Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:44

Gələcəkdə Azərbaycan iqtisadiyyatına nələr təsir edəcək?


Sənaye mənzərəsi: tütünü, kərə yağını xaricdən almasın deyə, Azərbaycan nələr etməlidir?
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

Sənaye mənzərəsi: tütünü, kərə yağını xaricdən almasın deyə, Azərbaycan nələr etməlidir?

Dünya Bankı "Azərbaycan – ölkə üzrə iqtisadi memorandum" adlanan hesabatını açıqlayıb. Bankın ekspertləri bu sənəddə Azərbaycan iqtisadiyyatı ilə bağlı əsas çağırışları təhlil edərək ölkənin dayanıqlı iqtisadi inkişafına dair təkliflərini bildiriblər. Qlobal iqtisadi meyllərlə bağlı problemlərə də toxunulub. Sözügedən ekspertlərin fikrincə, uzunmüddətli dövrdə Azərbaycanın inkişafına təsir göstərən əsas amillər qlobal iqtisadi mühitlə bağlı olacaq. Təbii ki, sual doğur: Bu qlobal trendlərin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

Dünya iqtisadiyyatı zəifləyir

Hesabatda toxunulan dörd qlobal iqtisadi tendensiyadan ilki dünya miqyasında potensial artımın geriləməsidir. İş burasındadır ki, pandemiyaya qədər də qlobal iqtisadiyyatda artıq 10 il idi ki, əhali artımının azalması, yaşlanması və yetərsiz yatırımlar nəticəsində potensial artım tempi azalırdı. 2019-cu ilədək qlobal potensial istehsal sahəsində artım 2.2 faizə düşmüşdü. Bu, 2000-ci illərin birinci onilliyində 3.3 faiz olan illik orta göstəricidən yetərincə aşağı nəticədir. 2008-ci ildən başlayaraq Avropa və Mərkəzi Asiya regionlarında məhsuldarlıq üçdə iki nisbətdə azalmışdı, Deməli, gəlişmiş və gəlişən ölkələri əhatə edən regionlarda ən ciddi azalma baş vermişdi. Belə azalmalar Azərbaycanla eyni bölgədə yerləşən əsas ticarət tərəfdaşlarından da yan ötməmişdi. Məsələn, son zamanlar Rusiyada məhsuldarlıq, demək olar, heç artmayıb, Türkiyədə isə qlobal maliyyə böhranı nəticəsində artım yarıbayarı aşağı düşüb.

Bu tendensiyanın Azərbaycana əsas təsirlərindən biri neft-qaz sənayesi ilə bağlı ola bilər. Axı dünyanın əsas inkişaf etmiş regionlarında və əsas ticarət tərəfdaşlarında iqtisadi artım tempinin azalması, təbii ki, neft və qaz resurslarına tələbatı aşağı salacaq. Azərbaycanın ticarət gəlirlərinin 90 faizdən çoxu məhz bu sektor hesabına formalaşdığından ölkənin enerji gəlirlərinin azalması istisnasız bütün iqtisadi proseslərə ciddi mənfi təsir göstərə bilər. Bu tendensiyanın sürməsi ölkənin enerji sektorunda kəşfiyyat işlərinə marağı da azalda bilər.

Dəyər zənciri ilə bağlı çağırışlar

Uzunmüddətli perspektivdə Azərbaycanın iqtisadi inkişafına təsir imkanı olan digər bir qlobal iqtisadi tendensiya qlobal dəyər zəncirlərindəki məhdudiyyətlərdir. Dünya Bankının araşdırmaları göstərir ki, qlobal dəyər zəncirinin formalaşmasında iştirak edən şirkətlər məhsuldarlıq sahəsində ciddi qazanc götürürlər. Axı qlobal dəyər zəncirinə qoşulmaqla əldə edilən 1 faizlik artım adambaşına gəliri 1 faizdən çox artıra bilər. Bu, standart ticarətdən əldə edilə biləcək faydadan beş dəfə daha yaxşı nəticədir.

