Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:43

Bəxtiyar Hacıyev naməlum istiqamətə aparılıb təhdid edildiyini deyir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev aprelin 21-də axşam saatlarında hücuma məruz qaldığını bildirir.
Bu barədə o, özünün facebook səhifəsində məlumat yayıb.
Onun yazdığına görə, aprelin 21-i saat 23 radələrində evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilnə yaxınlaşanda zibil qablarının arasından bir nəfər üstümə hücum çəkib:

“Başıma qara torba keçirərək…"

"Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək naməlum istiqamətdə apardılar".

B.Hacıyev qeyd edib ki, bir müddət getdikdən sonra onu düşürüb başqa maşına keçiriblər və daha sonra da qaranlıq bir yerdə, hansısa mənzilin hamam hissəsinə gətiriblər:

"Burada gözlərimi açıb, məni təhqir etməyə başladılar, tələb etdilər ki, Daxili İşlər naziri Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim.”

Onun sözlərinə görə, heç kimdən tapşırıq almadığını deyəndə paltarını çıxarıb, tələb ediblər ki, postlarını silsin:

“Bu tələblə əksər postları sildirdilər"

Fəalın facebook postunda yazdığına görə, bütün prosesin çəkilişini ediblər:

"… Yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə. Orada da başqa maşın və 4 şəxs təhvil aldı, o da bir müddət sürdükdən sonra qaranlıq, düzənlik bir yerdə gözlərim və əllərim arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürdülər".

“Deyildi ki, nazir V.Eyvazov sizinlə görüşəcək”

B.Hacıyev bildirib ki, həmin ərazi Bakının Ramana qəsəbəsi olub:

"Bununla bağlı mən dünən, aprelin 22-də bir neçə rəsmi şəxsə və qurumlara müraciət etdim. Mənə ölkə rəhbərinin məsələdən məlumatlı olduğu bildirildi. Dünən deyildi ki, nazir V.Eyvazov sizinlə görüşəcək, bu hadisənin Daxili İşlər Nazirliyi (DİN) tərəfindən həyata keçirilmədiyi barədə məlumat veriləcək. Xahiş edildi ki, səbrli olum və nazirin mövqeyini gözləyim".

O, bildirib ki, onunla bu gün, aprelin 23-də Daxili İşlər nazirin müavini İsmət Əliyev görüşüb:

"İlk 10-15 dəqiqədən artıq məlum oldu ki, görüşü davam etməyin mənası yoxdur, çünki, indiyə qədər rəsmi açıqlamalarında verdikləri açıqlamalardan fərqli heç nə demədilər".

B.Hacıyev qeyd edib ki, bütün bunlar və son 1 ildə baş verənlər onda qəti bir fikir formalaşdırır: " Sonuncu qaramaskalı şəxslər əməliyyatının da arxasında məhz DİN dayanır. "

DİN-dən açıqlama

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev də Bəxtiyar Hacıyevlə bağlı açıqlama yayıb.

“Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb.”, deyə o qeyd edib.

Fəal bundan əvvəl də ona qarşı təhdidlərin olduğunu deyib

Bəxtiyar Hacıyev son bir ildə şikayətlərinin araşdırılmaması və polisin yüksək çinli əməkdaşları tərəfindən təhdid edilməsi ilə bağlı bir neçə dəfə açıqlama yayıb.
Amma DİN-dən belə açıqlamaları təkzib ediblər.

İctimai fəal Bəxtiyar Hacıyev habelə Baş Prokurorluq, Səbail Rayon Prokurorluğu və Xətai Rayon Prokurorluğunu bu günlər məhkəməyə verib. O,prokurorluq orqanlarının onun polis əməkdaşlarının hərəkətlərindən verdiyi şikayətləri araşdırmadığını iddia edir.
B.Hacıyev aprelin 18-də ərazi aidiyyəti üzrə həm Xətai, həm də Səbail rayon məhkəmələrinə şikayətlərini göndərib.
O, deyib ki, martın 9-da Daxili İşlər Nazirliyinin önündə etiraz aksiyası keçirərkən polislər tərəfindən hücuma məruz qalması, avtomobilinin şüşələrinin sındırılması, daha sonra Bakı şəhər Baş Polis İdarəsinə aparılaraq, orada pis rəftara məruz qalmasından martın 10-da prokurorluğa şikayət edib. Vurğulamasına görə, üstündən 40 gün keçməsinə baxmayaraq, şikayətlərilə bağlı araşdırma aparılıb, uyğun qərar çıxarılmayıb.

Prokurorluq və DİN-dən cavab

Öz növbəsində Xətai Rayon Prokurorluğundan AzadlıqRadiosuna bildirilmişdi ki, bütün şikayətlər üzrə qanunun tələbinə uyğun şəkildə araşdırmalar aparılır:

“O cümlədən bu şəxsin şikayətinin nəticəsi haqda da qanuna müvafiq şəkildə araşdırma aparılır və özünə məlumat veriləcək”.

Daxili İşlər Nazirliyi də o vaxt Hacıyevin pis rəftara məruz qalması haqda dediklərini təkzib edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, DİN-in qarşısına gələndə polis əməkdaşları yaxınlaşıb, həmin yerdə dayanma-durmanın qadağan edildiyini bildiriblər.
Oradan vurğulamasına görə, bu zaman Hacıyev maşındakı yanar mayeni göstərərək, özünü və avtomobilini yandırmaqla hədələyib. Bildirildiyinə görə, bu səbəbdən polis əməkdaşları hadisənin qarşısını almaqdan ötrü məcburiyyət qarşısında müdaxilə edib - qapını açıb yanacağı maşından götürüblər:

“Bəxtiyar Hacıyev özü isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb”.

Xatırlatma

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb. O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG