Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:10

Aparat rəhbərinin 43 milyonluq mülkindən əlavə obyektləri də varmış


Vidadi Zeynalov
Vidadi Zeynalov

"Yeni Müsavat" qəzeti yazır ki, “MTN işi” çərçivəsində həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun ümumilkdə dəyəri 43 milyon olan mülklərindən başqa, digər obyektləri də varmış.

Qəzet yazır ki, Salyan şossesinin 29-cu kilometrliyində (Bakı Dərin Özülləri Zavodunun arxası), Xəzər dənizinin sahilində yerləşən 30 sot ərazi də V.Zeynalova məxsusdur:

"Gözdən uzaq yerdə olub, kənardan diqqət çəkməyən bu ərazidə Zeynalov boş vaxtlarında balıq tutub, ov edirmiş. 30 sot ərazidə ikimərtəbəli tikili də var ki, burada da Vidadi Zeynalovun vaxtı ilə qonaqlarını qəbul etdiyi bildirilir".

Ərazidə olan qəzetin müxbiri yazır ki dörd tərəfi dəmir torlarla əhatələnən ərazi hazırda baxımsız vəziyyətdədi:

"V.Zeynalov 2004-cü ildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Onun daha yüksək vəzifəyə təyinatında sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun rolu olub. Həbsdəki eks-aparat rəhbəri ilə sabiq naziri onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun tanış etməsi haqda məlumatlar var. Bu əlaqələrə görə V.Zeynalov RYTN-də “MTN çetesi”nin adamı kimi tanınıb".

Vidadi Zeynalov 2015-ci il noyabr ayının 13-də həbs edilib. O, qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla, həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi halda, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsinin və israf edilməsinin təşkilində təqsirləndirilir.

Azərbaycanda "Yer saatı 2017" ekoloji kampaniyası keçirilib

Yer saatı 2017, Bakı, 25 mart 2017
Yer saatı 2017, Bakı, 25 mart 2017

"Azərbaycan" qəzeti martın 25-də Bakıda “Yer saatı 2017” (Earth Hour 2017) beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə keçirilən tədbirdən yazır.

Qəzet yazır ki, aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında toplaşaraq şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasadlarının işıqlarını bir saatlıq söndürülməsi prosesini müşahidə ediblər. İştirakçılar rəmzi gerisayımda kampaniyanın rəmzi olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər.

“İqlim hərəkatına işıq saçın” (Shine a light on climate action) şüarı altında keçirilən “Yer saatı” kampaniyası çərçivəsində məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun qeyri-adi rəqsləri, zumba üzrə əyləncəli master-klasslar, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər gənclərin marağına səbəb olub".

“Yer saatı” dünyada ətraf mühitə həsr edilən ən böyük hərəkat olaraq milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların söndürülməsi aksiyası kimi başlanan “Yer saatı” kampaniyası 2016-cı ildə 178 ölkə, 7 min şəhər və hətta Beynəlxalq Kosmik Stansiyada qeyd edilib. “Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məşhur binaların fasadlarının işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür. Aksiya iştirakçıları bu rəmzi hərəkətlə ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəldir, enerjiyə qənaəti təşviq edirlər.

Mavi yanacaqsız yaşayan kəndlər

"Exo" qəzeti yazır ki, Azərbaycanın 20 faiz ərazilərində hələ də mavi yanacaq yoxdur. Bunlar da əsasən dağ kəndləridir.

"Sakinlər evlərini odunla qızdırmağa məcburdurlar. Qanunvericiliyə görə, ağacların kəsilməsinə görə cərimə nəzərdə tutulur. Amma bu da adamları çəkindirmir".

Telman Zeynalov
Telman Zeynalov

Bunu "Exo" ya ekoloq Telman Zeynalov bildirib.

Qəzet yazır ki, yanacaq problemi Rusiyada da var. Ancaq onlar təbiətə ziyan vurmamaq üçün o qədər də baha olmayan daş kömürdən istifadə edirlər. Davamlı İinkişaf Tədqiqat Mərkəzinin sədri Nəriman Ağayev "Exo" ya deyib ki, Azərbaycanın dağ kəndlərindəki evlərdə sobalar odun üçün quraşdırılıb, daş kömür üçün uyğun deyil. Ona görə çətin ki, daş kömür əhali arasında məşhurlaşa bilsin. Telman Zeynaovsa deyib ki, daş kömürdən alınan yanacaq insan səhhəti üçün təhlükəlidir. Həm də daş kömür atmosferi xeyli çirkləndirir. Ona görə də alternativ enerji haqqında düşünmək lazımdır. Ekoloq deyib ki, məmurlar problemin həllinə göz yummaqdansa, onu həll etməlidirlər.

XS
SM
MD
LG