Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:07

Taliban vədlərə əməl etmədiyinə görə tənqid olunur


Kabildə bank şöbəsi qaşısında növbə, 12 sentyabr, 2021-ci il
Kabildə bank şöbəsi qaşısında növbə, 12 sentyabr, 2021-ci il

Qadınların kişilərdən ayrı təhsil alması nəzərdə tutulur, İslam kodeksinə uyğun geyim məcburidir

BMT-nin İnsan haqları üzrə rəsmisi Mişel Baçele Talibanı ötən ay Əfqanıstanı tutandan sonrakı fəaliyyətinə görə tənqid edib.

Əfqanıstan “yeni və təhlükəli mərhələdə” idi, xeyli qadın, etnik qrup və dini icma üzvləri öz hüquqlarına görə dərin narahatlıq keçirirdi, Baçele sentyabrın 13-də Cenevrədə İnsan Haqları Şurasında deyib.

“Talibanın qadın hüquqlarına əməl edəcəyinə dair vədlərinə baxmayaraq, son üç həftədə qadınlar ictimai sahədən getdikcə daha çox uzaqlaşdırılıblar”, – o deyib.

Taliban tamamilə kişilərdən ibarət hökumətdə sərt şiə qaydalarına qayıdış vəd edən veteran silahlılara yer ayırıb.

Baçele milli təhlükəsizlik qüvvələrinin keçmiş üzvlərinin “qisasçılıqla öldürülməsinə mötəbər iddialar” olduğunu, keçmiş administrasiyalardan çalışanların özbaşına saxlandığını, bəzilərinin daha sonra “ölü tapıldığını” vurğulayıb.

O həmçinin keçmiş məmurların evbəev axtarılmasımı, vətəndaş cəmiyyəti qruplarının ofislərinə basqınları, “etirazçılara və jurnalistlərə artan zorakılığı” qınayıb.

***

BMT komissarı Kabildədir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Kabilə gedib.

“Səfərim zamanı ölkənin kəskin humanitar ehtiyaclarını və 3.5 milyonluq məcburi köçkün əfqanın durumunu dəyərləndirəcəyəm”, – Qrandi sentyabrın 13-də Kabilə çatandan sonra tvitində yazıb.

500 min əfqan elə bu il evindən didərgin düşüb.

Pakistandan kommersiya reysi Əfqanıstana çatıb

Pakistan Beynəlxalq Hava Yollarının (PIA) sərnişin təyyarəsi Kabilə çatıb. Bu, sentyabrın əvvəlində Əfqanıstandan irimiqyaslı təxliyələr bitəndən sonra paytaxta gedən ilk kommersiya reysidir.

İslamabaddan çıxmış təyyarədə 10 nəfər olub. Bu uçuşla Kabildən İslamabada səyahət sənədləri olanların gedəcəyi bildirilir.

Taliban avqustun 15-də Kabili tutandan sonra PIA dərhal xidmətə başlayan azsaylı şirkətlərdən olub.

Şirkət rəsmiləri avqustun 15-dən 22-dək Kabildən azı 1460 nəfər müxtəlif milliyyətdən olanların çıxarıldığını bildirirlər.

***

Sentyabrın 13-də BMT Əfqanıstan üçün 600 milyon dollardan artıq vəsait yığmaqdan ötrü yardım konfransı keçirir. Qurum Talibanın Əfqanıstanı tutmasından sonra bu ölkədə humanitar böhranla bağlı xəbərdarlıq edib.

İsveçrənin paytaxtı Cenevrədə keçirilən konfransa Baş katib Antonio Quterres, BMT-nin digər aparıcı rəsmiləri, 40-dək nazir qatılacaq. Digər rəsmilərin onlayn iştirakı gözlənir.

93 faiz doyunca yemir

Taliban ötən ay Kabili tutmazdan öncə Əfqanıstan əhalisinin yarısı yardımdan asılı idi. Quraqlıq, nağd pul və ərzaq çatışmazlığı vəziyyəti daha da pisləşdirir, BMT rəsmiləri və yardım qrupları xəbərdarlıq edirlər.

BMT-nin Qaçqınlar üzrə Komissarı Filippo Qrandi sentyabrın 12-də deyib ki, döyüşlərin bərpası, insan haqları pozuntuları, iqtisadiyyatın çöküşü daha çox əfqanın xaricə qaçmasına yol aça bilər.

606 milyon dollardan artıq vəsaitin üçdə birinə yaxını BMT tərəfindən istifadə olunacaq. Qurum avqust-sentyabrda 1600 əfqan arasında sorğu keçirib, 93 faizi kifayət qədər yemədiyini deyib.

Taliban ötən ay hakimiyyətə gələndən sonra Əfqanıstan mərkəzi bankının 10 milyardlıq aktivi dondurulub.

Pilotlar BƏƏ-yə gedir

ABŞ-ın təlim keçdiyi, Özbəkistana keçmiş əfqan pilotlar və ailələri isə bu ölkəni tərk etməyə başlayıblar. “The New York Times” konqresmen Auqust Pflagerə istinadla onların ABŞ-ın BƏƏ-dəki hərbi bazasına transfer olunduğunu xəbər verir.

Pilotlardan biri “Reuters”ə deyib ki, onlar sentyabrın 12-dən BƏƏ-yə yola düşüblər. Daha iki qrupun bir neçə günə Özbəkistandan çıxacağı gözlənir.

Bu transferlər ABŞ-ın Özbəkistanla sövdələşməsi nəticəsində baş tutub. Taliban isə pilotların və Əfqanıstan hərbi təyyarəsinin qaytarılması üçün təzyiq göstərirdi.

“Wall Street Journal” Bayden administrasiyasının ötən həftə razılaşma əldə etdiyini yazıb. Pilotlar və ailələrinin ümumilikdə 585 nəfər olduğu bildirilir. Onlar Əfqanıstan hərbi təyyarəsində Özbəkistana qaçıblar.

Birləşmiş Ştatlar pilotların ölkəyə qaytarılacağı halda öldürüləcəyindən qorxur.

Qadınlar universitetlərdə necə oxuyacaqlar

Bu arada Taliban universitetlərdə təhsil alan qadınlar üçün məhdudiyyətləri açıqlayıb.

Qadınların kişilərdən ayrı təhsil alması nəzərdə tutulur, İslam kodeksinə uyğun geyim məcburidir.

Talibanın başçılıq etdiyi hökumətin üzvü Əbdül Baqi Həqqani sentyabrın 12-də Kabildə yeni qaydaları açıqlayıb.

Dünya Taliban rejiminin 1990-cı illərdəkindən necə fərqlənəcəyini izləyir. Taliban qadınlara qarşı münasibət daxil olmaqla çox şeyin dəyişdiyini deyirdi.

Təhsilə nəzarət edən Həqqani deyib ki, Taliban saatı 20 il geri çəkmək istəmir: “Bu gün mövcud olanın üstündə tikməyə başlayacağıq”, – o vurğulayıb.

Həqqani hicabın universitetlərdə məcburi olacağını desə də, yalnız baş örtüyünə aid olduğunu, yaxud üzün də qapadılmasının tələb olunacağını açıqlamayıb.

“Oğlanlarla qızların bir yerdə təhsil almasına icazə verməyəcəyik”, – Həqqani bildirib.

Taliban ötən ay Kabili tutandan sonra bir çox təhsil ocaqlarında sinif otaqları pərdəylə bölünüb.

XS
SM
MD
LG