Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:16

Şahin Həsənli: 'Təkamül nəzəriyyəsi 'Quran'la ziddiyyət təşkil etmir'


Charles Darwin
Charles Darwin

ƏHSƏN NURUZADƏ: «BİZ ELƏ ADƏM ÖVLADIYIQ, BABAMIZ DA İNSAN OLUB»

«Təkamül nəzəriyyəsi Azərbaycanda çoxdan dərsliklərdən çıxarılmalıydı. Sovet dönəmi bitəndən sonra Darvinizm nəzəriyyəsinin də tədrisi dayandırılmalı idi», – Bakıdakı «Müsəlman Birliyi» Hərəkatının fəalı Əhsən Nuruzadə belə söyləyir.

Onun qənaətincə, təkamül nəzəriyyəsinin heç bir elmi əsası yoxdur və Azərbaycan da Türkiyə kimi bu nəzəriyyədən imtina etməlidir.

Əhsən Nuruzadə: «Biz Adəm övladıyıq, babamız da insan olub»
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00
Direct-ə keçid

«İstər dünyəvi, istərsə də islam baxımından yanlış düşüncə məhsuludur. Biz elə Adəm övladıyıq, babamız da insan olub», – deyə Nuruzadə əlavə edir.

«QURAN»DA YAZILIB Kİ...

Azərbaycanda heç də bütün dindarlar eyni baxışı bölüşmür. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Şahin Həsənli darvinizmin islamla ziddiyyət təşkil etmədiyini söyləyir. Bu səbəbdən də onun tədrisində problem görmür.

Şahin Həsənli
Şahin Həsənli

«Ümumiyyətlə, hər hansı elmi nəzəriyyə möhkəm elmi dəlillərə söykənirsə, onun yaşamaq haqqı var. Mən hər hansı elmi nəzəriyyənin ləğvinin tərəfdarı deyiləm. Bir də, təkamül nəzəriyyəsinin «Quran»da – səmavi kitabda inkar olunduğunu iddia etmək çətindir. Təkamül nəzəriyyəsi insanın yaradılışı ilə bağlı dini görüşlərlə ziddiyyət təşkil etmir. «Quran»da yazılıb ki, insan torpaqdan yaranıb, amma bu o demək deyil ki, təkamül nəzəriyyəsi inkar olunur. «Quran» bəzi məsələlərlə bağlı fikrini rəmzi formada ifadə edir, orda həyatın başlanğıcı olaraq torpaqdan yaradılış nəzərdə tutulur. Ona görə də yaradılışla bağlı nəzəriyyələrin tədrisinin ləğv edilməsini anlamıram, başa düşmürəm», – Ş.Həsənli deyir.

Şahin Həsənli: «Təkamül nəzəriyyəsi insanın yaradılışı ilə bağlı dini görüşlərlə ziddiyyət təşkil etmir»
Gözlə

No media source currently available

0:00 0:00:59 0:00
Direct-ə keçid

2019-cu ildən Türkiyənin orta məktəblərində təkamül nəzəriyyəsi dərsləri keçilməyəcək. Bu ölkənin Təhsil Nazirliyi əsası Charles Darwin tərəfindən qoyulmuş bu nəzəriyyənin «mübahisəli fənn» olduğunu bildirir. Rəsmilərin qənaətincə, mübahisəli mövzular məktəblilərin hələ müstəqil fikir yürütmək qabiliyyətinə malik olmadıqları yaşda keçilə bilməz.

KAMİL VƏLİ NƏRİMANOĞLU: «DƏRSLİYƏ SALINMASI ƏHƏMİYYƏTSİZDİR»

Türkiyədə yaşayan və oranın ali məktəblərindən birində dərs deyən azərbaycanlı alim Kamil Vəli Nərimanoğlu da AzadlıqRadiosuna deyir ki, bu nəzəriyyənin tədris edilməməsi normaldır.

«Kim istəsə, özü bu nəzəriyyə ilə tanış ola, onu oxuya, hətta ona inana da bilər», – deyən professor hesab edir ki, artıq darvinizmin dərs proqramına salınması «əhəmiyyətsizdir». Onun qənaətincə, bu nəzəriyyə fikir tarixinin bir hissəsi kimi öyrənilə bilər, məsələn marksizm kimi.

Fazil Mustafa
Fazil Mustafa

«BU ADDIM AŞIRI, DİNÇİ YANAŞMANIN NƏTİCƏSİDİR»

AzadlıqRadiosu məsələyə azərbaycanlı deputatlardan da münasibət öyrənmək istəyib. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə sualı dinlədikdən sonra başqa yerdə olduğu üçün cavab verə bilməyəcəyini deyib.

Həmin komitənin başqa üzvü Fazil Mustafa isə təkamül nəzəriyyəsinin orta məktəbdə öyrənilməsinin dayandırılmasını «uğurlu addım» saymır. Bununla belə, o bu nəzəriyyənin doqma, «ehkam» kimi təqdimatını da doğru hesab etmir. Deputatın qənaətincə, yaradılışla bağlı fərqli fikirlərdən nəticə çıxarmağı şagirdlərin öhdəsinə buraxmaq gərəkdir:

Fazil Mustafa: «Yaradılışla bağlı fikirləri şagird özü mənimsəməli, özü təhlil etməlidir»
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00
Direct-ə keçid

««Dünya bu cür yaranıb» deyə konkret yanaşma ortaya qoymaq yanlışdır, amma onu silmək də yanlışdır. İnsanda düşüncə diapazonunun yaranması üçün olduqca vacibdir ki, yaradılışla bağlı fikirləri şagird özü mənimsəsin, özü təhlil etsin. Türkiyədə atılan bu addım aşırı, dinçi yanaşmanın nəticəsidir, bunu təqdir etmirəm. Dinin özü də plüralizmi normal qəbul etməli cinahdır. Bu plüralizm olmadığından indi islam dünyasında bu qədər başkəsənlik, terrorçuluq, quldurluq baş alıb gedir. Plüralizm olmadan, insanın ağlı ilə nəticə çıxarmasına imkan tanımadan inkişaf mümkün deyil».

EKSPERT: «BƏSİT NƏZƏRİYYƏ DEYİL»

«Təkamül nəzəriyyəsi insanın meymundan əmələ gəlməsi haqda bəsit fikirdən ibarət deyil, bu yaradılış haqda nəzəriyyələrdən biridir».

Təhsil üzrə ekspert Kamran Əsədov bu fikirdədir. O, Azərbaycanda təhsil haqda qanunvericiliyin şagirdlərə yaradılışla bağlı bu nəzəriyyənin tədrisinə imkan verdiyini, onu qadağan etmədiyini vurğulayır. Ancaq o da hesab edir ki, uşaqlara seçim verilməlidir. Onlara yaradılışla bağlı başlıca nəzəriyyələr təqdim olunmalı və özləri nəticə çıxarmalıdırlar.

Nobel mükafatçısı, əslən Türkiyədən olan, amma ABŞ-da yaşayan Eziz Sancar ötən həftə Bakıda bir tələbənin bu yöndə sualına cavab olaraq deyib ki, təkamül nəzəriyyəsi ilə bağlı müzakirələr onu çox təəssüfləndirib.

«Mən Allaha inanıram. İstəyən təkamül nəzəriyyəsinə inanar, istəyən inanmaz. Lakin bu məsələni millətin, dövlətin problemi edərək gərginlik yaratmağımız, sadəcə, enerjinin boş yerə xərclənməsidir», – alim bildirib.

XS
SM
MD
LG