Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:43

AXCP fəalının xeyrinə qərar çıxaran hakim: 'Daha sərbəst olmaq...'


Samir Talıbov
Samir Talıbov

Sabunçu Rayon Məhkəməsinin hakimi Samir Talıbov səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqda AzadlıqRadiosunun məlumatını təsdiqləyib.

Bu barədə fikirlərini Facebook hesabından paylaşan keçmiş hakim vəzifədən çıxarılmasını AXCP fəalı Aqil Hümbətovun xeyrinə verdiyi qərarla əlaqələndirilməsinə etiraz edir.

Hakim işlədiyi il yarım ərzində 1500-dən çox işə baxdığını vurğulayan Samir Talıbovun sözlərinə görə, böyük iş yükü elmi fəaliyyətlə, başqa qayğılarla məşğul olmasına imkan vermirdi:

“Ona görə götür-qoy edib, vəkillik fəaliyyətinə keçərək, daha sərbəst olmaq və elmi işimi davam etdirmək qərarına gəldim. Ötən ilin axırlarından bu barədə müraciət etdim. Məsələnin reallaşması koronavirus pandemiyası ilə əlaqədar bir az ləngiyirdi. Amma israrlı olduğumdan müraciətimə anlayışla və hörmətlə yanaşıldı, öz arzumla hakimlik səlahiyyətlərimə xitam verildi. Onu da bildirim ki, hansı sahədə fəaliyyət göstərməyimdən asılı olmayaraq, ölkəmizdə möhtərəm prezidentimizin rəhbərliyilə aparılan uğurlu hüquqi islahatlara bir hüquqşünas kimi, hər zaman töhfə verməyə hazıram”.

Bundan əvvəl verilən xəbərlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xəzər rayon şöbəsinin fəalı Aqil Hümbətovun Maştağadakı Respublika Psixiatriya Xəstəxanasında məcburi saxlanması barədə ərizəyə "yox" deyən hakim Samir Talıbovun cəzalandırıldığı bildirilirdi.

Bu barədə AzadlıqRadiosuna adıçəkilən hakimə yaxın mənbə məlumat verib: "Elə həmin qərara görə onu cəzalandırıblar. Məsələ böyüyüb, gedib Ədliyyə Nazirliyinə çıxıb. Özünə də açıq şəkildə deyiblər bunu ki, özbaşına qərar verməyin nəticəsi belə olur...".

"Guya öz ərizəsi ilə xitam verilib"

Mənbənin sözlərinə görə, hakim S.Talıbovun səlahiyyətlərinə Məhkəmə-Hüquq Şurasının qərarıyla xitam verilib: "Guya öz ərizəsi ilə xitam verilib. Əslində isə, onu ərizə yazmağa məcbur ediblər".

Sosial şəbəkələrdə prezident İlham Əliyev də daxil, hakimiyyəti korrupsiyada ittiham edən, xəstə övladına dərman ala bilmədiyini deyərək dövlətdən uşaqpulu tələb edən A.Hümbətov martın 30-da psixiatriya xəstəxanasına salınıb. Aprelin 1-də məhz hakim S.Talıbovun çıxardığı qərar əsasında oradan buraxılıb.

Sözügedən məhkəmə qərarı A.Hümbətovun məcburi müalicəsinə icazə istəyən Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun ərizəsi əsasında verilib. Baş həkim ərizəsində göstərib ki, A.Hümbətov xəstəxanaya Xəzər rayonu, 1-ci polis bölməsinin məktubuyla salınıb. Polis məktubda yazıb ki, A.Hümbətov öz hərəkətlərinə nəzarət edə bilmir, ətrafdakı sakinlərə qarşı əxlaqsız hərəkətlər edir, bu üzdən ondan şikayətlər var. Xəstəxananın Həkim-Məsləhət Komissiyası da onun "şəxsiyyətin paranoyal tip pozuntusu" diaqnozuyla xəstəlikdən əziyyət çəkməsi, stasionar şəraitdə müalicəyə ehtiyacı olması barədə rəy verib.

Amma hakim S.Talıbov baş həkimin ərizəsini təmin etməyib. Bundan dərhal sonra A.Hümbətov xəstəxanadan buraxılıb.

Məhkəmə bir gün sonra şikayəti təmin etmişdi

Bir gün sonra – aprelin 2-də Bakı Apellyasiya Məhkəməsinin qərarı əsasında A.Hümbətov yenidən xəstəxanaya salınıb. Bu qərarda göstərilib ki, baş həkim A.Rəsulov birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verib. Onun şikayəti təmin edilib. AXCP fəalı o vaxtdan psixiatriya xəstəxanasında saxlanılır.

Sabunçu rayon Məhkəməsindəki başqa bir mənbə də S.Talıbovun səlahiyyətlərinə xitam verildiyini təsdiqləyib: "Artıq portalda Sabunçu rayon Məhkəməsinin hakimlərinin siyahısından da adını çıxarıblar. Səbəbini bilmirəm...".

Məhkəmə-Hüquq Şurası isə S.Talıbovun hakimlik səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi barədə rəsmi məlumat yaymayıb. Şuradan AzadlıqRadiosunun bu barədə suallarını cavablandıran olmayıb.

S.Talıbov 2018-ci ilin dekabrında Sabunçu rayon Məhkəməsinin hakimi təyin edilib. Hakim postuna birinci dəfə 3 il müddətinə təyinat olur, sonradan qiymətləndirmə əsasında müddət uzadıla bilər.

AXCP fəalı A.Hümbətov aprelin 1-də xəstəxanadan buraxılandan sonra AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, hakim S.Talıbov xəstəxanaya gəlmişdi. Orada onunla təkbətək söhbət edib: "Mənimlə bir xeyli söhbət elədi. Dedi ki, tənqid eləməklə, müxalifət partiyasının üzvü olmaqla nə qazanacaqsan? Məni buraxıb evə göndərəndə taksinin pulunu da hakim öz cibindən verdi. Sağ olsun...".

Xatırlatma

Küçələrdən plastik qablar, karton və s. tullantılar toplayıb təhvil verməklə üç azyaşlı uşağını dolandırdığını vurğulayan A.Hümbətov ötən ilin martında da 30-günlük inzibati həbs cəzası almışdı. O zaman o, polisə müqavimətdə təqsirləndirilsə də, özü deyirdi ki, yalandır, həbsinin səbəbi iki gün öncə prezidenti tənqid etməsidir.

A.Hümbətov bu il martın 29-da canlı yayımda da uşaqlarının aclıqdan əziyyət çəkdiyini, övladı xəstə olduğu halda, onun müalicəsinə pul tapa bilmədiyini vurğulayaraq, bütün bunlara görə prezident və komandasını tənqid etmişdi.

Prezident İlham Əliyev mayın 1-də yeni baş prokuror Kamran Əliyevi qəbul edərkən ölkədə insanların siyasi baxışlarına görə təqib olunmasının yolverilməz olduğunu vurğulayıb.

XS
SM
MD
LG