Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:16

Bəxtiyar Hacıyev DTX hospitalına köçürülməsini istəyir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevi Bakı Apellyasiya Məhkəməsi ev dustaqlığına buraxmaqdan imtina edib. Bu barədə AzadlıqRadiosuna onun vəkili Aqil Layıc məlumat verib.

Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəalın bu barədə şikayətinə baxılıb. Məhkəmədə çıxış edən Hacıyev deyib ki, onun sifarişlə həbs olunub və bu gün verilən qərar da hüquqi yox, siyasi olacaq.

Vəkil deyir ki, qətimkan tədbirləri ilə bağlı apellyasiya məhkəməsi sonuncu instansiyadır. Ona görə bundan sonra Hacıyevin girov müqabilində azadlığa buraxılması üçün hüquqi addım atacaqlar.

Müvəkkilinin 9-cu gündür aclığı davam etdirdiyini vurğulayan vəkilin sözlərinə görə, onun səhhətində ciddi problemlər yaranıb: "Təcili aralıq qərarın qəbulu üçün dekabrın 22-də Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunmuşdu. Dərhal Strasburqdan Azərbaycana onun səhhəti və təhlükəsizliyi ilə bağlı suallar ünvanlandı. Eyni zamanda, Bəxtiyar Hacıyevin Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalına köçürülməsi üçün müraciət etmişik. Təhlükəsizliyi baxımından bu addımı atmışıq".

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, B.Hacıyev həkim nəzarətindədir.

Bəxtiyar Hacıyevin səhhətinin pisləşdiyi deyilir

İctimai fəal Bəxtiyar Hacıyevin 8-ci gündür ki, Bakı 1 saylı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir.

Dekabrın 22-də ona baş çəkən vəkil Cavad Cavadov AzadlıqRadiosuna bunları bildirib: "Bəxtiyar bildirdi ki, bu gün, dekabrın 22-də təzyiqi aşağı olub - 90/60, hərarəti isə 35.4-ə enib, nəbzi 76-dir. Gün ərzində daha yarım kilo arıqlayıb, çəkisi 79,5 kiloqrama enib. Beləliklə, artıq 5 kiloqram çəki itirib".

Vəkilin vurğulamasına görə, B.Hacıyev zəiflikdən bəzən tarazlığını itirir və yıxılmamaq üçün özünü saxlayır. Onun deməsinə görə, ancaq o, aclıq aksiyasını dayandırmaq fikrinin olmadığını bildirib.

Cavadovun sözlərinə görə, dekabrın 22-də B.Hacıyevi təcridxananın sanitar hissəsinə köçürüblər.

"Human Rights Watch"dan çağırış

ABŞ-da mənzillənmiş "Human Rights Watch" beynəlxalq insan haqları təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktorlarından Qiorqi Qoqiya dekabrın 22-də AzadlıqRadiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib: "Bəxtiyar Hacıyevin cinayət təqibi Azərbaycan hakimiyyətinin tənqidi səslərin susdurulmasına yönəlmiş planlı cəhdlərinin bariz nümunəsidir. Biz hesab edirik ki, Bəxtiyar Hacıyev özünün insan haqlarının müdafiəsi sahəsində fəaliyyətinə görə hədəflənir. Rəsmilərin tənqid edilməsi cinayət deyildir. Buna görə də o, dərhal azadlığa buraxılmalı və ona qarşı bütün ittihamlar ləğv olunmalıdır".

ABŞ Dövlət Departamenti və bəzi beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini ictimai fəalı azadlığa buraxmağa çağırıblar.

Xatırlatma

Dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə böhtan iddiası ilə bağlı fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Hacıyevi ilyarımadək həbs təhlükəsi gözləyir. O, ittihamları qəbul etmir.

Aclıq aksiyasına da başladığını məhkəməsində açıqlamışdı.

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilirdi.

XS
SM
MD
LG