Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:06

Dövlət Departamenti Blinken-Bayramov-Mirzoyan danışıqlarından razı qalıb


(Sağdan)Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramov sentyabrın 22-də Nyu Yorkda keçirilən üçtərəfli görüşdə
(Sağdan)Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramov sentyabrın 22-də Nyu Yorkda keçirilən üçtərəfli görüşdə

ABŞ dövlət katibi Entoni Blinkenin oktyabrın 4-də Azərbaycan və Ermənistan xarici işlər nazirlləri ilə gecə telefon danışıqlarından sonra Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, dövlət katibi nazirlər arasında Cenevrə danışıqlarını “sülh prosesində mühüm addım” adlandırıb:

“Dövlət katibi Blinken Ermənistan və Azərbaycanın möhkəm sülh razılaşmasının əldə olunması istiqamətində pozitiv addımları üçün bizim təşəkkürümüzü bildirib. Dövlət katibi habelə hərbi əsirlərin azad edilməsini alqışlayıb və Ermənistan və Azərbaycana problemlərin dinc yolla həllində kömək göstərilməsinə sadiqliyimizi təsdiq edib, habelə bildirib ki, diplomatiya irəliyə doğru yeganə yoldur”.

Əliyev: 'Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır'

"Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik".

AZƏRTAC-ın xəbərinə görə, bu fikri Prezident İlham Əliyev oktyabrın 5-də Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.

Qarabağın Azərbaycan torpağı olduğunu bir daha diqqətə çatdıran dövlət başçısı deyib: "İkinci Qarabağ müharibəsi bunu sübut etdi. Hətta işğal illərində dünyada Ermənistan da daxil olmaqla heç bir ölkə bu rejimi tanımadı".

+++

Ermənistan XİN-nin məlumatına görə, nazir Ararat Mirzoyan telefon söhbətində “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılmasının, Azərbaycanın qanunsuz saxladığı erməni hərbi əsirlərin tezliklə qaytarılmasını, atəşkəs rejiminə sözsüz əməl edilməsinin vacibliyini vurğulayıb”. “Problemin güc tətbiqi, yaxud gücdən istifadə təhdidləri ilə həllinin qəbuledilməziliyi qeyd olunub”, – rəsmi Yerevan bildirir.

Azərbaycan elə telefon söhbətinin keçirildiyi gün – oktyabrın 4-də Ermənistana 17 hərbi əsiri qaytarıb. Rəsmi Bakı Ermənistanın suveren ərazisinə girməsi ittihamlarını rədd edir, sərhədlərin delimitasiya olunmadığını əsas gətirir.

Ermənistan XİN-in məlumatında deyilir ki, “yeni təcavüzlərinin qarşısının alınmasından ötrü sərhəddə vəziyyətin monitorinqi və nəzarət üzrə beynəlxalq mexanizmlərin gerçəkləşməsinin vacibliyi vurğulanıb”.

Tərəflərin Ermənistan- Azərbaycan sülh sazişinin hazırlanması, Xankəndi və Bakı arasında müzakirələr üçün mexanizmlərin yaradılması üzrə fikir mübadiləsi apardığı qeyd edilir.

“Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar olunmasından ötrü müzakirələri davam etdirmək üzrə razılıq əldə olunub”, – məlumatda deyilir.

Ermənistan bundan öncə də Bakını Xankəndi ilə müzakirələrə çağırıb. Rəsmi Bakı buna hələlik, münasibət açıqlamayıb.

+++

Oktyabrın 4-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin təşəbbüsü, habelə iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

Qarabağdakı separatçı rejimdən Paşinyana cavab gəldi
Gözlə

No media source currently available

0:00 0:04:01 0:00

Məlumata görə, iki gün əvvəl Cenevrədə xarici işlər nazirləri arasında aparılmış danışıqların davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə gerçəkləşən bu telefon danışığı yüksək qiymətləndirilib:

“Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb”.

Məlumatda habelə vurğulandığına görə, nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu, sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib.

ABŞ dövlət katibi Entoni Blinken öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, sülh müqaviləsi üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb:

“Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib”.

Bundan iki gün əvvəl…

Oktyabrın 2-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Cenevrədə ikitərəfli formatda görüşmüşdülər.

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir ki, “Ararat Mirzoyan bu görüşdə Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması ilə bağlı erməni tərəfinin mövqeyini bir daha təsdiq edib”.

AzadlıqRadisounun Erməni xidməti – Azatutyun XİN-in məlumatına istinadla yazırdı ki, danışıqlarda “sərhəddəki vəziyyətə beynəlxalq müşahidənin mexanizmlərinə” başlıca diqqət yetirilib:

“Ermənistan Respublikasının xarici işlər naziri bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətlərinə beynəlxalq instansiyalar tərəfindən dəqiq qiymət verilməlidir, cinayətkarlar isə məsuliyyətə cəlb olunmalıdır”.

Azərbaycan XİN isə yada salırdı ki, avqustun 31-də iki ölkə liderinin Brüssel görüşündə xarici işlər nazirlərinə sülh müqaviləsinin mətnini hazırlamaq tapşırığı verilmişdi. Onda Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə görüşmüşdü.

Azərbaycan XİN onu da bildirirdi ki, Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu, sülh müqaviləsinin imzalanmasına hazırlığını qeyd edib.

Amma Azərbaycan rəsmiləri silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olduğunu təsdiqləmir, həmin ərazilərdə sərhədin müəyyən edilmədiyini vurğulayır.

Daha əvvəl…

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin 4 görüşü keçirilib.

Bu görüşlərdə iki ölkə arsında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə edilmişdi.

Amma bu görüşlərdən sonra da, sentyabrın 19-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan ABŞ-ın dövlət katibi Entoni Blinken-nin iştirakı ilə Nyu-Yorkda görüşmüşdülər.Orada nazirlərin bir ay ərzində yenidən görüşməsi ilə bağlı çağırış da səslənmişdi.

Amma elə ondan az öncə (sentyabrın 12-13-də) Azərbaycan və Ermənistan sərhəddində vəziyyət yenidən gərginləşmişdi. Hər iki tərəfdən hərbi qulluqçunun həlak olduğu bildirilirdi.

Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.

Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayıb.

Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG