Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:30

Deputat: 'Belə amnistiya çoxdan verilməlidir'


Dollar
Dollar

Azərbaycanda maliyyə və əmlak amnistiyası verilə bilər. Bu həftə iqtisadiyyat naziri Mikayıl Cabbarov prezident İlham Əliyevlə görüşdə bu barədə danışıb.

"Bu gün Sizin diqqətinizə məruzə etmək istərdim ki, bu müzakirələr zamanı istər özəl sektor nümayəndələri, istər bank sektorunun nümayəndələri, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılmasının vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə, Sizin diqqətinizə təqdim edəcəyik", - nazir bildirib.

"Belə bir amnistiya çoxdan verilməlidir, biz hələ gecikmişik", - bunu isə deputat Vahid Əhmədov AzadlıqRadiosuna açıqlamasında deyir. O, indiyədək bir sıra dövlətlərin maliyyə və mülk amnistiyası verdiyini bildirir.

"Böyük Britaniya da o pulları mənimsədi..."

Deputat bu təklifi təxminən 10 il öncə parlamentdə səsləndirdiyini söyləyir. O, indi bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusa görə iqtisadiyyatın ağır günlər keçirdiyini, böyük kapitala ehtiyac hiss etdiyini vurğulayır.

Ancaq V.Əhmədov hesab edir ki, bununla bağlı, daha doğrusu, həmin kapitalın hara xərclənməsi haqqında qanun qəbul edilməlidir:

V.Əhmədov
V.Əhmədov


"O vəsait hər yerə xərclənə bilməz. Həmin kapital Azərbaycanın inkişafına xərclənməlidir, daha narkotikə, başqa zir-zibilə yox. Artıq amnistiyanın verilmə vaxtıdır. Həmin adamlar həmin vəsaiti hansı yolla qazanıblar, o başqa məsələ. Amma bu gün həmin vəsait boş-boşuna xarici banklarda yatır, Azərbaycana heç bir xeyri yoxdur. Azərbaycana gətirməklə investisiya yatıra, əhaliyə yardımlar edə, istehsal sahələri, zavodlar, fabriklər yarada bilərlər. Özü də, söhbət kifayət qədər böyük vəsaitdən gedir. Bir vaxtlar Rusiyanın böyük pulları ofşor zonalarda, Böyük Britaniyada idi. Qanun çıxdı, Böyük Britaniya da o pulları mənimsədi. İndi o pul kimə qismət olacaq, bilmək olmaz. Buna görə də, amnistiya verilməlidir. İnsanlar da arxayın onu gətirməlidir".

"Bəzi insanlar milyardlar qazanıblar, amma gətirib Fonda 1000 manat pul köçürürlər"

V.Əhmədov maliyyə amnistiyasından danışarkən daha çox keçmiş məmurları nəzərdə tutduğunu deyir.

"Bu gün məmurluqdan gediblər, indi özünü "biznesmen" adlandıran var. Baxıram, bəzi insanlar, bağışla məni, milyardlar qazanıblar, amma gətirib Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat, 3000 manat pul köçürürlər. İnsanlar var, xaricdə böyük əmlaklar alıblar. Otellər alıblar, məndə olan məlumata görə, insan var, küçə alıb sağlı-sollu. Zavod alan, fabrik alan var və s. İlk növbədə əmlakdan yox, hesablardakı vəsaitdən başlamaq lazımdır. Bu da Azərbaycana böyük xeyir verəcək. Bu, millətin, dövlətin vəsaitidir, büdcədən oğurlanmış vəsaitlərdir", - deputat təklif edir.

Bu günlərdə yerli mediada keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 min, oğlu Anar Məmmədovun isə 3 min manat köçürməsi haqda məlumat yayılmışdı.

İndiyədək Azərbaycanda maliyyə amnistiyası haqda təkliflər müstəqil iqtisadçılardan da gəlib. Ancaq onlar bunun gerçəkləşməsi üçün münbit şəraitin, məsələn, azad məhkəmənin yaradılmasının, başqa insan hüquqlarının təmin edilməsinin zəruriliyini də ayrıca vurğulayırlar.

