Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:51

İşləməyən xalaya 54 min maaş?- Bayraq meydanı işi


Rəşad Məmmədov, 2013
Rəşad Məmmədov, 2013

►İşləməyib maaş aldığı iddia olunan Xuraman Qasımova Rəşad Məmmədovun həyat yoldaşının xalasıdır.

Cinayət işinin materiallarında onun əməkhaqqı adı altında 54 min 100 manat vəsait əldə etdiyi göstərilib

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisinin xanımı məhkəmədə ifadə verməkdən imtina edib. Bir ildən artıqdır ki, həbsdə olan Rəşad Məmmədovun həyat yoldaşı Səbinə Məmmədova da onun ittiham olunduğu cinayət işi üzrə şahid qismində tanınıb.

Rəşad Məmmədova dələduzluq ittihamı verilmiş 6 milyonluq əmlak alqı-satqı zamanı onun həyat yoldaşının adına rəsmiləşdirilib. Lakin Səbinə Məmmədova məhkəməyə məktub göndərərək, ifadə verməkdən imtina etdiyini yazıb:

"Ona görə də məhkəməyə dəvət edilməməyimi xahiş edirəm".

Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Məmmədov, eləcə də onunla birlikdə mühakimə olunan İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədovun işinə baxan hakim Əlövsət Abbasov iyunun 17-də bu məktubu elan edib. Ardınca da əlavə edib ki, qanunvericilik yaxın qohumların bir-birinə qarşı ifadə verməkdən imtinasına imkan verir.

54 MİN MANAT ƏMƏKHAQQI

Məhkəmə iclasında ümumilikdə 14 şahid dindirilib. Onlar da Dövlət Bayrağı Meydanı Kompleksinin işçiləri olub.

Hərçənd, ittihama görə, onların bir qisminin adı formal olaraq, işçi kimi rəsmiləşdirilib, özləri isə çalışmadıqları halda, əsassız olaraq, əməkhaqqı alıblar.

Bayraq meydanı
Bayraq meydanı

Rəşad Məmmədova ittiham verilib ki, bu yolla büdcədən 254 min manatın əməkhaqqı kimi müxtəlif şəxslərə verilməsinə şərait yaradıb. İşləmədikləri halda, əməkhaqqı aldıqları iddia olunan şəxslərin bir qismi, o cümlədən, Azər Əsgərov, Xuraman Qasımova, Roza Vəliyeva, Maksim İslamov məhkəmədə dindirilərkən əsassız və qanunsuz olaraq əməkhaqqı adı altında pul aldıqları barədə ittihamla razılaşmayıblar. Bildiriblər ki, onlar həqiqətən işləyiblər və maaş alıblar.

İşləməyib maaş aldığı iddia olunan Xuraman Qasımova Rəşad Məmmədovun həyat yoldaşının xalasıdır.

Cinayət işinin materiallarında onun əməkhaqqı adı altında 54 min 100 manat vəsait əldə etdiyi göstərilib. Amma Xuraman Qasımova yazılanlarla razılaşmır.

O, ifadəsində bildirib ki, müxtəlif strukturlarda 30 ildən artıq mühasib işləyib, Dövlət Bayraq Meydanı Kompleksində də əsasən, vergi ödənişləri və hesabatlarının verilməsinə nəzarət edib.

Rəşad Məmmədovun sürücülərindən biri olmuş Maksim İslamov da bildirib ki, rəisə və idarənin aparatında çalışan digər vəzifəli şəxslərə sürücü xidməti göstərməklə yanaşı, həm də mexanik kimi də yarımştat çalışıb.

____________________________________________________________

Bunlara da bax:
'İlham Əliyevə müraciət edib deyirəm ki...'
Rusiyadan Ermənistana gələsi silah ləngiyir

____________________________________________________________

“GECƏ MAŞINDA YATIRDIQ”

Rəşad Məmmədovun digər sürücüsü Tofiq Ağayev axşam saat 18.00-dan sonra Maksim İslamovla növbəni dəyişdiklərini bildirib:

"Elə olub ki, gecə saatlarına qədər orada çalışmışıq. "Eurovision" yarışmasına hazırlıq gedəndə Rəşad müəllim də səhərə qədər orada qalıb. Gecə maşında yatmışıq. Mən idarədə mexanik də işləmişəm. Axşam isə sürücü olaraq Maksimi əvəz edirdim".

Şahid qismində ifadə verənlərdən biri də Azər Əsgərov idi. O, Rəşad Məmmədovun qaynıdır. Azər Əsgərov hələ 2007-2008-ci illərdən başlayaraq, idarənin ərazisinə daxil olan ərazilərdə aparılan bütün tikinti, quruculuq işlərinə nəzarət edib. Rəsmi vəzifəsi isə Kompleksin Beynəlxalq Əlaqələr Şöbəsinin əməkdaşı kimi göstərilib:

"Mən Rəşad müəllimin göstərişi ilə tikinti işlərinə nəzarət edirdim. "Eurovision 2012" müsabiqəsinə hazırlıq zamanı 8 ay idarənin ərazisində qalmışıq. Axşamlar maşında yatmışıq. İttiham aktında qeyd olunub ki, işlədiyim müddət ərzində mənə 29 min manat maaş yazılıb. Gördüyümüz işlərin qarşılığında bu, çox məbləğ deyildi".

“ONUN BU PULA EHTİYACI YOX İDİ”

Rəşad Məmmədov da əlavə edib ki, Azər Əsgərovun işləmədiyi halda, əməkhaqqı almağa ehtiyacı yox idi:

"Azər müəllimin öz şirkəti, 3 min işçisi var. Onun ən az maaş alan fəhləsi 700 manat alır. Onun bu pula ehtiyacı yox idi. Mən onu məcbur eləmişəm ki, kömək etsin, qarşıya qoyulmuş işləri görə bilək".

Məhkəmə prosesi iyunun 20-də digər şahidlərin ifadələrilə davam edəcək.

Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov ötən ilin martında həbs olunub. Hər üç təqsirləndirilənə qarşı CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Rəşad Məmmədov isə həm də CM-nin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə və israf etmə) maddələrilə ittiham olunur. İttihama görə, Rəşad Məmmədov 254 min manat vəsaiti israf edib.

Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır. Arzu Məmmədovun həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkməsilə əlaqədar onun barəsində həbs-qətimkan tədbiri bu ilin martında dəyişdirilib.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)

Azərbaycanda tabu mövzular
“Sayt yaratmışam deyə ata-anama təzyiq edirlər”
Günün əsas hadisələri Azadlıq Radiosunda (17 iyun)
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (17 iyun)

Yarış başladı, qazananlar və itirənlər
XS
SM
MD
LG