Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:53

Avropa məruzəçisi Türkiyənin Azərbaycandan başqa dostu qalmadığını dedi


Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Naço Sançes Amor
Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Naço Sançes Amor

Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Naço Sançes Amor (Nacho Sanchez Amor) deyib ki, Ankaranın xarici siyasət məsələlərində “kobud tonu” onun Brüssellə münasibətlərinin yaxşılaşmasını əıngəlləyən əsas faktordur.

AFP agentliyi xatırladır ki, Türkiyə hazırda öz vətəndaşlarının Avropa İttifaqı ölkələrinə səfərləri üçün viza rejiminin yumşaldılmasını və blokla 1995-ci ildə imzaladığı gömrük razılaşmasının təzələnməsini istəyir.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel ötən həftə Ankaranın bəzi addımlarına qarşılıq olaraq bunların hər ikisinin Türkiyəyə təklif olunmasını tövsiyə etmişdi.

Avropa İttifaqı Türkiyənin Rusiyaya sanksiyalardan yan keçmək imkanı verməməsini, habelə ikiyə bölünmüş Kipr adası məsələsində mövqeyini yumşaltmasını istəyir.

Avropanın Türkiyədən “şirin dil” istəyi

Sançes Amor Türkiyəyə fakttoplama missiyasının son günündə Ankaraya daha bir şərti səsləndirib.

O jurnalistlərlə söhbətində Türkiyəyə müraciətlə deyib:

"Aqressiv tondan, hədə tonundan çəkinmək pulsuz və asan işdir. Siz tamamilə təcrid olunmusunuz. İndi yeganə real dostunuz yalnız Azərbaycandır”.

AFP xatırladır ki, Türkiyə 1999-cu ildən bəri Avropa İttifaqı üzvlüyünə rəsmi namizəddir.

Lakin bu proses 2018-ci ildən bəri Türkiyədə insan haqlarının vəziyyətinə və Ankaranın “macəraçı” xarici siyasətinə görə yavaşıyıb.

AFP yazır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstana nadir səfərlərindən birini edəcək. Səfərdən məqsəd iki tarixi düşmən arasında münasibətlərin normallaşdırılmasıdır.

Ərdoğanın sərt bəyanatları

Lakin Ərdoğan may seçkiləri zamanı dəfələrlə Qərbi tənqid edib, ötən ay Almaniyaya səfəri əsnasında isə Həmasla müharibədə Berlinin İsrailə dəstəyini pisləyib.

AFP yazır ki, Ərdoğan Qətər səfərindən dönərkən təyyarəsində olan jurnalistlərlə söhbətində də sərt bəyanatlar verib:

"Əgər bütün Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın İsrailə dəstəyi olmasaydı, biz indi regionumuzda belə vəziyyətlə üzləşməzdik. Bu ölkələrin pul, silah, sursat və avadanlıqla hüdudsuz dəstəyi İsraili Qərbin ərköyün uşağına çevirib”.

Sançez Amor deyib ki, o belə ritorikanın Türkiyə ictimaiyyəti ilə yaxşı işlədiyini bilir:

"Mən bilirəm ki, Türkiyənin bir çox xarici siyasət qərarları ölkə daxilinə hesablanıb. Amma yaxşı əməkdaşlığı olan qonşuluğun və ya üzvlüyün (Aİ üzvlüyünün – red) fərqli yol və şərtləri var”.

XS
SM
MD
LG