Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:26

Cəlal Əliyevin vəkili: 'Mən terrorçu deyiləm'


Sümbülə Əliyeva
Sümbülə Əliyeva

Keçmiş deputat Cəlal Əliyevin jurnalistlərə qarşı çoxsaylı məhkəmə çəkişmələrində vəkili olmuş Sümbülə Əliyeva yarım ildən çoxdur ki, mühakimə olunur. Ondan şikayətçi olanlar isə elə özünün keçmiş işçiləridir. O, vaxtilə rəhbərlik etdiyi 1 saylı Hüquq Məsləhətxanasında (indiki "Mərkəz" vəkil bürosu) fəaliyyət göstərən vəkillərin ümumilikdə təxminən 200 min manat pulunu mənimsəməkdə suçlanır. Söhbət vəkillərin müştərilərlə müqavilələrdən əldə etdikləri vəsaitlərin yeyintisindən gedir.

Sözügedən vəkillər şahid qismində tanınsalar da, onlar bundan narazıdır. Deyirlər ki, prokurorluq istintaqı düzgün aparmayıb, əslində, onlar zərərçəkmiş kimi tanınmalıydılar.

"O pul elə belə qazanılmayıb"

Vəkil Mehman Abbasov deyir ki, Əliyevanın rəhbərliyi dövründə onun kassada toplanmış təxminən 19 min manata yaxın vəsaiti mənimsənilib. Onun sözlərinə görə, bu vəsaitin bir hissəsini vergi, sosial sığorta və başqa xərclərə çıxsa belə, özünə çatası, azı, 12 min manatlıq yeyinti var: "Mənim pulumu versin, o pul elə belə qazanılmayıb. Hər işə görə nə qədər əziyyət çəkirik. Biz əziyyət çəkmişik ki, bu da pullarımızı yığıb Britaniyaya göndərsin?".

Təqsirləndirilən Əliyevanın qızının Böyük Britaniyada təhsil aldığı bildirilir. Məhkəmədə şahidin Böyük Britaniya haqda dedikləri onunla Əliyeva arasında mübahisəyə səbəb olub.

Abbasov vurğulayıb ki, hər dəfə hüquq məsləhətxanasının xəzinəsindən özünə çatası vəsaiti almaq istəyəndə məsləhətxananın rəhbəri bir bəhanə ilə imkan vermirdi: "Gah deyirdi ki, mühasib yoxdur, gah deyirdi ki, bankda problem var...".

"İttiham son üç ilə görə verilib"

Əliyevadan şikayətçi olanlardan biri də vəkil Məzahir Şahmarovdur. Ona 16 min manat ziyan vurulduğunu deyən vəkil zərərçəkmiş qismində tanınmamasından narazıdır. O hesab edir ki, məhkəmə bu işi təkrar araşdırma üçün istintaqa qaytarmalıydı: "Mənimsəmə faktları 2013-2019 illəri əhatə edir, amma ittiham son üç ilə görə verilib. Bu əməllər qrup şəklində həyata keçirilib".

Şahmarov vurğulayıb ki, zərərçəkmiş kimi tanınması və bu işdəki başqa pozuntularla əlaqədar müxtəlif dövlət orqanlarına şikayətlər edib, hələlik, nəticə yoxdur.

"Özüm özümdən oğurluq eləmişəm?"

Əliyeva isə özünü təqsirli bilmir. Deyir ki, ona qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: "İttihamda yazılanlar yalandır. Mən vəkiləm, terrorçu deyiləm. Bir neçə ölkədə Vəkillər Kollegiyasını təmsil etmişəm. Hazırda mənim vəkillik fəaliyyətimin üstündən qara xətt çəkilib".

İstintaqdan gileylənən Əliyeva bildirib ki, heç bir vəsatəti təmin olunmayıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, indi ondan şikayətçi olan Şahmarov özü ona xəsarət yetirib.

"Mən burada çox şeyi demək istəmirəm. Məqsədim işin ədalətli aparılmasıdır. Necə ola bilər bu - mən özüm özümdən oğurluq eləmişəm? Bir daha deyirəm, mən bu işi eləməmişəm. Ədalətə inanıram...", – Əliyevanın sözləridir.

Əliyeva kimdir

Əliyevanın işiylə bağlı məhkəmə araşdırmaları davam edir. O, CM-in 179.3.2 (külli miqdarda mənimsəmə) ilə yanaşı, 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə də ittiham olunur. Cinayət işinin materiallarında yazılıb ki, vəkillər vergi və sosial sığorta haqlarını hüquq məsləhətxanasına ödəsələr də, həmin vəsaitlər təyinatı üzrə köçürülməyib. Ona görə Dövlət Vergi Xidməti və Dövlət Sosial Sığorta Fondu bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Əliyevaya qarşı ittiham maddələrində 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Əliyeva hüquq məsləhətxanasının rəhbəri olmaqdan əlavə, həm də uzun müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olub. O, ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bir sıra vəkillərin fəaliyyətinin dayandırılması üçün səs verənlərdən biri olmuşdu. Onların arasında Yalçın İmanov, Əlayif Həsənov və digərləri var.

Prezident İlham Əliyevin mərhum deputat əmisi Cəlal Əliyevin vəkili kimi, Sümbülə Əliyevanın çıxdığı bir neçə məhkəmə işində jurnalistlər ya cərimələnib, yaxud da həbs edilib. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə də sözügedən məhkəmələrin yekununda prezidentin əmisi haqda yazılarına görə həbs olunanlar sırasındadır.

XS
SM
MD
LG