Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:29

Brüssel görüşləri bitdi: Ağdam üzərindən humanitar yardım,Qarabağ erməniləri ilə dialoq...


İlham Əliyev, Şarl Mişel, Nikol Paşinyan, 14 may 2023
İlham Əliyev, Şarl Mişel, Nikol Paşinyan, 14 may 2023

İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel (Charles Michel) və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Şarl Mişel yekunda görüşdə müzakirə olunan məsələlərlə bağlı açıqlama verib.

Mişel üçtərəfli görüşdə ölkələrin suverenliyi və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, iki ölkə arasında nəqliyyat əlaqələrinin açılmasının müzakirə olunduğunu deyib. Eyni zamanda Qarabağdakı erməni əhalisinin vəziyyəti, hüquq və təhlükəsizliyi, Laçın dəhlizi ətrafında vəziyyət də götür-qoy edilib. Sərhəddi keçən əsgərlərin qarşılıqlı azad olunması, minaların təmizlənməsi və itkin düşənlərlə bağlı məsələlər də diqqət mərkəzində olub.

Azərbaycan Laçın dəhlizindən qaçaqmal keçirildiyini əsas gətirərək nəqliyyatı dayandırıb. Ermənistan bununla Qarabağdakı ermənilərin blokadaya salındığını deyir, rəsmi Bakı ittihamları rədd edir.

Mişelin açıqlamasında qeyd olunur ki, iki ölkə liderinə növbəti iki görüşün yaydan sonra keçirilməsi ilə bağlı niyyətini çatdırıb. Görüşlərdən biri yenə də Brüsseldə, daha bir görüş isə Fransa və Almaniya liderlərinin də iştirakı ilə Qranadada keçirilə bilər.

Azərbaycan Qarabağ ermənilərinə Ağdam yolunu təklif edir: Xankəndidən reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Şarl Mişel üçtərəfli görüşdə sonra müzakirə olunan məsələlərlə bağlı açıqlama verib.

1. Suverenlik və ərazi bütövlüyü

Azərbaycan və Ermənistan liderləri ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlərini bir daha tam şəkildə təsdiqləyiblər. Bu anlayışa əsasən Ermənistanın ərazisi 29.800 km2, Azərbaycanın isə 86.600 km2-ni əhatə edir.

2. Sərhədin delimitasiyası

Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il Almatı Bəyannaməsinə birmənalı sadiqliklərini bir daha təsdiq ediblər.

3.Nəqliyyat əlaqələri

Açıqlamada bildirilir ki, regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə tərəflər aydın irəliləyiş əldə ediblər. Qeyd olunur ki, görüşdə suverenlik, yurisdiksiya və qarşılıqlı prinsiplərə hörmətlə gələcək nəqliyyat razılaşmalarının üsulları müzakirə olunub. Dəmir yolu xəttinin tikintisinin davam etdirilməli olduğu və Aİ-nin maliyyə yardımı verməyə hazır olacağı qeyd edilib. Amma açıqlamada bu məsələ ilə bağlı bəzi detallarla bağlı hələ də aydınlaşdırma tələb olunduğu qeyd edilib.

4. Humanitar ləvazimatlar

Mişelin açıqlamasına görə, görüşdə Qarabağ erməni əhalisinin vəziyyəti, Laçın dəhlizi ətrafında vəziyyət və bu vəziyyətin normallaşmasına kömək edəcək mümkün konkret addımlar da müzakirə olunub. O, Laçın yolunun açılmasının vacibliyini vurğulayıb, bundan başqa Azərbaycanın Ağdam üzərindən humanitar yardımı bərabər şəkildə çatdırmağa hazır olduğunu da qeyd edib. O, hər iki variantı vacib hesab etdiyini və əhalinin ehtiyaclarının ödənilməsini təmin etmək üçün hər iki tərəfdən humanitar çatdırımları təşviq etdiyini bildirib Bundan başqa o, Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını da alqışladığını qeyd edir.

5.Hüquqlar və Təhlükəsizlik

Açıqlamada qeyd olunur ki, yerdəki əhalinin, ilk növbədə, hüquqları və təhlükəsizliyi ilə bağlı arxayınlığa ehtiyacı var. Bu kontekstdə Aİ-nin Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu təşviq etdiyi vurğulanıb.

6. Məhbuslar

Görüşdə məhbuslar məsələsi də müzakirə olunub, liderlər səhvən qarşı tərəfə keçən əsgərlərin azad edilməsinin asanlaşacağına dair anlayışa sadiqliklərini bir daha təsdiq ediblər. Bundan başqa itkin düşənlərin taleyinin həlli və minaların təmizlənməsi üzrə əməkdaşlığın genişləndirilməsinin təmin edilməsinin vacibliyi də müzakirə olunub.

Brüsseldə olan Ermənistanın baş naziri Nikol Paşinyan Şarl Mişellə görüşdə ona Qarabağdakı separatçı qurumun rəhbəri Arayik Arutyunyanın məktubunu çatdırıb.

AzadlıqRadiosunun erməni xidməti yazır ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan facebook səhifəsində foto ilə birgə məlumat paylaşıb.

Azərbaycan prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişellə Brüsseldə keçirilən görüşü başa çatıb.

"Azərtac"ın bu barədə xəbərində deyilir ki, İlham Əliyev işçi səfərə dəvətə görə Şarl Mişelə minnətdarlığını bildirib.

Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində Brüssel formatının səmərəli olduğunu qeyd edib.

Söhbət zamanı İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə iyulun 15-də keçiriləcək üçtərəfli danışıqlar, həmçinin Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin (Charles Michel) dəvəti ilə iyulun 14-də Belçika Krallığına işgüzar səfərə gedib. Əliyevin artıq Mişellə görüşü başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Brüsselə gedib. O, iyulun 15-də Brüsseldə İlham Əliyev və Şarl Mişellə görüşəcəyini demişdi.

Prezident Əliyev iyulun 11-də bildirib ki, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. Onun dediyinə görə, bu ilin mayında Ermənistan artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlər daxil olmaq şərtilə rəsmən tanıyıb: "Sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın".

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. ABŞ Aİ formatını dəstəkləyir. Amma tərəflər arasında, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG