Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:27

Sovet kosmik gəmisini qazax xanının başına dəyişmək


Antonov An-225 yük təyyarəsi Buran gəmisini daşıyır
Antonov An-225 yük təyyarəsi Buran gəmisini daşıyır

Qazax biznesmen “Buran” gəmisinin əvəzində sonuncu qazax xanı, 19-cu əsrdə qazax milli-azadlıq hərəkatının lideri olmuş Kenesarı xanın başını istəyir

Rusiyanın kosmos agentliyi Roskosmosun başçısı Dmitri Roqozin deyib ki, Rusiya sovetdən qalmış yeganə kosmik məkik gəmisi “Buran”ı öz mülkiyyətinə qaytarmağı planlaşdırır.

CurrentTime saytının yazdığına görə kosmik gəmi hazırda Qazaxıstandakı şirkətlərdən birinin mülkiyyətindədir və bu şirkətin sahibi “Buran” gəmisinin əvəzində Rusiyadan sonuncu qazax hökmdarı Kenesarı xanın başını istəyir.

Bəzi iddialara görə xanın başı Sankt Peterburqdakı Kunstkamera muzeyində saxlanır. Belə bir dəyiş-düyüş mümkündürmü?

Dəfələrlə istifadə olunan kosmik məkik gəmisinin yaradılması proqramı SSRİ-nin son dövlərində sovetlərin ən ambisiyalı proqramlarından biri olub.

SSRİ bununla da kosmik yarışda artıq Space Shuttle proqramına malik Birləşmiş Ştatlara çatmaq arzusundaydı.

Lakin “Buran” cəmi bir dəfə - 1988-ci ildə uça bilmişdi. 1990-cı illərdə SSRİ-nin çökməyə başlaması ilə proqrama xitam verildi. Artıq hazır olan 5 gəmidən üçünü dərhal söküb hissələrə ayırdılar.

İki gəmiyə toxunulmadı. Lakin yeganə uçuşu etmiş “Buran” gəmisi 2002-ci il mayın 12-də Baykonur kosmodromunda montaj-sınaq korpusunun uçması nəticəsində məhv oldu.

Salamat qalan ikinci gəmi heç vaxt uçmasa da, kosmik səyahətə tam hazır idi. Həmin gəmi də hazırda Baykonurdadır və “Baykonur” raket kosmik şirkətinin və onun sahibi Dauren Musanın mülkiyyətindədir.

Roqozinlə Musanın yazışması

Dmitri Roqozin 2020-ci ilin noyabrında yazırdı ki, “Buran” gəmisinin ikincisinin saxlanma şəraiti “həyəcan doğurur”.

O qeyd edirdi ki, Rusiya tərəfi gəmini “götürməyə və ya satın almağa” hazırdır:

“Buran” gəmisinin indiki sahibi Roskosmos rəhbərinin bu postuna dərhal cavab vermişdi. O yazırdı ki, “Buran 1.02” və PM “OK-MT 0.07” kosmik gəmiləri fiziki şəxsə məxsus deyil və “Baykonur” şirkətinin mülkiyyətindədir.

Musa qeyd edirdi ki, onun kosmik müəssisəsi bu şirkətin ayaqda qalması və “Buran” gəmisinin saxlanması üçün xeyli vəsait sərf edib.

Dauren Musa “Buran” gəmisini 89 min rubla almışdı. Bundan əvvəl “Buran” N2 gəmisi “KRİSP Aelita” müştərək Rusiya-Qazaxıstan şirkətinin balansında idi.

Qazax biznesmen Rusiyanın “Energiya” kosmik şirkətinə məxsus səhmlərin 49.5 faizini almış və şirkətin adını dəyişmişdi.

Musa daha sonra müəssisədə əməkhaqqı borclarını ödəməklə ümumilikdə səhmlərin 80 faizinə sahiblənmişdi.

O beləliklə, həm də həmin şirkətin balansında olan “Buran” gəmisinin və onun maketinin sahib olmuşdu.

Buran uçuşda
Buran uçuşda

Ulduzlara uçmazdan əvvəl yerdə yaşamağı öyrənmək lazımdır

Lakin bu Twitter yazışmasından sonra Peterburqdakı DobroCrew studiyasının rəssamları Baykonura gəlib çıxmış və “Buran” gəmisinin göyərtəsində boya ilə müxtəlif qeydlər etmişdilər. Bu qeydlərdən birində deyilirdi:

“Ulduzlara cummazdan əvvəl adam yerdə yaşamağı öyrənməlidir”.

