığımız məsələlər var", – Əliyev vurğulayıb.

"Yeri gələndə biz bunları dilə gətiririk"

Səfir vətəndaş cəmiyyətinin rolu və bu sahədəki problemlər haqda ayrıca danışıb. O bildirib ki, vətəndaş cəmiyyəti dayanıqlı inkişafı təmin edir. Ona görə də vətəndaş cəmiyyəti üçün adekvat şərait təmin olunmalıdır: "Biz vətəndaş cəmiyyətinin fəaliyyətinin təkmilləşməsi deyəndə həm də qanunların təkmilləşməsini nəzərdə tuturuq. Qanunun aliliyi prinsipinə istinad edirik. Məhkəmə islahatları çox vacibdir. Təəssüf ki, bu il hüquq müdafiəçilərinin, fəalların müvəqqəti həbsdə saxlanma halları baş verib. Dialoq zamanı yeri gələndə biz bunları dilə gətiririk. Biz bu məsələləri diqqətdə saxlayacağıq".

"Tərtər işi"

Səfir azərbaycanlı hərbçilərin, guya, Ermənistan xüsusi xidmətləri üçün casusluq etməsini nəzərdə tutan "Tərtər işi"nə də toxunub. Diplomat deyir ki, bu işlə bağlı müsbət dəyişikliklər müşahidə olunur. Güman edir ki, bu proses davam edəcək, həmin hadisələrdən ziyan görənlərin hamısı bəraət alacaq, günahı olanlar isə məsuliyyətə cəlb olunacaq.

"Tərtər işi" üzrə istintaq yenilənəndən zərərçəkmişlərin sayı 400-ə çatıb, iş üzrə 20-yə yaxın hərbçiyə bəraət verilib. Bu işdə bəzi təqsirləndirilənlərə işgəncə verildiyi, bir neçə hərbçinin işgəncələrdən öldüyü bildirilir.

Hakimiyyət rəsmiləri ölkədə heç kəsin siyasi baxışına görə təqibə məruz qalmadığını bildirir.

XS
SM
MD
LG