Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:59

Borc almağa qonşuya gedək?


►Dövlətin əlavə borclanma mənbə və yolları barədə mütəxəssis baxışları haçalanır

Neft gəlirlərinin azalması dövlətin investisiya fəallığını azaldıb. Nəticədə, iş yerləri kütləvi şəkildə ixtisara düşə bilər. Buna yol verməməkdən ötrü hökumət əlavə maliyyə qaynaqları axtarır. Prezident İlham Əliyev xarici valyuta bazarlarından resurs cəlbinin problem yaratmayacağını düşünür.

Niyə borca giririk?

2015-ci ilin dövlət büdcəsində iqtisadiyyata dövlət investisiyası 6 milyard 930 milyon manat nəzərdə tutulsa da, vəsait çatışmazlığından xərcləri 3 milyard 270 milyon manat azaltmaq lazım gəlib.

Bu il hökumət ayağını “yorğana”, yəni gözlənilən gəlirlərə görə “uzadıb”. İnvestisiya xərcləri 3 milyard 554,8 milyon manat səviyyəsində təsdiqlənib. Amma hökumətin “kəməri bir az da çəkdiyi” görünür. Prezident İlham Əliyev yanvarın 18-də deyib ki (http://president.az/articles/17525), İqtisadiyyat Nazirliyi milyardyarım manat həcmində investisiya layihələri hazırlayıb.

Maliyyə Nazirliyi bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcunun məbləğini açıqlamayıb. Ötən ilin oktyabrına bu rəqəm 6 milyard 730.9 milyon ABŞ dollarına bərabər idi. Neft Fondu ehtiyatlarından bir hissənin manatın məzənnə sabitliyinə və bank ehtiyaclarına yönəldiyi bir zamanda hökumətin digər mənbə axtarmaqdan başqa çıxış yolu qalmır.

Buna da bax: "Neyləməli idilər, kitabları yandırmalı idilər?"

Dollar ifadəsində istiqraz

Samir Əliyev
Samir Əliyev

Bəzi yerli iqtisadçıların fikrincə, Maliyyə Nazirliyi valyuta bazarında sabitliyi təmin etmək üçün təcili daxili borclanmaya getməlidir. Üstəlik, manatla bərabər dollar nominalında da istiqraz buraxmaqla. Niyə məhz dollar? Ona görə ki, əhalinin imkanlı təbəqəsinin əlində “ölü kapital” kimi böyük məbləğdə dollar yığılıb. Müstəqil ekspert Samir Əliyev belə düşünür.

Onun fikrincə, vəsaitin əllərdə yığılmasının səbəbi bank sektoruna və milli valyutaya inamsızlıqdır. Həmin kapitalın dövriyyəyə cəlb edilməsi üçün hökumət illik 2-3% gəlirlilik vəd edən və ümumi dəyəri 2-3 milyard dollar olan istiqraz buraxmalı və cəlb olunacaq vəsaiti real sektora yönəltməlidir. Bu qənaəti fond bazarı üzrə analitik Cəfər İbrahimov da bölüşür. Amma o, yerli bazarda yerləşdiriləcək qiymətli kağızlar üçün investorlara vəd edilən gəlirliyi 4 faizədək qaldırmağın mümkün olduğunu da deyir.

Samir Əliyev xarici borclanmaya getməyi məqbul saymır. Çünki manatın məzənnəsi aşağı düşərkən, dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) nisbəti yüksəlir. Dekabr devalvasiyası ilə müqayisədə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2 dəfə artaraq, 20 faizə çatıb.

Nəticə 2 ildən sonra bilinəcək

Fikrət Yusifov
Fikrət Yusifov

Keçmiş maliyyə naziri, “Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi”nin sədri Fikrət Yusifov AzadlıqRadiosuna deyir ki, xarici borclanma Azərbaycana iqtisadiyyatın real sektorunun canlandırılması üçün lazımdır və beynəlxalq maliyyə qurumları ilə yanaşı, özəl kapital da ölkənin qiymətli kağızlarına maraq göstərə bilər.

“Bu gün iqtisadiyyatın “həzm edə” biləcəyi sərmayə yükünü qiymətləndirmək çətindir. Amma real sektorun ehtiyacları 5-10 milyard arasındadır. Maliyyə ehtiyacının bir hissəsini xarici maliyyə bazarından, bir hissəsini isə yerli bazardan cəlb etmək olar. Amma yerli bazarda dollarla istiqraz yerləşdirməyin qəti əleyhinəyəm. Çünki əmanətlərin və kreditlərin dollarlaşdığı bir vaxtda iqtisadiyyatı daha çıxılmaz dollar “labirintinə” salacaq” - Daha çox hökumətin mövqeyini ifadə edən F. Yusifov belə düşünür.

Buna da bax: Qaradərili kino sənətçiləri Oscar-ı boykot edirlər

İnvestor neçə faiz gəlir istəyəcək?

Azərbaycan hökumətinin beynəlxalq maliyyə bazarlarında ilk təcrübəsi 2014-cü ilin mart ayına təsadüf edir. O zaman Maliyyə Nazirliyi 5 faizlik gəlirlilik və 10 il ödəmə müddəti şərtilə 1 milyard 250 milyon ABŞ dolları məbləğində dövlət istiqrazları yerləşdirmişdi. Hazırda həmin kağızlar üzrə faiz dərəcəsi 6-ya yüksəlib.

Cəfər İbrahimovun fikrincə, hökumət indi xarici maliyyə bazarına üz tutarsa, ən azı, illik 6 faizlə pul cəlb edə biləcək. Bundan başqa, daha 0,5 faizədək əməliyyat xərcləri ödəməli olacaq. Halbuki yerli fond birjasında daha az xərc çəkməklə daha ucuz pul cəlb etmək mümkündür.

XS
SM
MD
LG