Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:14

Separatçı rejim Ağdərədəki insidenti izah edir


Azərbaycan-Ermənistan sərhəddindəki qızıl mədəni, arxiv foto
Azərbaycan-Ermənistan sərhəddindəki qızıl mədəni, arxiv foto

Qarabağdakı separatçı rejim Rusiya sülhməramlı kontingentinin nəzarətində olan mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmamasını haqda açıqlama yayıb.

Xankəndindəki separatçılar bildirirlər ki, dekabrın 10-da Azərbaycan tərəf Ağdərədəki mədənlərdə monitorinq aparmaq niyyəti haqda sülhməramlı kontingentin komandanlığına məktub göndərib. Komandanlıq da sözügedən mədənlərdə birdəfəlik vizual baxışa icazə verib.

“Sözügedən plan Artsax Respublikasının (ermənilər Qarabağdakı separatçı rejimə belə deyirlər – red.) rəhbərliyi, mədənlərin işlənməsi ilə məşğul olan təşkilatlarla razılaşdırılmayıb, yaxınlıqda yaşayış məntəqələrinin sakinləri spontan olaraq bu qrupun mədənlərin ərazisinə girişinin qarşısını alıblar”, – məlumatda vurğulanır.

Separatçı rejim qeyd edir ki, “danışıqlar nəticəsində mədənlərə planlaşdırılan baxışı dayandırmaq, əlavə müzakirələrdən sonra bu məsələyə qayıtmaq qərarı verilib”.

+++

Bakı Moskvaya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki mədənlərdə nəzərdə tutulan monitorinqin baş tutmamasına görə nota verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadəyə istinadla "Azərtac" dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, dəfələrlə müraciətlərə baxmayaraq, sülhməramlı kontingent Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısının alınması üçün heç bir tədbir görülməyib.

Həmin ərazilərdəki mədənlərdə, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunduğu vurğulanır.

Nazirlik rəsmisi qeyd edir ki, əldə olunmuş razılığa baxmayaraq, dekabrın 10-da Rusiya sülhməramlı kontingentin heç bir tədbir görməməsi fonunda yerli sakinlərin əvvəlcədən planlaşdırılmış aksiyası səfərə mane olub.

Məlumatda elə bu vəziyyətlə əlaqədar XİN-in Rusiyaya müvafiq nota təqdim etdiyi də yada salınır.

Xəbərdə qeyd olunur ki, Azərbaycan tərəfinin notasında "əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edilib."

O cümlədən "belə səfərə maneə törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğu vurğulanıb."

Rusiya sülhməramlı kontingentinə bütün fəaliyyətində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ciddi riayət etməyin zəruriliyi xatırladılır.

Bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İqtisadiyyat nazirliyinin bir qrup eksperti də Rusiya kontingentinin nəzarətində olan ərazidən monitorinqə cəhd ediblər. Onlar ərazidəki bir neçə faydalı qazıntı yatağında qanunsuz istismara və ekoloji çirklənməyə nəzarət məsələsini gündəmə gətiriblər. Dekabrın 3-ü və 7-də sülməramlı kontingentin rəhbərliyi ilə görüşdə nazirlik nümayəndələri dekabrın 10-da bir neçə mədəndə monitorinq aparacaqlarını bildiriblər.

Azərbaycan XİN-in bu açıqlamasına Rusiya sülhməramlı kontingentinin münasibəti bəlli deyil.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG