Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:54

Azərbaycanda din azadlığı vaxtaşırı monitorinq olunmalıdır


Bakı məscidində Cümə namazı.
Bakı məscidində Cümə namazı.

-

Ötən il dünyada din azadlığının durumu pisləşib. ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) mayın 2-də açıqladığı hesabatda belə deyilir.

Hesabata görə, qlobal qaçqın böhranı, siyasi çəkişmələr və iqtisadi əlaqələrin pozulması cəmiyyətdə dözümsüzlüyə gətirib.

USCIRF 17 ölkəni «birinci dərəcəli» qrupa salıb, yəni bu ölkələrdə «din azadlığı ciddi şəkildə, aramsız və hərtərəfli pozulur».İran, İraq, Tacikistan, Türkmənistan, Pakistan və Özbəkistan belə ölkələrdən sayılır.

İLLƏRDİR EYNİ QRUPDA

«İkinci dərəcəli» ölkələrdə isə din azadlığının pozulma halları tez-tez monitorinq aparılmasını qaçılmaz edir. Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Türkiyə və Rusiya bu siyahıda yer alıb. Azərbaycan artıq bir neçə ildir ki, ard-arda bu siyahıdadır.

Hesabatda vurğulanır ki, Azərbaycan ötən ilin iyununda ATƏT-in Bakı ofisini bağlayıb və qurumun mandatını bir daha yeniləməyib:

«Azərbaycan cəmiyyətində güclü dini dözümlülük ənənəsi olsa da, 2015-ci ildə din azadlığına rəsmi sayqı pisləşib, demokratik normalara sayqı da kəskin azalıb. Ötən il hökumət 2009-cu ildə qəbul etdiyi repressiv dini qanunun pozulması hallarına görə cərimələr qoyub və dinlə bağlı qanunverici məhdudiyyətlər qəbul edib. Dinc dindarlar, onların müdafiəçiləri, vətəndaş cəmiyyəti fəalları saxlanaraq cərimələnib və müxtəlif ittihamlarla həbsə atılıb. Dini qrupların qeydiyyatla bağlı müraciətləri ya yubadılıb, ya rədd edilib, ya da həmin qruplar qapadılıb. Bu səbəbdən USCIRF Azərbaycanı 2013-cü ildən bəri «ikinci dərəcəli» qrupa yerləşdirib».

QANUNVERİCİLİK

Qeyd olunur ki, 2012-ci ildə Avropa Şurasının Venesiya Komissiyası və ATƏT Azərbaycanın dini qanunvericiliyi barədə rəyini açıqlayıb və həmin qanunun beynəlxalq insan haqları öhdəliklərinə uyğun gəlmədiyini bildirib. 2014-cü ildə isə Avropa İnsan Haqları Məhkəməsi sözügedən qanunun «qanunsuz» dini fəaliyyətin müəyyənləşdirilməsi və təqibi baxımından hakimiyyətə qeyri-məhdud səlahiyyət verdiyini açıqlayıb.

Həmin qanuna 2015-ci ilin oktyabrında qəbul olunmuş dəyişikliklərə görə, dini qruplar fəaliyyət və maliyyə qaynaqlarını hökumətə bildirməlidir. Üstəlik, məhkəmə materiallarını dəyərləndirən və ifadə verən rəsmi dini ekspertlər də əlavə dövlət təlimindən keçməlidirlər. Prezident Əliyev 2015-ci ilin dekabrında bu əlavələri imzalayıb. «Dini ekstremizm» qanunu da imzalanıb.

Sənəddə o da vurğulanır ki, yerli QHT-lər 2014-cü ildən bəri dini etiqad azadlığından dinc istifadəyə görə həbs olunmuş 40 müsəlmanın siyahısını hazırlayıb. Onların çoxu məktəblərdə hicab qadağasına etiraza görə saxlanıblar. İki nəfər əfv olunsa da, 11-i hələ də həbsdədir.

QEYRİYYAT VƏ DİNİ İCMALAR

Hesabatda daha sonra ötən il İçərişəhərdəki Aşurbəy məscidinin («Ləzgi məscidi» adıyla da tanınır – red.) az qala bağlanacağından, məscidin imamı Mübariz Qarayevin, eləcə də «nurçular» adlanan sünni müsəlmanların, Nardaranda isə Hacı Tale Bağırzadə və rəhbəri olduğu rəsmi qeydiyyatsız «Müsəlman Birliyi Hərəkatı»nın 14 üzvünün saxlanmasından söz açılır:

«Qeydiyyat məcburidir, qeydiyyata alınmayan, yaxud qeydiyyatdan keçmək istəməyənlər «qanunsuz» sayılır. Qeydiyyatsız dini icma üzvləri reydlərlə üzləşir, dini ədəbiyyatları müsadirə olunur, digər cərimələr kəsilir. Hətta qeydiyyatdan keçənlər də yalnız hüquqi ünvanlarında fəaliyyət göstərə bilərlər. Onlara qarşı da məhdudiyyətlər var...».

Hesabatda belə müsbət məqamlar da əksini tapıb:«Yəhudilər uzun müddət Azərbaycanda yaşayıb cəmiyyətə inteqrasiya olunublar. Onlar, demək olar, antisemitizmlə üzləşmirlər. Kiçik katolik icması və Alban udi kilsəsi də var. Bu üç dini azlığın hökumətlə münasibətləri yaxşıdır». Daha sonra yenə mövcud problemlərə diqqət çəkilir:

«Baptist və «Yeddinci günün Adventistləri»nin, «Yehova Şahidləri»ninsə hüquqi statusları yoxdur. Qax regionunda iki gürcü pravoslav icması qeydiyyatdan keçib, ancaq onlar da dini mərasim keçirə bilmirlər».

TÖVSİYƏLƏR

Hesabatda ABŞ hökumətinə tövsiyə olunur ki, Azərbaycanı dini qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmağa, dinc dini fəaliyyətlə məşğul olanları azadlığa buraxmağa çağırsın. Bakıdakı ABŞ səfirliyi insan haqları fəalları ilə təmaslar qursun. Azərbaycan hökuməti BMT-nin Din Azadlığı, Məhkəmə Müstəqilliyi və İşgəncələr üzrə xüsusi məruzəçilərinin Bakıya səfərlərinə razılıq versin; dini qrupların qeydiyyat olmadan da azad fəaliyyətinə şərait yaradılsın; ABŞ hökumətinin maliyyələşdirdiyi, özəlliklə Azərbaycan dilində din azadlığı məsələlərinə həsr olunmuş radio və internet proqramlarının sayı artırılsın.

Hakimiyyət təmsilçiləri bu hesabata, hələlik, münasibət açıqlamayıb. Ancaq ənənəvi olaraq, ölkədə bütün təməl azadlıqlar kimi, din azadlığının da qorunduğu, təmin olunduğu bildirilir.

XS
SM
MD
LG