Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:30

Koronavirusun yeni ştammı alimləri hərəkətə gətirib


Arxiv fotosu
Arxiv fotosu

Artıq Böyük Britaniya Cənubi Afrikadan və Afrikanın cənubunda yerləşən daha 5 ölkədən uçuşları qadağan edib

Cənubi Afrika alimləri koronavirusun həddən artıq yoluxucu variantının aşkarlandığını deyirlər. Onun çoxsaylı mutasiyaları vaksinlərdən yayınmasına imkan verə bilər.

Dünya Səhiyyə Təşkilatı (DST) yeni variantı monitorinq edir və onun pandemiya və vaksinlər üçün nə demək olduğunu noyabrın 26-na çağırdığı təcili toplantıda müzakirə edəcək.

“Narahatlıq yaradan odur ki, bu qədər mutasiya virusun davranışına da təsir göstərir”, – DST-nin COVID-19 üzrə texniki rəhbəri Maria Van Kerxove deyib.

Haralara yayılıb

B.1.1.529 indiyədək aşkarlanmış, ən çox mutasiyaya məruz qalan variantdır. Koronavirus yayıldıqca təkamül edir və yeni ştammların çoxu sonradan sıradan çıxır. Hazırda dünyada dominant ştamm deltadır, yoluxmaların 98 faizindən çoxunu əhatələyir.

Son ştamm isə bu həftə aşkarlanıb, onun ictimai səhiyyəyə təsirini müəyyənləşdirməksə həftələr alacaq.

İndiliksə ştamm daha çox Cənubi Afrikanın sıx məskunlaşmış, Cohannesburqun və paytaxt Pretoriyanın yerləşdiyi Gautenq vilayətində aşkarlanır. Botsvanada, Honq Konqa Cənubi Afrikadan getmiş səyahətçilər arasında da tapılıb. Ştammın digər ölkələrə yayılıb-yayılmadığı bəlli deyil.

“Son 4-5 gündə yoluxmaların əmsal göstəricisi artıb”, – Cənubi Afrikanın Səhiyyə naziri Co Faahla onlayn brifinqdə deyib.

300-dən 2400-ə qalxan yoluxmalar

Noyabrın 26-da ölkədə gündəlik yoluxma sayı 2465-ə çatıb. Bir həftə öncə bu rəqəm 300 idi. Bir alimin hesablamasına görə, Gautenqdə yoluxmaların 90 faizi yeni ştammla bağlıdır.

Cənubi Afrikanın Epidemiyaya Reaksiya və İnnovasiya Mərkəzinin direktoru Professor Tulio de Oliveira yeni ştammı “gerçəkdən narahatedici”, digər variantlardan fərqli adlandırıb.

O, yeni variantın 50 mutasiyasının olduğunu, onların yoluxmaya, vaksinlərin effektinə təsir göstərə biləcəyini vurğulayıb.

De Oliveira Cənubi Afrikanın yeddi universitetindən alimlərin bu ştammı öyrəndiyini sözlərinə əlavə edib. Onların əlində yeni variantın 100 tam genomu var və bir neçə günə daha çoxunu əldə edəcəklər.

Britaniyanın gördüyü tədbirlər

Artıq Böyük Britaniya Cənubi Afrikadan və Afrikanın cənubunda yerləşən daha 5 ölkədən uçuşları qadağan edib. Bu yaxılarda həmin ölkələrdən gələnlərin isə koronavirus testi verməyi istəniləcək. İsrail də oxşar açıqlama verib, vətəndaşlarına Afrikanın cənubuna getməyi yasaqlayıb, regiondan gələnlər üçün girişi də qadağan edib.

Britaniya rəsmiləri ölkədə yeni ştamma heç bir yoluxmanın aşkarlanmadığını, sadəcə, qətiyyətli qabaqlayıcı tədbirlər görüldüyünü bəyan edib.

Kembric Universitetinin klinik mikrobiologiya professor Ravindra Gupta yeni ştamma “çox ciddi yanaşma” gərəkdiyini deyib. O, yoluxmalarda artımın yeni ştammla bağlılığını müəyyənləşdirməkdən ötrü alimlərə zaman lazım olduğunu söyləyib.

“Belə olma ehtimalı böyükdür. Cənubi Afrika alimləri bunu tez aşkarlayaraq dünyanın diqqətinə çatdırmaqla böyük iş görüblər”, – professor vurğulayıb.

XS
SM
MD
LG