Bu da vurğulanır ki, Azərbaycan şirkətlərinin, özəlliklə qeyri-enerji sektorunda fəaliyyət göstərən şirkətlərin qlobal dəyər zəncirində iştirakı ölkənin dayanıqlı iqtisadi inkişafına ciddi kömək edə bilər. Bu baxımdan, vacib amillərdən biri xarici investisiyanın ölkəyə gəlişi ilə bağlı cəlbedici mühit yaratmaqdır. Bu mühitin yaranmasından ötrü proqnozlaşdırıla bilən, səmərəli hüquqi və tənzimləyici şərait, ixtisaslı işçilər, vergilərin aşağı olması və fiziki infrastrukturun keyfiyyəti başlıca amillərdir.

Əməyin təbiəti dəyişir

Ölkələrin iqtisadi inkişafına təsir imkanı olan digər qlobal iqtisadi tendensiya əməyin təbiətcə dəyişməsi ilə bağlıdır. Son dövrlər iş yerlərində rəqəmsal texnologiyaların tətbiqi sabit şəkildə artmaqdadır. Bu baxımdan, artıq qlobal bazarlarda rəqabət aparmaq üçün aşağı xərcli işçi qüvvəsinə sahib olmaq yetərli deyil. Daha dayanıqlı iqtisadi inkişafa sahib olmaq üçün ixtisaslı işçi qüvvəsinin inkişafına ciddi tələb var. Bu baxımdan, qeyd etmək lazımdır ki, Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı diqqət çəkdiyi əsas məqamlardan biri məhz insan kapitalının inkişafına daha çox diqqət yetirməkdir. Hesabatda bu da qeyd edilir ki, yüksək ixtisaslı işçi qüvvəsinin formalaşması əlavə dəyər yaradan iqtisadi fəaliyyətə həvəsləndirir və daha dayanıqlı iqtisadi inkişafa yardım göstərir.

İqlim dəyişikliyi və enerji keçidi

İqlim dəyişikliklərinin həm ekosistem, həm də iqtisadiyyata təsirləri artmaqdadır. Bunun ortaya çıxardığı təsirlər yoxsulluğun artırır və iqtisadi artım tempini aşağı salır. Bu baxımdan, Dünya Bankının fikrincə, Azərbaycan iqlim dəyişikliklərinin təsirindən qurtulmaq üçün müxtəlif addımlar atmalıdır. Bu addımlardan biri karbon emissiyasından daha sürətli şəkildə imtina olunmasıdır. Azərbaycana qlobal istiləşməsi ilə bağlı problemlərin də təsir göstərdiyi vurğulanır. Bu təsirlər özünü havanın hərarətinin artmasında və Qafqazda buzlaqların əriməsində özünü göstərir. Bütün bunlar Azərbaycanın iqlim dəyişikliklərinə uyğunlaşma ilə bağlı fəaliyyət göstərməsini qaçılmaz edir.

Enerji keçidinə gəlincə, qeyd etmək lazımdır ki, neft və qaz ehtiyatlarının hasilatı iqtisadi cəhətdən daha az səmərəli olduqca, həmçinin əlavə kəşfiyyat üçün stimul azaldıqca, Azərbaycan risklərlə üzləşir. Bu risklərin təsirini azaltmaq üçün ölkəyə enerji səmərəliliyini artırmaq və bərpa olunan enerji mənbələrinə yönəlmə təklif edilir. Ancaq o da vurğulanır ki, bərpa olunan enerji mənbələrinə (külək və günəş kimi) üstünlük verməklə enerji keçidi təmin edilə bilər. Orta müddətdə keçid dövrü üçün təbii qaz sektorunun etibarlı enerji mənbəyi qismində çıxış etməsi, həmçinin ixracdan gəlir gətirməyə davam etməsi mümkündür.

XS
SM
MD
LG