Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:03

‘Bravo’dakı silahlı hücumla bağlı məhkəmə başladı: tutulanda öldürülən şəxsin atası da hakim önündə...


“Bravo” hipermarketindəki silahlı hücuma görə hadisədən bir neçə saat sonra yaxalanarkən öldürülən Ruhlan İsmayılovun atası da bu olayla bağlı cinayət məsuliyyətinə cəlb olunubmuş. Bu məlumat sentyabrın 20-də məhkəmədə üzə çıxıb.

Əhmədli qəsəbəsində hipermarketin girişindəki bankomatlardan birinə pul yükləyərkən inkassatora silahlı hücumla bağlı hadisə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Həmin hadisədə bir nəfər ölmüş, başqa bir nəfər də yaralanmışdı. Hakim önünə təqsirləndirilən şəxs qismində 6 nəfər çıxarılsa da, ittiham olunanların sayı 7 nəfərdir. Saxlanılarkən öldürülən Ruhlan İsmayılov da təqsirləndirilənlər siyahısındadır.

Digər 5 nəfərdən biri – Dəyanət Qüdrətov hadisə vaxtı Ruhlanla birgə cinayəti törətməkdə ittiham olunur. Ona qəsdən adam öldürmə, qətlə cəhd, quldurluq və başqa ittihamlar verilib. Daha 3 nəfər - Azər Məmmədov, İbrahim İbrahimovSəbuhi Qurbanov silahlı basqının törədilməsinə yardımda ittiham edilirlər. Bu üzdən, adları çəkilən şəxslər D. Qüdrətovun ittiham olunduğu əməllərə qatılmaqda ittiham olunurlar.

Ruhlan İsmayılovun atası Rövşən İsmayılova gəlincə, o, qanunsuz silah əldəetmə və odlu silah hazırlamağa yardım kimi əməllərdə təqsirləndirilir. Bu ittihamla R. İsmayılovla yanaşı, daha bir nəfər - Babək İsgəndərov məsuliyyətə cəlb edilib. B. İsgəndərov Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.

Təqsirləndirilən şəxslərdən Azər Məmmədovun vəkili müvəkkili haqqında cinayət işinə xitam verilməsinə dair vəsatət qaldırıb. Vəkil deyir ki, Azər Məmmədov işgəncələrə məruz qalıb, hüquqları pozulub. Onun sözlərinə görə, cinayətə aidiyyəti olmadığı halda, ona qarşı ağır ittihamlar irəli sürülüb. Müdafiəçi bir sıra sübutların siyahıdan çıxarılmasını da istəyib:

“Bu adamın cinayətdə iştirakı sübuta yetirilmədən ona belə ağır maddələrlə ittihamlar verilib. Ağır işgəncələrə məruz qalıb...”

Vəsatət təmin edilməyib.

Bu hadisəylə bağlı dindirmələr oktyabrın 4-də başlanacaq.

Xatırlatma

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12.00 radələrində baş verib. Nəticədə inkassator Rüfət Həşimov qətlə yetirilib, Samir Şaydayev yaralanıb.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia olunur ki, cinayəti törətməkdə ittiham olunan Ruhlan İsmayılov saat 21.00 radələrində olduğu evdə saxlanılarkən, polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

“Mən hardan bilim ki, bu adam belə bir hadisə törədib?!”

Həmin evdə yaşayan İsmayıl Hacızadə də o gün həbs edilib. Ona qarşı narkotik ittihamı irəli sürülüb. O da hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində ayrıca mühakimə olunur.

İ.Hacızadə ittihamın əsassız olduğunu, heç vaxt narkotikdən istifadə etmədiyini bildirib. Homoseksual olduğunu söyləyən İsmayıl Ruhlanla daha öncədən münasibət qurduğunu da gizlətməyib. O, Ruhlanın hadisə günü günortadan sonra onun evinə gəldiyini deyib:

“Mən hardan bilim ki, bu adam belə bir hadisə törədib?! Axşam qapı döyüldü, mən açdım. Qapını açan kimi də bilmədim nə baş verir. Güllələr başımın üstündə uçuşurdu. Heç Ruhlanın da necə öldürüldüyünü görmədim. Məni də sürüyə-sürüyə apardılar...”.

XS
SM
MD
LG