R.Həsənov
R.Həsənov

"İnanmıram məhkəmə sistemində ədalət tam təmin olmayana qədər bu tədbir effekt versin. Müəyyən təsiri ola bilər. Kapital, mülk sahibləri çalışacaqlar əllərindəkini leqallaşdırsınlar. Amma iri kapital sahiblərinin buna loyal yanaşma ehtimalı çox aşağıdır", – iqtisadçı Rəşad Həsənov deyir.

O hesab edir ki, burda başlıca əngəl mövcud şərtlər daxilində investorların, kapital sahiblərinin, oliqarxların güzəştlərə inanıb-inanmayacaqlarıdır.

"Dövlət başçısı olaraq İlham Əliyevin buna haqqı da çatır"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, iqtisadçı Nemət Əliyev koronavirusun törətdiyi əlavə təsirlər hesabına həm neft, həm də qeyri-neft sektorunda çox ciddi geriləmələrin baş verdiyini, ölkənin gəlir mənbələrindən məhrum olduğunu bildirir.


İqtisadçı 2020-ci il üçün dövlət büdcəsində neftin qiymətinin 55 dollardan götürüldüyünü, ancaq artıq bu günlərdə onun 16 dollara düşdüyünü xatırladır: "Təxminin 3.3 dəfə, ya da 70 faiz geriləmə qeydə alınıb. Builki gəlirlər, görün, nə qədər azalıb. Azərbaycanın qeyri-neft sektorunu da inkişaf etdirməyiblər ki, bu gün əlavə gəlir mənbəyi ilə öyünək. Belə məqamda əlavə maliyyə vəsaiti tapmaq lazımdır. Hökumətin əmlak və maliyyə amnistiyası haqda düşünməyi burdan irəli gəlir. Amnistiya elan etməklə kimlərinsə insafa gələcəyini, yardım edəcəyini düşünürlər. Açığı, buna ümid etmirəm, xüsusən də indiki dövrdə. Güvənli dövlət olsaydı, bəlkə də kimsə yardım edərdi. Pul, mülk yiyəsi olan adamların indiki dövrdə kövrəlib amnistiyadan sonra böyük vəsaitləri ortaya qoyacaqlarına inanmıram".

N.Əliyev
N.Əliyev

Ona görə də, N.Əliyev hökumətə belə bir alternativ təqdim edir: "Uzun illər bu ölkəni talayıb yeyən nazirləri çağırıb tetatet söhbət etmək mümkündür. Mənə elə gəlir, dövlət başçısı olaraq İlham Əliyevin buna haqqı da çatır. Zəhmət çəksin, özü nümunə göstərsin, o birilərinə də desin, çətin zamanda ölkəyə arxa olmaq lazımdır".

"Maliyyə mənbələri çoxdur"

Hərçənd, N.Əliyev bu addımın da reallaşmasına tam inanmır, "millətin malını, pulunu talayanların səmimi davranmasına inanmaq olmur" söyləyir. O, AZAL, «Azərbaycan Dəmir Yollar»ı kimi şirkətlərin bir hissəsinin aktivlərini satmağı, SOCAR-ın qazandığı milyardları ortaya qoymasını təklif edir: "Necə olur ki, xalq, dövlət koronavirusun yaratdığı təhlükə zamanı itkilər verir, bu şirkətlər vermək istəmir? Və ya Mərkəzi Bank banklara 11 milyard manat kredit verdi. Azərbaycan bankları belə məqamda niyə fədakarlıq etməsinlər? Maliyyə mənbələri çoxdur, hesablamanı düzgün aparmaq lazımdır".

Bununla belə, R.Həsənovun qənaətincə, amnistiyaya gedilməlidir. O da, əksər mütəxəssislər kimi, "Biz artıq nefti unutmaq məcburiyyətində qalmışıq" qənaətindədir.

"2019-cu ilin son rübündə bir çox məmurlar öz səlahiyyətlərini itirdilər, hakimiyyətdən kənarlaşdırıldılar. Onlara təzyiq etməklə ölkədən uzaqlaşdırmaq doğru yanaşma olmazdı. Son 25 ildə ədalətsiz şəkildə kapital yığımı gedib, kapital çox az adamın əlində cəmləşib. Bu kapitalı, nəyin bahasına olur olsun, iqtisadiyyata qazandırmaq və onların qorxusunu aradan götürmək lazımdır", – iqtisadçı R.Həsənov söyləyir.

XS
SM
MD
LG