Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:46

Deputata qarşı sui-qəsd işi: ‘İnsanların qırmızı xəttini keçmək olmaz...’


Azər Səricanov
Azər Səricanov

Milli Məclisin üzvü Fazil Mustafaya qarşı silahlı hücumda ittiham edilənlərdən biri – Azər Səricanov deyir ki, deputat o hadisədə sağ qalmasını “möcüzə” adlandırır, amma belə deyil.

“Möcüzəlik heç nə yoxdur. Biz istəməmişik onun ölməsini, çünki niyyətimiz onu öldürmək yox, cəzalandırmaq idi...” - A.Səricanov fevralın 16-da - öz məhkəməsində sualları cavablayarkən belə deyib.

48 yaşlı A.Səricanov və bu hadisədə təqsirləndirilən daha 4 nəfərin – Rəşad Əhmədov, Səbuhi Şirinov, Elşad ƏsgərovEmin Əliyarovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onlara dövlət xadiminin həyatına sui-qəsd, dövlətə xəyanət və başqa ittihamlar verilib.

“Hicablı qadına “qarğa” demək olarmı?”

A.Səricanovun sözlərinə görə, F.Mustafaya qarşı sui-qəsd sifarişinin İrandan gəlməsi, bundan ötrü oradan pul alması barədə ittihamda yazılanlar yalandır. O bildirib ki, deputatın sosial şəbəkələrdə dini məzmunda çıxışları, yazıları bir neçə ildir ki, onu hiddətləndirirdi. Bu üzdən, onu cəzalandırmaq qərarı vermişdi:

“Biz azərbaycanlıyıq və mən bununla fəxr edirəm. Bizim milli-mənəvi dəyərlərimiz var. Heç kim onları tapdalaya, bizim dini inancımızı təhqir edə bilməz. Bəzi şeylər var ki, onları demək, insanların qırmızı xəttini keçmək olmaz. Hicablı qadına “qarğa” demək olarmı? “Məhərrəmlik ayında ulaşmaq, mələşmək olmaz” nə deməkdir? Biri də var, Mirşahin, o da elə danışır”.

Zərərçəkmiş qismində tanınan F.Mustafa özü məhkəməyə gəlməsə də, nümayəndəsi Əjdər Əhmədov prosesə qatılıb. Vəkil A.Səricanovdan F.Mustafanın hansı yazısında belə ifadələr işlədib, insanların dini inanclarını təhqir etdiyini soruşub. O da cavabında bildirib ki, sosial şəbəkələrdəki çıxışlarında, paylaşdığı yazılarda.

A.Səricanov əməlindən peşman olmadığını, veriləcək istənilən cəzaya da razı olduğunu söyləyib. O vurğulayıb ki, digər təqsirləndirilən şəxslərin günahı yoxdur, onları bu işə özü istiqamətləndirib.

“Gördüm yox e, orda hamıya belə işgəncələr verirlər”

Təqsirləndirilən Rəşad Əhmədov F.Mustafaya qarşı silahlı hücuma aidiyyəti olmadığını söyləyib. Onun sözlərinə görə, İranda yaşayan Valeh İsmayılovun bu məqsədlə ona pul verməsi, həmin pulu gətirib Bakıda A.Səricanova çatdırması, Azərbaycandakı strateji obyektlərin fotolarını çəkib ora göndərməsi barədə ittihamda yazılanlar həqiqətə uyğun deyil.

R.Əhmədov deyir ki, aprelin 14-də saxlanılandan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”də) 4 gün işgəncələrə məruz qaldığından, həmin ifadələrə imza atıb:

“Əvvəl orada qabağıma narkotik qoydular. Boynuma götürmək üçün təzyiq elədilər. Elə şeylər var ki, burada danışmaq olmur. Dörd gün işgəncələrdən sonra məni Kürdəxanıya (Bakı İstintaq Təcridxanasına -red.) köçürdülər. Əvvəl elə bilirdim ki, təkcə dindarlara qarşı belədilər, amma orada “podval”a elə adamlar gətirirdilər... Gördüm yox e, orada elə hamıya belə işgəncələr verirlər”.

R.Əhmədov danışır ki, onu 25 gün sonra yenidən Bakı İstintaq Təcridxanasından “bandotdel”ə aparıblar. Bu dəfə ondan İrandan pul gətirməsi, A.Səricanova verməsi və s. haqda ifadəni təsdiqləməsini istəyiblər.

O özünü yalnız qanunsuz silah saxlamağa görə təqsirli sayır. Həmin silahı da ona A.Səricanov verib:

“Mənə demişdi ki, saxla, lazım olanda götürəcəyəm”. Fazil Mustafanın dinimizi təhqir etməsi barədə Azərlə söhbətimiz olub. Amma onu öldürmək, cəzalandırmaq barədə heç bir söhbətimiz olmamışdı. Mən də hamı kimi, hadisədən sonra bildim”.

“Bakıda olanları izləyirdim”

F.Mustafaya qarşı silahlı hücumdan sonra R.Əhmədov İrana gedib. Özü də məhkəmədə dindirilərkən bunu təsdiqləyib:

“Azər Səricanovun həbsindən sonra qorxdum. Bakıdan İstanbula, oradan da İrana getdim. Orada olanda Bakıda olanları izləyirdim. Gördüm ki, sakitlikdir, məni gəlib evdən soruşan olmayıb. On gün sonra qayıtdım. Aprelin 14-də məni 4 nəfər mülki geyimli saxlayıb, “bandotdel”ə apardı”.

R.Əhmədovun istintaqdakı ifadəsilə məhkəmədə danışdıqları arasında ziddiyyətlər olduğundan, həmin ifadə də elan olunub. Orada yazılıb ki, Qum şəhərində yaşayan Valeh İsmayılov onun uşaqlıq dostudur. O, bir müddət Suriyada döyüşüb, sonradan Azərbaycana qayıtmayıb, İrana gedib. Dostu ilə arabir sosial şəbəkələr vasitəsilə əlaqə saxladığını deyən R.Əhmədovun sözlərinə görə, Qum şəhərində olarkən, V.İsmayılovla söhbətdə A.Səricanovun deputata qarşı sui-qəsd planından danışıb.

“Valeh bu işi görməkdən ötrü mənə 30 min dollar verdi. Mən də o pulu gətirib Azər Səricanova verdim. Əgər bu iş baş tutmasaydı, pul qaytarılmalıydı. Baş tutsaydı, mən İrana gedib orada yaşayacaqdım. Valeh məndən Azərbaycandakı strateji obyektlərin fotolarını çəkməyimi də istəmişdi. Onun dediyi yerlərin fotolarını çəkib göndərdim”, - istintaqdakı ifadədə belə yazılıb.

Lakin R.Əhmədov bu ifadəni təsdiqləmir, işgəncə altında verildiyini deyir.

Hadisə ilə bağlı dindirmələr martın 1-də davam edəcək.

Xatırlatma

Milli Məclisin deputatı Fazil Mustafa ötən il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında gülləyə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb. Hadisə ilə bağlı araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılıb.

Təqsirləndirilən şəxslərə qarşı dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar irəli sürülüb. Bu ittihamlarda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG