Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:46

Deputat: 'Hansı ölkədir bizdən 165 pillə irəlidə olan?'


A.Əliyev
A.Əliyev

«Prinsipcə, Azərbaycanın yeri həmin indeksdə uzun illərdir bir-iki pillə yuxarı, bir-iki pillə aşağı, heç dəyişmir. Bu son dəyişiklik də, əslində, heç nə ehtiva etmir, 162 ilə 166-cı, hətta deyərdim 150 ilə 166-cı yer arasında elə ciddi fərq yoxdur», – «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev Mətbuat Azadlığı İndeksində Azərbaycanın tutduğu yeri dəyərləndirərkən deyir.

İndeksə görə, Azərbaycan 180 ölkə içində 166-cı yerdədir. Ötən il isə 162-ci idi.

RSF bildirir ki, prezident İlham Əliyev 2014-cü ildən bəri olub-qalan media tənqidçilərinə qarşı «amansız müharibə» aparır. Müstəqil jurnalistlər və bloqerlərin absurd ittihamlarla həbs olunduqları bildirilir. «Zerkalo» və «Azadlıq» qəzetlərinin iqtisadi baxımdan boğulduğu, AzadlıqRadiosunun zorla bağlandığı, müstəqil xəbər saytlarının bloklandığı qeyd edilir.

A.Əliyev Azərbaycanda uzun illərdir media qanunvericiliyinin məhdudlaşdırılmasına diqqət çəkir: «Əvvəl qazanılmış liberal azadlıqlar qanunvericilikdə aradan götürüldü, məhdudlaşma gedir, icra qurumları bəzən məhkəmə funksiyasını həyata keçirərək mediaya qadağalar qoymağa cəhd göstərir. Eyni zamanda, jurnalistlərin təhlükəsizliyi, azadlıqları ilə bağlı ciddi problemlər var».

O, son vaxtlar bir neçə jurnalistin azadlığa buraxılmasını müsbət hal kimi qeyd etsə də, davamlı olmasını istəyir və bu halda həmin addımın qiymətləndirmədə əksini tapacağına əmindir.

R.Məcid
R.Məcid

R.Məcid: «İndi hamı özünü jurnalist adlandırır»

Mətbuat Şurası İdarə Heyətinin, eləcə də KİV-ə Dəstək Fondunun Müşahidə Şurasının üzvü, «525-ci qəzet»in redaktoru Rəşad Məcid Mətbuat Azadlığı İndeksində Azərbaycanla bağlı dəyərləndirməni qeyri-obyektiv və qərəzli sayır: «Əvvəla, saytlara blok qoyulsa da, söz azadlığı mənasında sosial şəbəkələr, internet media ilə baş-başa gedir. Ona görə də Azərbaycanda söz azadlığı sahəsində ciddi problem yoxdur».

R.Məcid mətbuatın iqtisadi çətinlikləri olduğunu etiraf edir və bunu onun biznes strukturu kimi formalaşa bilməməsi ilə əlaqələndirir. Bu səbəbdən də mətbuatın zəiflədiyini, qəzetə meylin azaldığını, informasiyanın alternativ mənbələrdən – saytlardan, sosial şəbəkələrdən, ayrı-ayrı bloqerlərdən alındığını qeyd edir.

O, jurnalistlərin, bloqerlərin həbs və ya təqib edilməsi, saytların ölkə içində bloklanması haqda tənqidlərə isə belə münasibət bildirir: «İndi hamı özünü jurnalist adlandırır, hər kəs fikrini ifadə edir. Ola bilər, kimlərsə hansısa fikirlərinə və ya başqa məsələlərə görə özünü jurnalist kimi təqdim edib, sonradan da həbs edilib. Ancaq hesab etmirəm ki, Azərbaycanda ciddi tənqidçilərə, sərt mediaya o cür qarşılıq verilsin. Fikirlərini sosial şəbəkələrdə kəskin surətdə bildirənlər də var və həmin bloqerlər fəaliyyətlərini rahat davam etdirirlər».

A.Abbas
A.Abbas

R.Məciddən fərqli olaraq deputat, «Ədalət» qəzetinin redaktoru Aqil Abbas, RSF-in dediyi kimi, AzadlıqRadiosunun zorla bağlanmasını onun Azərbaycan iqtidarına qarşı çox kəskin mövqe sərgiləməsi, ona görə də ölkədə yayımının dayandırılması ilə izah edir.

«İndi mən o işə qarışa bilmirəm. Amma AzadlıqRadiosunu hamı sosial mediadan izləyir, əlavə giriş yerləri var. Artıq nəyisə qadağa etmək mümkün deyil, dünya dəyişib. AzadlıqRadiosu da bizə qarşı kəskin mövqe tutmasın da. Amma nəyisə qadağan etmək də mümkün deyil, bura Türkmənistan deyil, bura Avropadır. Kim istəyir qəzet açır, sayt açır», - A.Abbas söyləyir.

«Necə 166-cı yerdə ola bilərik?»

Deputat Mətbuat Azadlığı İndeksinə görə, Azərbaycanın 180 ölkə arasında 166-cı yerdə olmasını isə yanlış sayır: «Hansı ölkədir bizdən 165 pillə irəlidə olan və ya bizdən sonra gələn? Uqandadır, nə bilim nədir? Axı, o dərəcədə də haqsızlıq ola bilməz. Amma 166-cı yer olmadı ki. Ölkədə bir belə müxalif qəzet var, saytlar var, sosial şəbəkələr də öz işində. Necə 166-cı yerdə ola bilərik? Mən bu indeksə inanmıram?».

Saytların xəbərdarlıq edilmədən icra qurumları tərəfindən bloklanması haqqında isə deputat deyir: «Sonradan məhkəməyə verib saytı açdırmaq mümkündür. Bir də görürsən, ayrı domenlə saytı açırlar. Bir əhvalatı danışım: bir nəfər dörd qəzet açmışdı, dördü də Mətbuat Şurasının qara siyahısına düşmüşdü. Dedim ki, yenə qara siyahıya düşdün? Qayıtdı ki, sabah ayrı adla çıxacam, bu da olar beşinci».

Doğrudur, A.Abbas Azərbaycanda mətbuatın azad olduğunu söyləsə də, dərhal da Avropada və ya ABŞ-dakı kimi azad olmadığını da etiraf edir və buna doğru addım-addım gedildiyini bildirir. O, həbsdə olan jurnalistlərin, o cümlədən Seymur Həzi və Əfqan Muxtarlını azadlıqda görmək istədiyini də söyləyir. Amma bununla belə, son əfv sərəncamı ilə jurnalist və bloqerlərin də azadlığa çıxdığını qeyd edir.

XS
SM
MD
LG