Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:56

Manat «tam üzən kurs»a hazır deyil...


►"Belə görünür ki, hökumət qarşıdakı dövrdə tənzimlənən üzən kurs siyasətinə keçməyə daha geniş yer verəcək"

ABŞ dolları fevralın 21-də qoyulan 1,05 manat “psixoloji həddi”ni çərşənbə axşamı keçib.

Noyabrın 10-da 1,0498 manatdan 1,0501-ə qalxıb. Ertəsi gün isə artım daha çox olub. Beləliklə, hər 100 dollar 3 qəpik bahalaşıb.

Ekspertlərin fikrincə, Mərkəzi Bank əhalini ikinci devalvasiya dalğasına hazırlayır. Amma bunu qəfil yox, mərhələli şəkildə edir.

İqtisadçı ekspert Azər Mehtiyev AzadlıqRadiosuna müsahibəsində çətin günlər yaşayan manat üçün bundan sonra da çətin olacağını bildirib:

- Qarşıdan gələn dövr manat üçün çətinliklərin kifayət qədər artacağı dövrdür. Bu baxımdan, manatın məzənnəsini sabit saxlamaq ciddi şəkildə problemlər yarada bilər. Mərkəzi Bankın qarşısında duran məsələlərdən biri ya manatı bir müddət sabit saxlayıb bunun üçün müəyyən valyuta ehtiyatlarını qurban verməklə bir müddətdən sonra kəskin devalvasiyaya getmək, ya da manatın məzənnəsnə tədrici dəyişikliklər etmək, tənzimlənən üzən kurs siyasətinə keçməkdir. Son vaxtlar həm Mərkəzi Bankın bəyanatından, həm də Maliyyə Nazirliyinin, hökumətin yazışmalarından belə görünür ki, hökumət qarşıdakı dövrdə tənzimlənən üzən kurs siyasətinə keçməyə daha geniş yer verəcək. Bu baxımdan ola bilər ki, qarşıdan gələn dövr ərzində manatın məzənnəsində biz uzunmüddətli tədrici dəyişiklikləri görək. Bu, bir növ kəskin devalvasiyadan qaçmağa xidmət edən bir addım ola bilər.

Buna da bax: Putinin qızları

Azər Mehdiyev
Azər Mehdiyev

"TAM ÜZƏN KURSA HAZIR DEYİLİK"

– Dolların qalxması ölkədəki növbəti bahalaşmaya yol aça bilərmi?

- Azərbaycan bazarında vəziyyət elədir ki, adətən bu cür dəyişikliklər kəskin psixoloji reaksiyalar doğurur. Bu da bazarda rəqabətin olmamasının nəticəsidir. İnhisarçılar belə vəziyyətlərdən istifadə edirlər. Ancaq kurs dəyişiklikləri bütün bazarlar üçün xas olan bir prosesdir. Ayrı-ayrı ölkələrdə bu siyasət həyata keçirilir. Azərbaycan iqtisadiyyatı tam üzən kurs siyasətinə hazır deyil. Bu, mümkünsüzdür. Ancaq tənzimlənən üzən kurs siyasəti həyata keçirilə bilər. Bu, ilkin dövrdə qiymətlərdə ajiotaj yaratsa da, camaat bunun tənzimləndiyini gördükdə qiymət qalxmalarında müəyyən qədər sabitləşmə baş verə bilər. Ancaq nə qədər ki, Azərbaycan iqtisadiyatında inhisarçlıq mövcuddur, qiymət qalxımı baş verə bilər.

Buna da bax: «Bizə dedilər ki, saxlamışıq, ara sakitləşəndən sonra...»

QEYRİ-MÜƏYYƏNLİK

Mərkəzi Bankın rəhbərliyi səviyyəsində devalvasiyanın olmayacağı söylənsə də, sonra devalvasiyaya gedildi. Bu cür şəffaf olmayan, gözlənilməz addımların atılması insanları həmişə gərginlikdə, qeyri-müəyyənlikdə saxlayır.

– Avqustda da dolların cüzi qalxması ilə bağlı ajiotaj yaranmışdı. Hətta mübadilə məntəqələrinin çoxu öz fəaliyyətini dayandırmışdı, dollar satmaqdan imtina etmişdi. Dolların qalxması niyə ölkədə ajiotaja səbəb olur?

- Bunun bir səbəbi hökumətə etimadsızlıqla bağlıdır, insanlar etibar eləmirlər. Xüsusilə, nəzərə alsaq ki, uzun müddət sabit kurs saxlanıldığı dövrdə dövlət başçısı, Mərkəzi Bankın rəhbərliyi səviyyəsində devalvasiyanın olmayacağı söylənsə də, sonra devalvasiyaya gedildi. Bu cür şəffaf olmayan, gözlənilməz addımların atılması insanları həmişə gərginlikdə, qeyri-müəyyənlikdə saxlayır. Ona görə 100 dollarda bir qəpiyin dəyişilməsi ajiotaj yaradır. Onun üçün uzunmüddətli, davamlı şəffaf siyasətin həyata keçrilməsinə ehtiyac var. Əhaliyə izah etmək lazımdır ki, kursun bu cür dəyişiklikləri kəskin qiymət qalxmasının qarşısını almağa xidmət edir. Əksinə, bu kəskin qiymət dəyişikliklərinə aparmamalıdır. Əgər kursda, məsələn, 5 faiz dəyişiklik olarsa, onda təbii ki, qiymət qalxımına ciddi təsir göstərə bilər. Ancaq 100 dollarda 1 qəpik dəyişiklik qiymət qalxımının əsası ola bilməz.

XS
SM
MD
LG