Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:56

Polşa və Litva miqrant axınından gileylənir


Litvada miqrantlar
Litvada miqrantlar

Avtoritar lider deyib ki, sanksiyalar davam edərsə, radioaktiv material qaçaqçılığına qarşı mübarizədə Birləşmiş Ştatlarla əməkdaşlığı dayandıracaq

Polşa və Litva Belarusla sərhədi rekord sayda miqrantın keçdiyini bildirir. Minsk miqrantlardan Avropa Birliyinə qarşı silah kimi istifadədə ittiham olunur.

Son həftələr Belarusdan Litvaya əsasən iraqlı miqrantlar axışır. AB üzvü olan Litva isə sərhədi bağlayır, qanunsuz miqrantları geri qaytarır.

Litva sərhəd nəzarətini sərtləşdirdikcə Polşa və Latviya Belarusu onların sərhədinə daha çox miqrantı yönəltməkdə suçlayır.

Polşa Sərhəd Mühafizəsinin avqustun 9-da bildirməsinə görə, avqustun 6-dan Belarusla sərhədi keçən 349 qanunsuz miqrant saxlanıb. Miqrantların daha çox İraq və Əfqanıstandan olduğu bildirilir.

2020-ci ildə Sərhəd Mühafizəsi Belarusla sərhədi keçən 122 qanunsuz miqrant saxlayıb. Bu ilsə bu rəqəm 900-ə yaxınlaşır.

Latviya sərhəddə fövqəladə vəziyyət elan edə bilər

Latviya Daxili İşlər Nazirliyi isə avqustun 6-dan 9-dək əsasən iraqlılardan ibarət 218 miqrantın saxlandığını bildirir.

Baş nazir Krisjaniz Karinin idarəsi avqustun 9-da bəyan edib ki, o, daxili işlər nazirinin Latviya-Belarus sərhədində fövqəladə vəziyyət elan etmək təklifini dəstəkləyir.

Polşa, Baltik ölkələri və AB rəsmiləri miqrant axınının Belarus lideri Alyaksandr Lukaşenka tərəfindən idarə olunduğunu deyirlər. Onların fikrincə, Lukaşenka demokratiya tələb edən etirazçılara təzyiqlərinə görə AB-nin sanksiyalarına bu yolla cavab verdiyini deyirlər.

Polşa ötən həftə belaruslu atlet Kristina Timanovskayaya sığınacaq verib və bundan sonra Belarusun daha çox miqrant göndərə biləcəyini deyir. Timanovskaya Tokio olimpiya oyunlarından ölkəsinə qayıtmaqdan imtina etmişdi.

AB nazirləri avqustun 18-də fövqəladə iclasda Belarusla sərhəd məsələsini də müzakirə edəcəklər. Blok Bağdad hökuməti ilə işləyərək Minskə iraqlıların axınını önləməyə çalışır. Minsk isə Bağdaddan və İraqın digər şəhərlərindən birbaşa uçuşları artıracağını deyir.

“Biz heç kəsi şantaj etmirik”

Avqustun 9-da səkkiz saata yaxın mətbuat konfransında Lukaşenka hökumətinə qarşı beynəlxalq sanksiyaları pisləyib.

“Qanunsuz miqrasiya. Biz heç kəsi şantaj etmirik. Heç kəsi hədələmirik. Sadəcə, bizi elə vəziyyətə salırsız ki, buna reaksiya verməli oluruq. Bizi bağışlayın, bacardığımız ən yaxşı üsulla reaksiya veririk”, – Lukaşenka deyib.

Avtoritar lider deyib ki, sanksiyalar davam edərsə, radioaktiv material qaçaqçılığına qarşı mübarizədə Birləşmiş Ştatlarla əməkdaşlığı dayandıracaq.

“Avropa Birliyinə gedən çirkli partlayıcılar kimə lazımdır?” – Lukaşenka vurğulayıb.

Avqustun 9-da Lukaşenkanın qalib elan olunduğu prezident seçkisinin bir ili tamam olub. Müxalifət və Qərb bu seçkinin nəticəsini tanımayıb. Lukaşenka isə etirazçılara qanlı divan tutub. 32 mindən çox insanın saxlandığı bildirilir.

XS
SM
MD
LG