Bu yazıların üstünü tezliklə boyalasalar da, həmin sözlər Roqozinin yaddaşına həkk olunmuşdu.

Roskosmosun qəzəbli rəhbəri gəminin saxlandığı anqara fasiləsiz mühafizə qoydurmuş və gəminin vəziyyətini yoxlamaq üçün xüsusi komissiya göndərmişdi.

Roqozin hətta hədələmişdi ki, bu məsələni Baykonur kosmodromu üzrə Rusiya-Qazaxıstan hökumətlərarası komissiyasının qarşısında qaldıracaq.

2021-ci ilin sentyabrında Molniya elmi-istehsalat birliyinin nümayəndələri məkik gəmisinin vəziyyətini bir daha yoxlayıblar.

“Buran” gəmisinin Rusiyaya gətirilməsi tədbirlərinin layihəsini məhz Molniya birliyi hazırlamışdı.

Lakin sonradan həmin layihə barədə məlumatı müəssisənin saytından silmişdilər.

Musa: “Mən bu gəmiləri doğranmaqdan qorumuşam”

Mütəxəssislər bildirirdilər ki, “gəminin uçuşa hazır modeli xüsusi xidmət olmadan dağılır, vandalların hücumlarına məruz qalır, üstəlik qəza vəziyyətində olan anqar hər an gəminin üstünə uça bilər”. Lakin sonradan bu məlumatı da saytdan silmişdilər.

Bütün bu yoxlamalar və söz-söhbət “o vaxt heç kimə lazım olmayan” “Buran” gəmilərini tarix üçüb qoruyub saxlayan şəxsin heysiyyətinə toxunmuşdu. Dauren Musa deyir:

"Mübaliğəsiz deyə bilərəm ki, mən bir qayğıkeş sahib kimi həqiqətən də bu “Buran”ları doğranmaqdan qorumuşam. İndi hanı o nömrəli sualtı gəmilər, kreyserlər və təyyarələr? Hanı? Zavodların, dəzgahların kəsib doğradığı həmin maşınlar hardadır indi? Onları doğrayıblar. Niyə? Çünki rəhbərlikdəki məmurlar qazanmaq hərisi idilər. Satmaq, dağıtmaq, pul qazanmaq, qazanıb pulu xaricə çıxarmaq, balalarının həyatını qurmaq istəyirdilər”.

Kenesarı Kasımov obrazı Amanar adlı filmdə
Kenesarı Kasımov obrazı Amanar adlı filmdə

Qazax xanının başını Rusiya qubernatoruna qırğız xanı göndərib

Musa Roskosmosa dəyiş-düyüş təklif edib. O “Buran” gəmisinin əvəzində sonuncu qazax xanı, 19-cu əsrdə qazax milli-azadlıq hərəkatının lideri olmuş Kenesarı xanın başını istəyir.

2021-ci ilin yayında bu başın harda saxlandığını öyrənəcəyini Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevə şəxsən Vladimir Putinin özü vəd etmişdi.

Qazaxıstanda bir çoxları hesab edirlər ki, xanın başı Sankt Peterburqdakı Kunstkamera muzeyində saxlanır.

Başı Kenesarını ələ keçirmiş qırğız xanı Orman Rusiyaya sədaqətinin isbatı kimi Sibirin general-qubernatoru Qorçakova göndərmişdi.

Lakin muzeyin rəhbərliyi hələ 2004-cü ildə bildirib ki, onlarda “Kenesarı Kasımovun başı” adlı eksponat yoxdur.

Dauren Musa əməlindən razıdır

Qazaxıstan hökuməti də “Buran” gəmilərini Rusiyaya qaytarmağı vəd edib. Amma bunun üçün əvvəlcə onları dövlət mülkiyyətinə qaytarmaq lazımdır.

Bu işlə hazırda Qazaxıstan Maliyyə Nazirliyinin dövlət mülkiyyət və özəlləşdirmə komitəsi məşğuldur. Komitə “Baykonur” raket-kosmik şirkətinin ləğvinə çalışır.

Lakin fevral ayında keçirilən məhkəmə Dauren Musanın şirkətinin ləğv etmək üçün heç bir əsas tapmayıb.

“Buran” gəmiləri firmanın mülkiyyətindəmi qalacaq, yoxsa onları Roskosmosa verəcəklər? Dauren Musa bunu bilmir. Amma biznesmen hesab edir ki, o bu tarixi abidə qarşısında öz borcunu yerinə yetirib.

O elə edib ki, “Buran” barəsində danışırlar, onun gələcəyindən narahat olublar.

XS
SM
MD
LG