Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:21

DTX adı ilə polis zabitini necə aldadıblar


DTX
DTX

Sumqayıtda adi vətəndaş özünü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) zabiti kimi qələmə verib, polisi aldadıb. Üstəlik, polisin bir xeyli pulunu da alıb. Bunu həm polis, həm də «DTX zabiti» təsdiqləyir. Sonradan məsələ qəlizləşib, cinayət işi başlanıb, polisi aldatmaqda suçlanan şəxs həbs edilib.

46-yaşlı Elxan Mahmudov ona qarşı irəli sürülən dələduzluq ittihamını qəbul edir. Amma kəsilən cəzanı ağır hesab edir.

Sumqayıt sakini olan E.Mahmudov orta təhsillidir. Cinayət işinin materiallarında yazılıb ki, o, tanışı olan polis sahə müvəkkilinin öz oğlunu və bacısı oğlunu DTX-ya işə düzəltmək istədiyini eşidib. Polisi DTX əməkdaşı olduğuna inandırmaqdan ötrü onun yanında «Kenwood» markalı xüsusi radio rabitə vasitəsini, tapançaya bənzər alışqanı bir neçə dəfə göstərib. Materiallarda o da qeyd olunub ki, istintaq onun bu əşyaları haradan, necə əldə etdiyini tapa bilməyib.

7 min 500 manat kredit götürülüb

E.Mahmudov polisə deyib ki, oğlu və bacısı oğlunun DTX-ya işə düzəlməsi üçün 14 min manat pul istəyirlər. Razılaşıblar ki, pulun yarısı dərhal verilməlidir, qalanı da iş düzələndən sonra. Birlikdə «Bank Respublika»nın Sumqayıt filialına gediblər. Orada polisin ailə üzvlərinin qızıllarını banka girov qoyub, 7 min 500 manat kredit götürüblər. Bunun da 7 min manatı E.Mahmudova verilib.

Üstündən bir xeyli vaxt keçib, iş düzəlməyib. Məsələ gedib hüquq-mühafizə orqanlarına çıxıb. E.Mahmudovun haqqında cinayət işi başlanıb, ona CM-in 178 (dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4 312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham verilib.

Bu il sentyabrın 26-da Sumqayıt şəhər Məhkəməsi bu ittihamlarla ona 3 il həbs cəzası verib. Ancaq E.Mahmudov hesab edir ki, bu cəza həddindən artıq ağırdır. Dekabrın 2-də apellyasiya məhkəməsində də bu barədə danışıb. Deyib ki, ittiham olunduğu üç maddələrin üçündə də alternativ cəza – cərimə də nəzərdə tutulub.

Ancaq apellyasiya məhkəməsi də belə nəticəyə gəlib ki, ona verilən cəza ədalətlidir. Hökm təyin olunanda onun azyaşlı övladının olması, peşmanlığı, yaşayış yerindən müsbət xarakterizə olunması kimi hallar nəzərə alınıb, ona nisbətən yüngül cəza verilib. Ona görə də hökm dəyişdirilməyib.

XS
SM
MD
LG