Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:48

Bullinq uşaq intiharlarının yalnız bir səbəbidir


Depressiya
Depressiya

Ötən ay Alabamadan 9-yaşlı qızın intiharı ictimaiyyətin diqqətini uşaqlar arasında intiharların artmasına və bu məsələdə bullinqin – uşaqların təklənməsinin, gözümçıxdıya salınmasının roluna yönəldib.

Bu hadisə bu il yaşı 12-dən aşağı uşaqlar arasında üçüncü intihar hadisəsidir. İntihar edən bütün uşaqlar məktəb yoldaşları tərəfindən bullinqə məruz qalıblar. Mental sağlamlıq mütəxəssisləri deyirlər ki, bullinq uşağın intihar qərarına təsir etsə də, bir qayda olaraq, yeganə amil deyil.

Qaradərili McKenzie Adams-ın ailəsi yerli qəzetin müxbirlərinə dördüncü sinifdə oxuyan uşağın məktəbdə irqçilik zəminində bullinqə məruz qaldığını deyiblər. Ancaq məktəb qəzetə bullinqlə bağlı şikayətin daxil olmadığını bildirib.

Bullinq azalır

ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin 2007- 2017-ci illəri əhatələyən hesabatında deyilir ki, ölkədə yuxarı sinif şagirdlərinin 17%-i bullinqə məruz qalır, 7%-i isə intihara cəhd edir.

Bullinqin özü də azalırmış: ABŞ Milli Təhsil Statistikası Mərkəzinin 2017-ci ildə çıxmış hesabatında deyilir ki, 2005-2015-ci illər arasında məktəbdə bullinqdən şikayət edən şagirdlərin faiz göstəricisi 28-dən 21-ə enib.

Ohayonun Kolumbus şəhərindəki İntiharların qarşısının alınması və tədqiqatı mərkəzinin koordinatoru, psixoloq John Ackerman hesab edir ki, intiharların mürəkkəb səbəbləri həddindən artıq sadələşdirilməməlidir.

«Biz cəmiyyətə «bullinqə məruz qaldınsa, mütləq əzab çəkib intihar haqda düşünəcəksən» mesajını ötürməməliyik. Ailələr və məktəblər bullinq hallarını müəyyənləşdirmək, bununla məşğul olmaq, uşaqlara bunun öhdəsindən gəlməyi öyrədə bilərlər», - Ackerman deyir. Onun sözlərinə görə, çox zaman məsələnin kökündə dərində yatan, diaqnozu qoyulmamış depressiya, qorxu, yaxud başqa bir hal ola bilər. O, həm də vurğulayır ki, uşaqların evdə və məktəbdə onlara dəstək ola biləcək insanları tapması və sosial media məkanından uzaqlaşmağı öyrənməsi çox vacibdir.

Florida Universitetinin psixologiya professoru Dorothy Espelage deyir ki, bullinq kimi xroniki hədəfləmə halları depressiya, qorxu, özünə qapanma və uşağın özünü ailəsinə yük kimi görməsi kimi hallara yol aça bilər. Onun sözlərinə görə, bunun üstünə düşülməyəndə intihar haqda düşüncələr və cəhdlər meydana gələ bilər.

Ailənin təsiri

Əsasən romantik münasibətlərə görə intihar haqda düşünən yeniyetmələrdən fərqli olaraq, yaşı daha az uşaqlar ailədəki münaqişənin təsirinə məruz qalır.

«Onların vaxt keçirdikləri adamları seçmək imkanları daha azdır. Davamlı neqativ ünsiyyət və stressə məruz qalanda onlar get-gedə daha çox sosial mediaya meyllənirlər. Sosial media isə neqativ və zərərli ola bilər», – Espelage deyir. Onun sözlərinə görə, uşaqların gördüklərini təhlil etməyə yetərincə imkanı olmur: «Məktəblərin bullinqin önlənməsində fəallığını necə təmin edəcəyik? Ailələri daha fəal olmağa və övladlarını müdafiə etməyə necə öyrədəcəyik? Müzakirə mövzusu bu olmalıdır».

Hələ yeniyetmə olmayan uşaqlar arasında intihar halları nadir olsa da, artmaqdadır.

2014-cü ildə ABŞ-da intihar ibtidai sinif yaşında olan uşaqlar arasında ölüm səbəblərinin siyahısında 10-cu yeri tuturdu. 2007-2014-cü illər ərzində 10-14 yaşlı uşaqlar arasında intihar halları iki dəfədən çox artaraq hər 100 min uşağa 0.9-dan 2.1-ə qalxıb.

2008-2015-ci illərdə yaşı 17 və daha aşağı uşaqlar arasında intihar düşüncələri və cəhdlərinə görə xəstəxanaya yerləşdirilənlərin, az qala, 13%-i 5-11 yaşlarında olub.

XS
SM
MD
LG