Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:36

ABŞ dövlət katibi: İranın üzərindəki bəzi sanksiyalar qaldırılmayacaq


İranın ali rəhbəri ayətüllah Əli Xameneyi
İranın ali rəhbəri ayətüllah Əli Xameneyi

ABŞ dövlət katibi Entoni Blinken deyib ki, hətta İran və ABŞ-ın 2015-ci il nüvə sazişinə qayıtdığı təqdirdə belə ehtimalən Vaşinqtonun Tehran üzərindəki yüzlərlə sanksiyası qüvvədə qalacaq.

Blinken bunları iyunun 8-də Senatın Büdcəyə Nəzarət Komitəsində keçirilən dinləmədə ABŞ-ın 2015-ci il nüvə sazişinə qayıtmasına dair Vyanada keçirilən danışıqların vəziyyəti barədə suala cavab verərkən deyib.

Dövlət katibi bildirib ki, o, Tramp administrasiyasının qoyduğu sanksiyalar da daxil bəzi sanksiyaların qaldırılmayacağını düşünür.

Blinken qeyd edib ki, nüvə sazişinin şərtlərinə əməl edilmədiyi təqdirdə İranın üzərinə buna görə qoyulmuş sanksiyalar Tehran öz davranışını düzəltməyənədək qaldırılmayacaq.

Sözü gedən sazişin xilası üçün danışıqlar Avropa diplomatlarının vasitəçiliyi ilə Vyanada keçirilir.

Bu danışıqların 5-ci raundu iyunun 2-də başa çatıb və diplomatların dediyinə görə, 6-cı raund iyunun 10-da keçirilə bilər.

İranın nüvə proqramı “dördnala” çapır

Britaniya, Fransa və Almaniyadan olan və E3 kimi tanınan qrup, habelə 2015-ci il sazişini imzalamış digər dünya gücləri aprel ayından bəri Vyanada müzakirələri davam etdirirlər.

Danışıqlarda İran və Birləşmiş Ştatların nümayəndə heyətləri arasındakı müzakirələr Avropa İttifaqının vasitəçiliyi ilə keçirilir.

İran, üzərindəki bütün sanksiyaların qaldırılmasında israr edir, lakin Co Bayden administrasiyası bildirir ki, insan haqları pozuntularına və İranın ekstremist hərəkatlara dəstəyinə görə qoyulmuş sanksiyalar qüvvədə qalacaq.

Blinken danışıqların gedişi barədə bədbin danışıb. O iyunun 7-də millət vəkillərinə deyib ki, İranın nüvə sazişinin şərtlərinə qayıtmaq istəməsi və buna hazır olması hələlik qeyri-müəyyəndir.

Dövlət katibi əlavə edib ki, Tehran sazişin şərtlərini pozmaqda davam edərsə, onu atom bombasının istehsalı qabiliyyətindən yalnız həftələr ayıracaq.

Blinken deyib ki, İranın nüvə proqramı “dördnala çapır” və vaxt keçdikcə Tehran nüvə silahı əldə etməyə daha yaxın olur.

İranın nüvə siyasətinə ayətüllahın özü rəhbərlik edir

Rəsmi adı Birgə Hərtərəfli Hərəkət Planı olan 2015-ci il sazişi keçmiş prezident Donald Tramp ölkəsini 2018-ci ildə bu razılaşmadan çıxardıqdan sonra qeyri-müəyyən vəziyyətdədir.

Buna cavab olaraq Tehran nüvə sazişi üzrə bir çox öhdəliklərindən geri çəkilib və uranın zənginləşdirilmə dərəcəsini xeyli artırıb.

Bununla belə, Tehran onun nüvə proqramının dinc olduğunda israr edir.

Diplomatlar nüvə sazişinin iyunun 18-dək yenilənməsinə çalışırlar. Həmin gün İranda növbəti prezident seçkisi keçiriləcək.

İran hökumətinin sözçüsü iyunun 8-də deyib ki, İranın danışıqlardakı siyasəti seçkidən sonra da olduğu kimi qalacaq.

O əlavə edib ki, bu, İranın ən ali hakimiyyəti tərəfindən qəbul edilmiş mövqedir.

Hökumət sözçüsü Əli Rabieyi həftəlik mətbuat konfransında bildirib ki, ölkənin nüvə siyasətinə ali rəhbər ayətüllah Əli Xameneyi şəxsən rəhbərlik edir və bu siyasət ölkə daxilindəki siyasi hadisələrdən asılı deyilidir.

XS
SM
MD
LG