Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:04

Azərbaycandakı hansı avtomobil markalarının sayı daha çox artıb?


Azərbaycandakı avtomobillərin markalara görə bölgüsündən aydın olur ki, ölkədəki avtomobillərin 40 faizi MDB ölkələrinə məxsus avtomobil şirkətlərinə məxsusdur
Azərbaycandakı avtomobillərin markalara görə bölgüsündən aydın olur ki, ölkədəki avtomobillərin 40 faizi MDB ölkələrinə məxsus avtomobil şirkətlərinə məxsusdur

Rəsmi rəqəmlərdən aydın olur ki, bu ilin əvvəlinə ölkədə 1 milyon 284 min şəxsi minik avtomobili var

Dövlət Statistika Komitəsi (DSK) nəqliyyat vasitələri ilə bağlı ötən ilin sonuna olan göstəriciləri açıqlayıb.

Rəsmi rəqəmlərdən aydın olur ki, bu ilin əvvəlinə ölkədə 1 milyon 284 min şəxsi minik avtomobili var. Bu o deməkdir ki, artıq Azərbaycanda əhalinin hər min nəfərinə 126 avtomobil düşüb.

Bu göstərici ilə Azərbaycan bir çox istər irəliləmiş, istərsə bölgə ölkəsindən geridədir. Məsələn, Avropa Birliyində əhalinin hər min nəfərinə Azərbaycandakından 4,5 dəfə çox - 560 minik avtomobili düşür. Türkiyədə eyni göstərici 160-dan, Qazaxıstanda 200-dən, Rusiya və Belarusda isə 300-dən çoxdur.

Azərbaycanda avtomobil parkının ənənəvi problemlərindən biri onun “yaşlanmasıdır”. Ötən ilin sonunda ölkədəki minik avtomobillərinin cəmi 4.6 faizinin yaşı 5 ildən az olub.

2018-ci ildə belə avtomobillərin 6.2 faizinin yaşı 5 ildən az idi. İndi ölkədəki minik avtomobillərinin 15.1 faizinin yaşı 5-10 il arasındadır. Avtomobillərin ən böyük bölümünün – 80 faizinin yaşı 10 ili aşır. Ölkədəki avtomobillərin 91.1 faizi yanacaq kimi benzindən, 8.2 faizi dizeldən, 0.7 faizi qazdan istifadə edir.

Hələ də sovet maşınları “hökmran”dır

Azərbaycandakı avtomobillərin markalara görə bölgüsündən aydın olur ki, ölkədəki avtomobillərin 40 faizi MDB ölkələrinə məxsus avtomobil şirkətlərinə məxsusdur.

Məsələn, hazırda Azərbaycanda 400 min “VAZ” avtomobili var. “Qaz-24” və “Qaz-3102”lərin sayı 47 min civarındadır. Azərbaycanda 25 min “Moskviç”dən və 6 min “Zaporojets”dən hələ də yararlanırlar.

Son illərdə artım tempi səngisə də, Azərbaycanın avtomobil parkında “Mersedes” markalı avtomobillərə daha çox rast gəlinir. Ölkədə 210 min “Mercedes” var. Başqa deyimlə, hər 7 minik avtomobilindən biri “Mercedes”dir.

Hansı avtomobillərə maraq daha yüksəkdir?

DSK-nın açıqladığı göstəricilərdən aydın olur ki, son illərdə bəzi avtomobil markalarına tələb daha çox artıb. Son dörd ildə (2017-2021) ölkədə sayı ən çox artan avtomobil markası “Toyota”dır. Əgər 2017-ci ilin sonunda Azərbaycanda 48 min 500 “Toyota” vardısa, ötən ilin sonunda bu rəqəm 81 min 500-ə çatıb.

Başqa sözlərlə, dörd il ərzində ölkədəki “Toyota”ların sayı 33 mindən çox artıb. Bu artım ölkəyə gətirilən hibrid avtomobil sayındakı artımla yanaşı baş verib.

2018-ci ildə Azərbaycana 146; 2019-cu ildə 3 min 645; 2020-ci ildə 5 min 80; ötən il 12 min 936 hibrid mühərrikli avtomobil gətirilib. 2021-ci ildə ölkəyə gətirilən bütün avtomobillərin 15 faizi hibrid olub.

Son illər sayında kəskin artım qeydə alınan daha bir avtomobil markası “Hyundai”dir. Əgər 2017-ci ildə Azərbaycanda 63 min 511 “Hyundai” vardısa, artıq bu rəqəm 30 minə yaxın artaraq, 94 minə çatıb..

“Chevrolet”ə də tələb yüksəlib. Son dörd ildə Azərbaycanda bu şirkətə məxsus avtomobillərin sayı 24 min ədəd artaraq, 15 mindən 39 minə yüksəlib.

Azərbaycandakı “KİA”ların sayında da ciddi artım gözə dəyir. 2017-ci ildən bəri ölkədəki “KİA”ların sayı 32 mindən 55 min 500-ə yüksəlib.

Bəs bahalı avtomobillər?

Siyahıya baxanda, Azərbaycanda daha bahalı avtomobil brendlərinin də sayını öyrənmək olur. Məsələn, ötən ilin sonuna Azərbaycanda 2 min 221 “Porsche” avtomobili vardı.

Son bir ildə onların sayı 96 ədəd artıb.”Landrover”lərin sayı da son dörd ildə iki min ədəd artaraq, 7 min 802-yə çatıb. Ölkədəki “Tatra” və “Chrysler”ə gəlincə, bu modellərin hərəsindən cəmi 1 dənə olub.

XS
SM
MD
LG