Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:27

Bakı və Yerevan delimitasiya xəritəsi məsələsində razılığa gələ bilməyiblər


Sərhədin delimitasiyası üzrə komissiyanın dördüncü iclasında Yerevan və Bakı Ermənistan və Azərbaycan dövlət sərhədinin hansı xəritə əsasında delimitasiya olunacağına dair razılığa gələ bilməyiblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu məlumatı yerli mediaya Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın ofisi verib.

Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri – Qriqoryan və Şahin Mustafayev dördüncü dəfə iyulun 12-də sərhədin Ermənistanın Tavuş və Azərbaycanın Qazax rayonlarından keçən sektorunda görüşmüşdülər.

İyunun 1-də iki ölkə liderinin Kişinyovda keçirilən görüşündən sonra Bakı Yerevanı öz öhdəliklərindən yayınmaqda ittiham etmiş və bildirmişdi ki, erməni tərəfi bir sıra məsələlərin mahiyyətini təhrif etməyə çalışır.

Bakı 1975-ci il xəritəsi ilə delimitasiyanı rədd edir

Bakı Yerevanın delimitasiya üçün 1975-ci il xəritəsinin əsas olmasına dair təklifini qəbul etmir.

Amma Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan demişdi ki, Kişinyovda delimitasiya məsələsində 1975-ci ilə aid xəritə üzərində irəliləyişə nail olunub.

Bakı isə bunu təkzib etmiş və bildirmişdi ki, heç bir konkret xəritə üzərində heç bir razılaşma əldə olunmayıb.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan demişdi ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin hansı xəritələr üzrə aparılacağı məsələsində yekun razılaşma yoxdur, amma Kişinyovda baş nazir Nikol Paşinyanla görüşündə Azərbaycan prezidenti İlham Əliyev “sanki 1975-ci il xəritəsinə qarşı deyildi”.

Halbuki Əliyev 1975-ci il xəritəsi əsasında delimitasiya təklifini dəfələrlə rədd etmişdi.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG